Özünə doğru üzən gəmi Featured

Aynur İsmayılova,

“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi

 

Hər gecə üfüqə açılan gəminin limanıdır. Günəş doğmadan öncə qaranlıq sahillərdə yalnız dolaşarsan. Gah səmaya baxaraq qütb ulduzundan xəbər alarsan, gah küləyə qarışıb bütün ruhunla təslim olarsan, gah da dərin dalğaların arasında ahəstə-ahəstə addımlarla üfüqə boylanarsan.

 

Bu uzun yolçuluqda gəmini idarə edən kapitan sənsən. Sükan çarxını hansı tərəfə döndərsən, yolun da səni o istiqamətə aparacaq. Bir sözlə, bu gəminin Cek Sperrousu sənsən. Sükanı hara döndərsən, macəran da səni ora aparacaq.

Bu yolçuluqda qarşına hər şey çıxa bilər. Bəzən dəniz sakit qalacaq. Sanki dünya sənin üçün susub. Bəzən dalğalar yolunu çaşdıracaq, səni sağa-sola sürükləyəcək, yolunu dəyişməyə məcbur edəcək. Bəzən isə sahildə dayanıb geri qayıtmaq istəyəcəksən. Çünki bilmədiyin yollar insana həmişə çətin görünər.

Amma unutma, bu yolda sən sadəcə bir yolçu deyilsən. Gəminin kapitanısan. Kapitan sakit havalarda yox, fırtınalarda tanınır. Sükanı möhkəm tutduğun, qorxuna baxmayaraq yoluna davam etdiyin hər an səni olduğun sənə bir az daha yaxınlaşdıracaq.

Bu yolda arxada qalanlar da, səninlə bərabər üzənlər də olacaq. Gedənlər həyatı daha aydın göstərəcək, qalanlar isə yolunu işıqlandıracaq. Bütün bunların sonunda sükan yenə sənin əlində olacaq. Və sən bir gün üfüqə baxıb anlayacaqsan ki, bütün yolçuluq boyunca sən, əslində, özünə doğru üzürmüşsən.

 

“Ədəbiyyat və incəsənət”

(01.09.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.