Elman Eldaroğlu,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Heç bilmirəm, məndən yaşlısınız, yoxsa cavan. İcazə verin, Allaha “Sən” deyə müraciət etdiyim üçün, sizə də “Sən” deyə müraciət edim. İstəmirəm, səmimiyyətimə bəzək vurub rəsmiləşdirim. Bilirəm, yazdıqlarımı oxuyub dodaqların qaçacaq, çöhrənə təbəssüm qonacaq, az da olsa sevinəcəksən. Və bu sevincin gücündən bir parça dönüb özümə qayıdacaq və mənə də sevinc yaşadacaq. Axı, Nyutonun üçüncü qanunu- təsir əks təsirə bərabərdir- adlanır...
Hansı ildə, həftənin hansı günündə dünyaya gəldiyindən xəbərsizəm, amma avqustun 28-də doğulduğunu bilirəm. Deməli, Günəşə ən yaxın olan Merkuri planetinin təsiri altındasan. Nizam və diqqətinlə ətrafdakıları özünə cəzb edə bilirsən. Güclü, iddialı, uğurlu, bir az da vasvası xanımsan. Səni zəka və gözəlliyin təsir edici kombinasiyası adlandırmaq da olar. Olduğun mühitdə ağıllı və məntiqi hərəkətlərinlə seçilirsən. Bunlarla yanaşı, zəhmətkeş və yardımsevər xarakterinlə daim ətrafdakıların rəğbətini qazanmağı bacarırsan. İstəsən bir neçə müsbət xüsusiyyətlərini də söyləyə bilərəm. Məsələn, praktik zəkan vasitəsilə problemlərin həllini dərhal tapa bilirsən. Həyatını planlaşdırmağı xoşlayırsan. Zərif və həssas ruhun var. Hər şeyə məntiqlə yanaşmağa çalışırsan. Məğrursan, Sənə uduzmaq anlayışı yaddır. Odur ki, uğursuzluğu heç cürə qəbul edə bilmirsən. Və həm də özünə çox əminsən. Əgər söz verdinsə, həmin işi mükəmməl şəkildə sona çatdırmağı sevirsən. Xoş niyyətindən istifadə edənlərə isə nifrət edirsən...
Nə isə, səhv etmirəmsə bir dəfə yazmışdın ki, mənim də ata-baba yurdum olan, sözü üzə deməyi bacaranların, mərdlərin yurdu Yardımlının gəlinisən. Yeni yaşın mübarək, gəlinbacı! Qoy adını da çəkim ki, kimlə danışdığımı hamı bilsin- Narıngül Nadir və ya Narıngül Babayeva.
“Ədəbiyyat və incəsənət”
(31.08.2026)


