Gül yetişdirən adam Featured

Fariz Əhmədov,

“Ədəbiyyat və İncəsənət” portalının Naxçıvan təmsilçisi

 

Nahardan sonra yenə ürəyimin ayaqları həmişəki yolla məni işə aparırdı. Hər gün keçdiyim, artıq gözümün öyrəşdiyi küçələr, binalar, ağaclar, işə tələsən adamlar. Hər şey öz yerində idi. Elə bilirdim ki, bu yolun mənə göstərə biləcəyi yeni heç nə yoxdur. Atabəy yadigarının qarşısından keçəndə gözümə sanki sol tərəfdə gül maşını sataşdı. Əvvəlcə nə olduğunu tam anlamadım. Ani çevrilib baxdım. Nə görsəm yaxşıdır? Sağ tərəfdə park edilmiş bir velosiped və onun hər tərəfində açmış güllər. Bir anlıq dayandım. Baxdım. Sonra bir də baxdım…

 

Adi bir velosiped idi. Amma onu adi olmaqdan çıxaran bir insan yaşayırdı bu şəhərdə. Sükanında, çərçivəsində, demək olar ki, hər yerində güllər açmışdı. Küçədə yola söykənən balaca baxçanı xatırladır bu mənzərə.  Sanki kimsə şəhərin tündlüyünün, bozluğunun, tələsikliyinin, insanların bir-birinə fikir vermədən ötüb keçməsinin ortasına bir ovuc rəng səpmişdi.

Bu mənzərəni hələ ilk dəfə türkiyəli müğənni Rafet El Romanın klipində görmüşdüm. O vaxt ekranda gördüyüm bu görüntü mənə çox xoş gəlmişdi. Sonra xarici ölkələrdə bu mənzərənin dəfələrlə şahidi olmuşdum. Amma illər sonra həmin mənzərənin Naxçıvanda tamamilə real şəkildə qarşıma çıxacağını heç düşünməmişdim. Qəlbim dağa dönmüşdü bu möhtəşəm mənzərənin qarşısında. Mənə elə gəlirdi ki, bu güllərin arxasında çox incə, çox həssas və gözəlliyi görməyi bacaran bir ürək var. Öz-özümə düşündüm: Görəsən, bu velosipedin sahibi kimdir? Ağlıma nədənsə yaşıllaşdırmanın işçiləri gəldi. Bəlkə onların velosipedidir? Bəlkə hər səhər işə gələndə bu velosipedi həmin güllərlə bəzəyir? Hansından soraq aldımsa, “Mənim deyil”, - dedi.

Heç kim hər gün vaxt ayırıb bir yeri gözəlləşdirmir, əgər içində gözəlliyə qarşı böyük bir sevgi yoxdursa. Biz bəzən elə düşünürük ki, xoşbəxtlik mütləq böyük bir şey olmalıdır. Halbuki bəzən xoşbəxtlik küçənin kənarında dayanmış bir velosipedin üstündə açan bir neçə güldən ibarətdir o an üçün. Şəkillərini çəkib yola düzəldim. Fəqət ürəyimin bir hissəsi həmin velosipedin yanında qaldı. Yol boyu üzüm gülürdü. Özüm də bilmədən bir neçə dəfə çəkdiyim şəkillərə baxdım.

Deyirəm Nə yaxşı ki, hələ də küçənin ortasında heç kimdən heç nə gözləmədən gözəllik yaradan adamlar yaşayır. Nə yaxşı ki, bu qədər tələsdiyimiz, bir-birimizin üzünə baxmağa belə vaxt tapmadığımız dünyada kimsə təbiətin şəklini çəkə bilər, Nə yaxşı ki, yanımızdan keçən, amma tanımadığımız insanların içində neçə-neçə gözəl hekayə var. Nə yaxşı ki, bu dünyada gözəlliyi sevən insanlar var. Ürəyi hələ də incəlikdən, sevgidən, güldən, yaşıllıqdan zövq alan insanlar var. Və nə yaxşı ki, var.

 

“Ədəbiyyat və incəsənət”

(27.08.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.