Fariz Əhmədov,
“Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi
Bir səhər Günəş hər kəsin evinin üzərindən doğaraq ən uca zirvədən özünü yerə atmaq qərarına gəldi. İstəyirdi ki, içindəki sevgini, istiliyi, mərhəməti yer üzərinə yaysın. Artıq Günəş qərar vermişdi. Hər kəsin evinə damdan yox, pəncərədən düşəcəkdi...
O günlərdə mən çox tək idim. Tanışım çox, dostum az idi. Eyni dildə danışıb bir-birimizi başa düşmədiyimiz insanlarla sarmaş-dolaş yaşayırdıq. Danışdıqca azalır, azaldıqca yox olurduq.
Həmin Günlərdə Günəş yerə enməyə qərar versə də, mən də göylərə daşınmağa qərar vermişdim. Birimiz aşağı, birimiz yuxarı. Amma və lakin Günəş məndən cəld tərpənib məni bir neçə saniyə qabaqlamışdı.
Elə qanad açırdım ki uçam, birdən hər yer nura boyandı. Dünya boyda işıq saçan o nur balacalaşıb… lap balacalaşıb körpə barmağına dönərək əllərimi tutdu… O gündən mənim həyatım sadəcə bu əllərin istisi ilə qızınıb ruhum yerdə aramlıq tapdı.
İndi o Günəşin 11 yaşı olacaq. O mənim həyatımın Günəşidir. O mənim ömrümün Günəşdiri. O mənim qəlbimin aynasıdır. Biz onunla sözlə yox, hisslə danışır, bir-birimizi elə anlayır, bir-birimizi elə sevirik ki. Heç kəsin mənə deyə bilmədiyi sözü o mənə deyir, o məni ovsunlayır, o məni sakitləşdirir, o məni mən edir.
Nə yaxşı ki, varımsan Günəşim. Daima qəlbimi işıqlandırdığın üçün sonsuz təşəkkürlər səni yaradana.
Doğum günün mübarək, qızım!
“Ədəbiyyat və incəsənət”
(21.08.2026)


