Zibil atmaq üçün zəhmət çəkib çimərliyə gələnlər Featured

Fatimə Məmmədova,

"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi

 

Yay gələndə hamımız bir az dəniz havası almaq, sərinləmək, ailəmizlə və dostlarımızla vaxt keçirmək üçün çimərliklərə üz tuturuq. Amma bəzi çimərliklərdə bir neçə saatlıq istirahətdən sonra ortaya çıxan mənzərə heç də xoş deyil. İnsanlar gəlir, oturur, yeməyini yeyir, içkisini içir, dənizə girir, şəkil çəkdirir və gedəndə arxasında nə qoyub getdiyinə çox vaxt heç baxmır. Qumun üstündə boş butulkalar, plastik qablar, paketlər, salfetlər, yemək qalıqları qalır...

 

Bir az kənara baxırsan, başqa yerdə də eyni vəziyyətdir. Sanki insanlar çimərliyə istirahət etməyə yox, öz zibillərini qoyub getməyə gəlirlər. Hətta çox vaxt zibil qutusu da elə uzaqda olmur. Amma insan oturduğu yerdən qalxıb bir neçə addım ataraq tullantısını ora atmağa ərinir. Boş butulkanı qumun üstünə qoymaq, paketi yanına atmaq daha asan gəlir. Sonra da heç nə olmamış kimi durub gedir. Bəs həmin yerdə bir az sonra başqa bir insan oturmayacaq? Uşaqlar o qumun üstündə oynamayacaq? Niyə sizdən sonra gələn insan sizin tullantılarınızın arasında oturmalı, ayağının altında plastik butulka hiss etməlidir?

Bəzən belə bir fikir eşidirik: “Onsuz da təmizlik işçiləri yığacaq”. Yığacaq, bəs niyə yığmalıdır? İnsan özündən sonra qoyduğu zibili özü götürə bilməz? Təmizlik işçisinin də işi, zəhməti var. Bir insanın bir neçə saniyəyə yerə atdığı zibilə görə başqa biri saatlarla işləməli olur. Əgər hər kəs öz tullantısını özü toplasa, çimərliyi təmiz saxlamaq da bu qədər problem olmaz.

Bir də “bir dənə butulkadan nə olacaq?” deyənlər var. Əslində bütün problem də elə bu düşüncədən başlayır. Bir nəfər bir butulka atır, başqası bir paket, digəri yemək qabını qoyub gedir. Onlarla, yüzlərlə insan eyni şeyi edəndə həmin “bir dənələr” birləşib böyük bir zibilliyə çevrilir. Sonra da insanlar çimərliyin niyə çirkli olduğundan narazılıq edirlər. Məsələnin başqa tərəfi də var. Çimərlikdə uşaqlar oynayır. Ayaqyalın qumun üstündə qaçırlar, əlləri ilə quma toxunurlar. Qumun arasında şüşə qırığı, iti əşya və ya başqa tullantının olub-olmadığını uşaq haradan bilsin? Böyüklər isə bir tərəfdən uşaqlarını qorumağa çalışır, digər tərəfdən həmin çirkliliyin yaranmasına özləri səbəb olurlar. Bu, bir az düşünməli olduğumuz məsələdir.

Əslində çox şey tələb olunmur. Çimərliyə gedəndə yanımıza bir zibil torbası götürmək, istifadə etdiyimiz qabları və butulkaları ora yığmaq kifayətdir. Gedəndə də həmin tullantıları zibil qutusuna atmaq olar. Cəmi bir neçə dəqiqə vaxt aparır. Amma bunun əvəzində həm özümüzə, həm də bizdən sonra həmin yerə gələcək insanlara hörmət etmiş oluruq. Təəssüf ki, “mən atım, onsuz da kimsə yığacaq” düşüncəsi hələ də var. Halbuki hər kəs bir dəfə özündən sonra qoyduğu zibilə baxıb düşünməlidir: “Bunu mənim uşağım, ailəm, dostum gəlib burada görsəydi, xoşuma gələrdimi? Dəniz hamımızındır, sahil hamımızındır. Heç olmasa, hamının istifadə etdiyi bir yerə hamımız bir az hörmət edək...

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.