(QƏŞƏM İSABƏYLİNİN 78 YAŞI MÜNASİBƏTİ İLƏ)
Coşqun Xəliloğlu,
Azərbaycan Yazıçılar Birliyinin üzvü.
“Ədəbiyyat və incəsənət”
Zaman hər şeyi dəyişir — binalar sökülür, küçələrin siması yenilənir, amma bəzi məkanlar var ki, onlar daş divarlardan ibarət deyil, bütöv bir tarixin, ədəbi mühitin beşiyidir. Mənim üçün belə unudulmaz ünvanlardan biri Badamdar şosesi, 77-də yerləşən “Şirvannəşr” idi.
3 nömrəli avtobusa əyləşib “İçərişəhər” metrosu yaxınlığındakı dayanacaqdan Badamdar qəsəbəsinə gedirdim. Bəzən sürücü elan edirdi: “Nəşriyyatda düşənlər hazırlaşsınlar”. Bəzən də maşını nəşriyyatın qarşısında saxlamağı sürücüdən özüm xahiş edirdim.
“Şirvannəşr”ə o zamanlar həftədə ən azı iki dəfə gedirdim. Qapını çox vaxt nəşriyyatın direktoru özü açar, hörmətlə görüşüb əyləşmək üçün yer göstərərdi. Tanınmış şair Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Qəşəm İsabəylinin otağında əyləşib onunla söhbət etmək olduqca xoş idi. Bir vaxtlar görüşməyi belə xəyal hesab etdiyim olduqca təvazökar insanı, istedadlı qələm adamını, yüksək intellektli vətənpərvər ziyalını dinləməkdən zövq alırdım. Lakin hər dəfə müşahidə edirdim ki, onun işləri, nəşriyyatın sifarişləri həddindən artıq çoxdur. Nəşriyyatın əməkdaşları ciddi-cəhdlə Qəşəm müəllimin tapşırıqlarını yerinə yetirir, çətinliyə düşəndə isə kömək üçün ona müraciət edirdilər. Hiss edirdim ki, burada yüksək səviyyədə nizam-intizam hökm sürür, hər kəsin öz məsuliyyəti, öz vəzifə borcu var.
Q. İsabəyli o vaxtlar təsisçisi olduğu respublikamızda ilk özəl uşaq qəzeti “Cik-Cik”i də nəşr edirdi. Cəmi dörd səhifədən ibarət olan bu qəzet uşaqların, xüsusilə də kiçikyaşlı məktəblilərin maariflənməsi üçün kifayət qədər faydalı materiallarla zəngin idi. Qəzetdə mənim də yazılarım dərc olunurdu. Azərbaycanın o dövrdə tanınan şair və yazıçılarının əksəriyyəti qəzetdə şeir və hekayələri ilə həvəslə çıxış edirdilər.
Qəşəm müəllim mənim qohumumdur. O, mənə qayğı və diqqətlə yanaşır, daha çox oxumağı, öyrənməyi tövsiyə edirdi. Bir müddətdən sonra mən sanki “Şirvannəşr”in qeyri-rəsmi əməkdaşı idim.
Qəşəm müəllimin uzunmüddətli redaktorluq təcrübəsi, əvvəllər “Yazıçı” və “İşlq” nəşriyyatlarında redaktor, “Şur” nəşriyyatında isə direktor kimi çalışması, zəngin və məhsuldar yaradıcılığı və ən başlıcası yüksək insani keyfiyyətləri və mədəniyyəti yeni yaranmış nəşriyyatı kitab müəllifləri və yaradıcı insanlar üçün ən sevimli məkana çevrirmişdi.
Bir dəfə nəşriyyatın həyətində Qəşəm müəllimin böyük poetik istedada malik Xalq şairi Məmməd Arazı yola saldığını gördüm. Qüdrətli söz ustasını, xalqın sevimli sənətkarını qısa müddət ərzində görmək və ona ürəklə salam vermək xoşbəxtliyi mənə də qismət oldu. O vaxt şair xəstə idi. Buna baxmayaraq, çöhrəsində bir sevinc hissi duyulurdu. İndi, uzun illər keçəndən sonra, təəssüflənirəm ki, Məmməd Arazı gördüyüm gün haqqında nə üçün qeydlər aparmamışam?
Günlərin birində nəşriyyatda böyük şairmiz Qabillə rastlaşdım.. Kitabını çap etdirmək üçün gəlmişdi. Ona “Mirzə” deyə müraciət edən Qəşəm müəllimlə şirin-şirin söhbət edir, arabir səsini qaldıraraq kiminsə nöqsanını uca səslə qeyd edirdi. Aradan xeyli vaxt keçmişdi, Qəşəm müəllimin otağında əyləşib hansısa kitabı varaqlayırdım. Bir azdan yazıçı Teyyub Qurban gəldi. O, “Düşmənlərindən güclü şəxsiyyət” kitabını çap etdirirdi. Qəşəm müəllimlə görüşüb hal-əhval tutduqdan sonra mənimlə salamlaşanda birdən: “Allah rəhmət eləsin!” – dedi. Mən duruxdum. Axı, yaxın vaxtlarda heç bir yaxınımı itirməmişdim. Şair Qabil isə dünyasını yenicə dəyişmişdi. Qəşəm müəllim tez söhbəti başa düşüb:
– Teyyub müəllim, Mahir deyil, Coşqundur. Coşqun bizim müəllifimizdir, – dedi.
Nədənsə, Teyyub müəllim məni Mahir Qabiloğluna oxşatmışdı.
Ədəbiyyatımızın söz zərgəri Fikrət Sadıqla da ilk dəfə “Şirvannəşr”də görüşüb tanış olmuşam. 2000-ci illərin əvvəlləri idi. O, “Şirvannəşr”in çap məhsullarını araşdırdıqdan sonra yeni kitabını nəşr etdirmək üçün məhz bu ünvanı seçmişdi. Söhbət əsnasında belə nəticəyə gədim ki, F. Sadıq Qəşəm müəllimin iş üslubunu və naşirlik fəaliyyətini çox bəyənir. Hətta istedadlı şair nəşriyyatın fəaliyyətini, şirin və incə bir dillə işıqlandıraraq “Şirvannəşr” adlı gözəl bir şeir də qələmə almışdır.
“Şirvannəşr”, “Şirvannəşr”,
Əvvəli şir, axırı şir.
Xeyli təzə nəşriyyat
Salanda haray-həşir,
“Şirvannəşr” iş görür,
Gecə-gündüz əlləşir.
Kitab kitab dalınca
Daha da gözəlləşir.
Bura ocaq olubdur,
Hamı burda görüşür.
Yadımdadır, hələ o zaman şair istedadsızların özlərini “şair”, “yazıçı” kimi təqdim etmələrindən, qüdrətli, tanınmış sənət adamları ilə şəkil çəkdirmələrindən, yeri gəldi-gəlmədi müxtəlif tədbirlərdə pafosla çıxış etmələrindən danışaraq narahatlığını bildirirdi. Fikrət Sadıq mənimlə də bir az söhbət etdi. Əvvəllər şair bir müddət Kürdəmirdə yaşamışdı. Yaxın qohumlarından xeyli hissəsi də hazırda orada yaşadıqlarından ortaq tanışlarımız haqqında söz açmaq söhbətimizi daha da şirinləşdirirdi. Mən Azərbaycan Neft və Kimya İnstitutunda təhsil aldığım dövrdə ali məktəbin tələbə şəhərciyindəki “Dostluq” klubunda tələbələrin onun da iştirak etdiyi bir qrup şairlə keçirilən görüşü xatırlamaqla da şairi sanki keçmişə apardım.
2012-ci ildə “Sabaha yol gedirik” kitabım çapa hazırlanırdı. Əvvəlcədən danışıb Qəşəm müəllimlə görüşmək üçün nəşriyyata getdim. Ora çatanda axşam saat səkkizə az qalırdı. May ayının sonları idi. Qəşəm müəllim məni qarşılayıb nəşriyyatın həyətinə apardı. Özünün əkib- becərdiyi tut ağacını göstərib: “Nə qədər ürəyin istəyir, ye”, – dedi. Tut olduqca dadlı idi, şirinliyindən ağıza qoymaq olmurdu. Biz tut yeyə-yeyə Qəşəm müəllim Səməd Vurğunun Süleyman Rüstəmgilə qonaq getməsindən, yolüstü ağaca çıxıb tut yeməsindən, uşaqların şairi tanımamalarından və şair özünü təqdim edəndə ona inanmayıb gülüşmələrindən bəhs edən maraqlı bir əhvalat danışdı.
Nəşriyyatda olmaq mənim üçün çox maraqlı idi. Uzun illər keçəndən sonra düşünürəm ki, orada olan saf mənəvi mühit, ədəbiyyat havası və səmimi ünsiyyət məni ora çəkirmiş.
“Şirvannəşr”ə təkcə paytaxtdan deyil, həm də bölgələrdən kitablarını çap etdirmək üçün müəlliflər gəlirdilər. Naxçıvandan gəlmiş şair Vaqif Məmmədovla da burada görüşmüşdüm. O, mənə haqqında yazılmış “Vaqif Məmmədov – ömür yolu” kitabını da avtoqraf yazaraq təqdim etmişdi. Sonradan mən də ona “Sabaha yol gedirik” kitabımı göndərdim. Zəng edərək oxuduğunu bildirdi və mənə uğurlar arzuladı.
Gənc xanım əməkdaşın, “Qəşəm müəllim iş dalınca gedib, bir saatdan sonra gələcək. İçəridə gözləyə bilərsiniz.” – xəbərdarlığından sonra, Şəkidən gəlmiş, “Şeirlərindən kövşən iyi gələn” istedadlı şair-tərcüməçi Namizəd Xalidoğlu ilə – Qoca Xalidlə tanış olmağım, söhbət etməyim bizə bir saatın necə keçdiyini unutdurdu. Kürdəmirin Mollakənd kəndindən olduğumu biləndə çöhrəsi sanki işıqlandı: “Tərcümeyi-halımda qeyd etməsəm də, mən əvvəllər Politexnik İnstitutunda oxumuşam, amma başa vurmadım. Tələbəykən bizi yay tətilində Tələbə İnşaat Dəstəsinin tərkibində orta məktəbin tikintisində işləmək üçün Mollakənd kəndinə göndərdilər. İki ay orada işlədik. Havalar isti olsa da, günlərimiz maraqlı və şən keçirdi. Kənd camaatı bizə səbət-səbət meyvə gətirirdi. İşdən sonra Kür çayının sahilinə gedirdik. Çimən çimir, çimməyən də əl-üzünü yuyur, ayaqlarını suya sallayırdı. Çayın sahilindəki Tuğay meşəsi adamın qəlbini rahatlandırırdı”. O, mənə yadında qalan bəzi həmkəndlilərimin adını dəqiqləşdirmək üçün suallar verir, mən də cavablandırırdım. Həyatının bir parçası olmuş köhnə xatirələri təzələdikcə elə sevinirdi ki...
Şair Fəzail Bağmanlı Kürdəmirin Bağman kəndindən olsa da, onunla ilk və sonuncu dəfə “Şirvannəşr”də görüşdüm. Qiyabi tanış idik. Atam müəllim-jurnalist Xəlil İbrahimlini də yaxşı tanıyırdı. Hər ikisi ədəbiyyat müəllimi və eyni zamanda yaradıcı insan idi. Mənimlə uzun illərin dostu kimi, elə mehribanlıqla, elə səmimiyyətlə görüşdü ki... Bir qədər söhbət də etdik. Yeni kitabını çap etdirmək üçün Qəşəm müəllimlə məsləhətləşirdi.
Ucaboylu insan, görkəmli şair-yazıçı, Əməkdar incəsənət xadimi Yusif Həsənbəyli ilə də yollarımız “Şirvannəşr”də kəsişib. Yadımdadır, dəniz gəmiçilərinin həyatından bəhs edən iri həcmli “Sualtı döyüşlər” romanını yazmışdı. Qəşəm müəllimlə kitabın müzakirəsi o qədər uzun çəkdi ki, axşama yaxınlaşdığından və hava qaraldığından mən üzrxahlıq edib onlardan ayrıldım.
Əməkdar incəsənət xadimi, professor, sevimli bəstəkarımız Oqtay Rəcəbovla da qısa vaxt ərzində həmsöhbət olmuşdum. Sözləri Qəşəm müəllimə məxsus olan və Oqtay müəllimin uşaqlar üçün bəstələdiyi “Çörək haqqında mahnılar” kitabı nəşrə hazırlanırdı.
“Ədəbiyyat” qəzetinin məsul katibi, yazıçı Atabala İsmayıloğlu ilə tanışlığımın təməli də “Şirvannəşr” də qoyulmuş, yazıçı Rafiq Tağını, əvvəllər Azərbaycan Dövlət Universitetndə məsul vəzifələrdə işləmiş, təqaüdə çıxandan sonra şairlik istedadını qəzəl janrında sınayan Təbriz Aranlını da da bu məkanda görmüşdüm
Bir dəfə Qəşəm müəllimə istedadlı şair, uşaq ədəbiyyatının tanınmış nümayəndəsi Mir Sabir zəng elədi. Onun “Cik-Cik” qəzetində bir-birindən maraqlı şeirləri çıxırdı. Şair növbəti nömrəsinin nəşrinin gecikməsindən nigaranlığını bildirərək qəzetin nə vaxt çıxacağını öyrənmək istəyirdi. Qəşəm İsabəyli hörmətli şairi intizarda qoymayaraq qəzetin yaxın vaxtlarda işıq üzü görəcəyini bildirdi.
Yeri gəlmişkən qeyd edim ki, “Cik-Cik” qəzeti çap olunduğu dövrdə sözün həqiqi mənasında həm uşaqların və həm də böyüklərin sevimlisinə çevrilmişdi. Atam Xəlil İbrahimli 1995-ci ildə Kürdəmirin ədəbi qüvvələrinin yaradıcılığından ibarət “Çörəkli Kürdəmir, Şeirli Şirvan” almanaxını tərtib etmiş və bu almanaxı Qəşəm müəllim öz vəsaiti hesabına çap etdirmişdir. Atam danışırdı ki, Qəşəm müəllimlə kitabı müzakirə edərkən telefon zəng çaldı, səs otaqda aydın eşidilirdi. Xalqımızın sevimlisi, vətənpərvər ziyalısı, Xalq şairi Bəxtiyar Vahabzadə özünü təqdim edəndən sonra Qəşəm müəllimə uşaqlar üçün gözəl və çox lazımlı bir qəzet buraxdığına görə təşəkkür etdi. Dedi ki: “Oxudum, çox yaxşı, maraqlı materiallar var. Nəvələrimin də xoşuna gəldi. Xeyirxah işlərinizdə Sizə uğurlar arzulayıram.”
Yuxarıda demişdim ki, Qəşəm müəllim mənə həmişə qayğı göstərib. Uzun illər ərzində Qurban bayramında o, mənə bayram sovqatı verərdi. Hətta bəzən o, adi vaxtlarda da qurban kəsdirər, bütün işçilərinə bərabər paylayardı. Özünə heç zaman artıq pay götürməzdi. Qurbanlıq heyvanın kəsilməsini özünə yaxın bildiyi, təmizkar, zəhmətkeş, halal insan, naxçıvanlı şair Heydərəli Nurala etibar edərdi.
İllər keçir, hər şey dəyişir, bəzən inkişafın, bəzən tənəzzülün şahidi oluruq. Amma zamanın sınağından çıxaraq yaddaşımızda qalan hansısa məkanla bağlı xatirələr həmişə şirin olur. Gec-gec də olsa yolum Badamdar qəsəbəsinə düşəndə, Badamdar şosesi 77 ünvanındakı o çoxmərtəbəli binanın yerində gözlərim ani də olsa “Şirvannəşr”i axtarır. Bu bina isə çoxdandır ki, yoxdur. O, artıq yalnız xatirələrdə, yaddaşlarda yaşayır. Amma Qəşəm İsabəylinin yaratdığı və naşiri olduğu “Şirvannəşr” bu gün də fəaliyyət göstərir, kitablar nəşr edir.
Avqust ayının 14-də Qəşəm İsabəylinin dünyaya gəldiyi gündür, onun 78 yaşı tamam olur. Altmış il ədəbiyyatımıza yorulmadan xidmət edən yazıçını indiyə kimi 40-dan artıq kitabı işıq üzü görmüşdür. Əsərləri dünyanın müxtəlif dillərinə tərcümə olunaraq İngiltərədə, Rusiyada, Türkiyədə, Ukraynada, Belorusiyada, Qırğızıstanda nəşr olunub. Həm uşaqlar və həm də böyüklər üçün yazan Qəşəm İsabəyli 1989-cu ildə keçirilən “İlin ən yaxşı uşaq kitabı” müsabiqəsində ikinci yeri tutmuş, aldığı 500 manat mükafatı 20 Yanvar Şəhidlərinin xatirəsinə ucaldılacaq abidə fonduna köçürmüşdür. 2014-cü ildə Dünya Uşaq və Gənclər Kitabı Şurası tərəfindən Beynəlxalq Andesen Şərəf Diplomuna, 2015-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyinin “Qızıl Kəlmə” mükafatına layiq görülmüşdür.
Qəşəm müəllim bu gün də yorulmadan, gənclik həvəsi ilə, yazır, qoşa qanad kimi – həm nəsrlə və həm də nəzmlə yeni-yeni gözəl əsərlər yaradır. Onun özünəməxsus, sehrli yaradıcılığı haqqında kifayət qədər yazılmışdır. Mən də həm həyatda və həm də yaradıcılıqda səmimiyyəti ilə fərqlənən sevimli yazıçımızı bir oxucu kimi doğum günü münasibəti ilə təbrik edir, ona möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzu edirəm!
“Ədəbiyyat və incəsənət”
(11.08.2026)


