Fərqinə vardım ki, o qədər də yaxşı biri deyiləm Featured

Aytən Ağasıyeva,

“Ədəbiyyat və incəsənət”

 

-         Yoo, belə baxanda  o qədər də pis birinə oxşamırsan, məsumluq hələ də qalıb üzündə .

-         Sən özünü yaxşı insan hesab edirsən?

-         Bəli, kimə nə pisliyim toxunub ki?

-         Bir vaxtlar mən də elə düşünürdüm. Ama sonra fərqinə vardım ki, o qədər də yaxşı biri deyiləm.

 

Bu səs, bu söhbət külək təbiətin füsunkar gözəlliyini öpəndə də, gecə ayın gözəl siması ilə danışanda da, səhər günəşi qarşılayanda da, film izləyəndə də, kitab oxuyanda da, musiqiyə qulaq asanda da, ev işləri görəndə də məni tək buraxmırdı.

Son vaxtlar köklü dəyişiklik edirdim həyatımda.. sanki bu dəyişiklik bir alət olmuşdu əlimdə.. O alətlə birlikdə yol alırdım.. Çıxdığım yolda risk də edirdim, peşman da olurdum, düşürdüm, qalxırdım.. Son vaxtlar heç vaxtların içində hər zamanlar yaşayırdım.

İndiyə kimi inandığım nə varsa bütün hamısını bal arısı hesab etdiyim eşşək arıları dişləyib deşik deşik etmişdi sanki.

İnsanın ən böyük səhvi özünü olmadığı kimi görməsidir.

İnsan tanıyıram özünü quyudakı Yusif zənn edir. Ətrafındakı insanları həmişə ona pis niyyətlə yaxınlaşan ögey qardaşları kimi görür.

İnsan tanıyıram işi gücü yozmaqdır elə.. Danışırsan yozur, susursan yozur, seçimi ona buraxırsan yenə yozur..

İnsan tanıyıram qırxa yaxın yaşı var, reaksiyasız biridir, özünü mükəmməl hesab edir, istədiyi insanla istədiyi anda əlaqəni kəsir istədiyi anda davam edir. Özünü mərkəzə qoyub, həyatını yaşayır. Empati duyğusundan məhrumdu. Ama sosial şəbəkələrdə paylaşımlarına baxırsan , oxuyursan düşünürsən ki bundan dərin bundan anlayışlı insan yoxdu..

Bir sual düşündürür bu an məni: Görəsən sosial şəbəkələrdəki insanların yaratdığı öz həqiqətən də öz xarakterlərinin göstəricisi ola bilər? Sosial şəbəkə elə bir ölçüdür ki bir insanı tanıya biləsən?

İnsanlar xarakterlərini görəndə vizual olaraq heyran olacağımız koleydeskop şəklində göstərirlər bizə.. Bu göstərilən öz də bir özdü ama başqa ritmdə hərəkət edir.

Burda insanın özü ilə savaşı harda başlayır, döyüşü harda bitir? İnsan neqativ duyğularla dolu olan bir qəlblə, böyük qara dəliyi olan bir ruhla yaşaya bilərmi?

İnsanın niyyəti bəlkə də xarakterinə geyindirdiyi ən önəmli paltardı.

İnsanlar dəyişkən olduğu üçün onlar haqqındakı fikirlərim də dəyişkəndi. Bəlkə də illər sonra niyyətin o qədər də önəmli olmadığını düşünəcəm ama mənə görə indi niyyət çox vacibdi. Niyyət qarşındakı insanın sənə baxışı və yanaşmasıdı.

Niyyət oraq kimidir, illərin bağlılığını bir anda kəsib atar, qəbimizdəki xoş duyğuların, xatirələrin yerini boş buraxar. Birlikdə ağlayıb, dərdini böldüyün insanlar illər sonra sənin mesajına cavab verməyə bilər. Ya da təsadüfən hardasa görəndə bir “salam” qədər uzaq olarsan ona...

Düşünürəm ki həyatımıza daxil olan insanlar o ankı sən üçün “ideal”-dır. Necə ki nəfəs almamaq əlimizdə deyil, necə ki nəfəs aldığının fərqində olduğun zaman belə onun qarşısını ala bilmirsən ideallaşdırmağı da kənara ata bilmirsən.

Bəlkə də çərənçilik edirəm ama bu belədir. İdealımız da olduğun andakı sənə görə dəyişir. Bu gün başqa birini ideal olaraq görürsən, sabah başqasını. Dünənkinin sehri artıq dünəndə qalır. Çünki sən dəyişmisən.

Hər dəfə sonradan qarşımıza çıxan, həyatımıza daxil olan insanlar əlimizdən çıxıb gedən şeyləri xatırladan bir televizor olur. İzlədiyin zaman baş qəhrəman dəyişmir, həmişə özün olursan ama eyni qalmırsan.. Hər bölümdə özünü yaxşı insan hesab etmisən, haqlı hesab etmisən. Bəs görəsən izləyənə görə necə birisən? Ya da ətrafındakılara görə?

Sən də özünü yaxşı insan hesab edirsən?

Bir vaxtlar mən də elə düşünürdüm. Ama sonra fərqinə vardım ki o qədər də yaxşı biri deyiləm.

 

“Ədəbiyyat və incəsənət”

(07.08.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.