“Elə olub, Kəsəmənli soyadı mənə qapılar açıb, elə də olub, bağlayıb” - MÜSAHİBƏ Featured

Səma Muğanna,

“Ədəbiyyat və incəsənət”

 

Həmsöhbətim Azərbaycannın ən görkəmli şairlərindən biri, məhəbbət poeziyasının zirvəsi olmuş Nüsrət Kəsəmənlinin övladı,  Bakı Bələdiyyə Teatrının aktyoru Rəşad Kəsəmənlidir.

 

1. Rəşad bəy, atanızla bağlı uşaqlığınızda, ya da gənclik illərinizdə ən yadda qalan xatirəniz?

 

Atamla bağlı çox xatirələrim olub. Ən yadda qalanlardan biri isə uşaqkən şeirlər yazırdım, getdikcə bu həvəs daha da çoxaldı, indi də şeir yazmaq mənim üçün mənəvi qidadır. 12 il bundan öncə şeirlər kitabım çap olunub. Atama şeirlərimdən birini göstərdim, çox bəyəndi, hətta şeirimdəki bir misranı belə vurğuladı ki, bax çox xoşuma gəldi. Mən isə atama zarafatla dedim ki, ata, bəyəndinsə, bu şeiri öz adına təqdim etməyinə sənə icazə verirəm. O an üzündəki təbəssüm getdi, sərt bir ifadə aldı. Mənə dedi: “Öğul, yadında saxla, sənət elə bir şeydir ki, burada atana belə güzəştə getmə, çünki ata bir tək sənə məxsusdur, amma sənət isə xalqa. Sənə məxsus olanı el-obaya da qurban vermə. Əgər sənətdə məndən belə yaxşısansa, vur keç! O zaman anladım ki, sənətdə böyüyə, kiçiyə hörmət lazım deyil, çünki sənət xalqa məxsusdur və xalqdan böyük heç nə yoxdur. O vaxtdan bu fikir mənim yaddaşıma əbədi həkk olunub.

 

2. Kəsəmənli soyadının karyeranızdakı  rolu nədir?

 

 Soyadımla həmişə fəxr etmişəm, ancaq elə zaman olub ki, bu soyad mənə çox qapıları açıb, bəzən isə bu qapılar bağlanıb. Mən bağlı qapıların arxasında qalmaqla belə fəxr etmişəm, çünki soyadım var, bununla fəxr edirəm. Mənə çox xoşdur ki, bu sənətə gəldim və bir  müddətdən sonra məni görən sənət adamları belə bir fikir səsləndirirlər. Bunu deyənlərdən biri də hamının tanıdığı, gözəl aktyorumuz Natiq Fərzəliyevdir. O deyir ki, Rəşad, səni soyadına görə tanıdıq, amma özünə görə hörmət etdik, sevdik. Bundan başqa, dəfələrlə aktyorlar, aktrisalar, müğənnilər, hətta izləyicilər belə bu fikri deyirlər: "Rəşad,  sən özünü təsdiq etdin. Sənin kiminsə köməyinə ehtiyacın yoxdur." Mənim üçün böyük uğurdur ki, mən özümü özüm kimi təsdiq etməyi bacardım.

 

3. Biri vardı, biri yoxdur" hamımıza məlumdur ki, Nüsrət Kəsəmənlinin həyat tarixçəsilə bağlıdır. Bu şeirin bir parçası sizin həyatınıza da toxunubmu?

 

"Biri vardı, biri yox" mənim həyatımda  öz təsirini göstərib. Atam daxili tənhalığı ilə bu şeiri yazıb. Atamın  çox şeirləri olub, onun bu şeirində də mən özümü tapdım və yaşadım. Atam mənə çox şey öyrətdi. O, dünyadan köçəndə ad günündə, xoş günlərində yığışan dostlarını da özü ilə birgə qəbrə apardı. O mənə öyrətdi ki, sağlığında hansısa bir stasusa maliksənsə, ətrafında yüzlərlə insan varsa, əmin ol ki, 10 nəfəri sənin öz mənliyinə, şərəfinə, insanlığına görə yanında qalacaq. Qalanları isə şan-şöhrətdən ötrü. Təbii ki, mən atamın keçdiyi yolları keçməmişəm, çünki atam mənə hər zaman deyərdi: "çünki sən Nüsrətin oğlusan! Sən də mənim kimi böyüməyin üçün atan gərək Nüsrət olmayaydı."  Atam düz deyib, çünki o, qayğıkeş idi, uşaqları çox sevirdi. Müəyyyən bir yaşdan sonra isə atamla dost olmuşuq.

 

4. İllərdir teatrda çalışırsız, tamaşaçılar tərəfindən çox sevilirsiniz. Maraqlıdır, xoşbəxtliyin açarını sənətdə tapmısınız, yoxsa ailədə?

 

Mənim üçün teatr, sənət həqiqətən böyük xoşbəxtlikdir. O mənim başqa bir dünyamdır. O özümü axtarıb tapdığım dünyadır. Mənim özümü görmək istədiyim kimidir. Çalışdığım Bakı Bələdiyyə Teatrının rəhbəri, iş yoldaşlarım və hər kəs gözəl bilir ki, mən işə sevə-sevə gəlirəm. Yalnız işə getmək üçün getmirəm, sevdiyim yerə gedirəm. Yeni tamaşalar olduqda və mənə rol verildikdə çox sevinirəm. Demək, artıq mən bir neçə ayı hər gün bu rolun üzərində işləmək, oynamaq üçün kollektivlə görüşüb, məşqlər edəcəyik və sonunda gözəl bir tamaşa ərsəyə gələcək. Bu mənim üçün böyük xoşbəxtlikdir. Ailədə isə təbii olaraq balalarım var, onların yanına qaçıram, bu da başqa bir xoşbəxtlikdir.

 

5. Gəlin, bir az məktəb illərinə qayıdaq. Yəqin ki, ilk sevginiz olub və məktəb illərinə təsadüf edib. Necə xatırlayırsınız?

 

Məktəb illərində uşaqkən birini sevdim, amma yəqin ki, ona sevgi demək olmaz, çünki sevginin nə olduğunu hələ dərk etməmişdim. Uşaqların sevgisi saf olur, amma ona tam sevgi də demək olmaz. Hər zaman partada yanında oturmağa çalışırdım, müəllim uşaqları bölərkən, mən artıq onun yanında otururdum, amma bu az bir müddət çəkdi, 3 ay.  Bu hadisə birinci sinifdə olub.

 

6. Düşünün ki, hal-hazırda daxili dünyanızda dəhşətli fırtına qopur. Bu zaman  tamaşaçı qarşısına çıxıb rolu ifa etmək necə bir hissdir? Çox çətindir?

 

O qədər olub ki, stress, əsəb, böyük bir problem içində olmuşam və səhnəyə çıxıb, tamaşa oynamışam. Normal insanın fikri məhz o problemdə qalır ki, həll olunmalıdır, çünki bu artıq onun həyatını zəbt edib. Ancaq mən rolumu oynamışam, çünki bilirsiniz, tamaşa, kino, teatrda tamaşaçı heç bir halda günahkar deyil. Əgər sən səhnəyə çıxırsansa, problemin varsa və bu sənin oynadığın rolda öz əksini tapırsa, bu tamaşaçının günahı deyil. Sən bu rolu gözəl oynamağa məcbursan, çünki tamaşaçı qarşısına çıxırsan, onlar səndən bunu gözləyir. Sənin haqqın yoxdur ki, rolu pis oynayasan, çünki onlar səni sevib gəliblər. Artıq sən özün özünü aşağı salmış olacaqsan. Buna görə insan özünü psixoloji hazırlamalıdır, bu asan deyil, çox çətindir. Bu vəziyyətə düşmədən öncə zehnində bu anı yaşamalısan ki, hazır olasan. Mən də bunu dəfələrlə yaşamışam. Deyə bilmərəm ki, tam gizlətmişəm, bu mümkünsüzdür, amma mən rolumu mükəmməl şəkildə oynamağa çalışardım və elə də bilərdim ki, oynadım. Hər kəs bu sənətin asan olduğunu düşünür, amma inanın ki, yaxşı və məsuliyyətli aktyor olmaq çox çətindir.

 

7. Atanızla yenidən görüşsəniz, ona ilk sözünüz nə olardı?

 

Atama çox sözlər deyərdim, həyatdan köçmədən öncə çox şeyləri düzəltməsini istəyərdim, çünki yükü mənim çiynimdə qaldı. Bu yük atamdan qalmış olsa da, mən çəkərəm. Ancaq yenə də çox istərdim ki, atam yenidən gəlsin, onun boynuna sarılım və bəzi məsələləri ikilikdə onunla dərdləşim, çünki o mənim sözün əsl mənasında dostum idi.

 

8. . Arzu etdiyiniz, amma heç vaxt oynamadığınız rol?

 

Uşaqlığımdan bəri hər zaman demişəm, hətta bu sənətə gəlməmişdən öncə də bu fikirdə olmuşam. Rasim Balayev sağ olanda belə, Allah ona qəni-qəni rəhmət eləsin. Mən ona "Rasim əmi" deyə müraciət edərdim, çünki onun qucağında böyümüşəm, atamın ən yaxın dostlarından biri olub. O vaxtlar futbol oyunlarında hər həftə mütəmadi olaraq birlikdə gedərdilər, mən də Rasim əminin boynunda gedərdim. Rasim əminin ruhu şad olsun. Hər zaman demişəm ki, mən çox istərdim ki, "Babək" rolunu oynayım, hətta sağlığında Rasim müəllimin özünə də demişdim. Bilmirəm kino yenidən çəkilər, ya da çəkilməz, amma bu mənim arzumdur. Bəlkə gələcəkdə kino yox, tamaşa olar, böyük məmnuniyyətlə mən o insanın xarakterini canlandırmaq istərəm.

 

9. Məhz indiki yaşınızda ⁠ananız Rəhilə xanımın gənclik illərinə səyahət etdiyinizi düşünün.  İlk təəssüratınız?

 

Bu an belə mən onu gözümün önündə canlandırdım. O məni tanımayacaqdı, amma mən görən kimi biləcəkdim ki, odur. İlk növbədə qarşısında baş əyərdim, amma çıxıb gedəndən sonra arxasınca ağlayardım. Baş əyməyim onun çox böyük xanım olmağına görədir. Mən həyatı yaşadıqca hər qadının o ürəyə sahib olmadığını gördüm. Hər qadın o cür xanım ola bilmir, ona görə onun qarşısında diz çöküb, baş əyərdim, amma getdikdən sonra ürək dolusu ağlayardım. Niyə? Çünki onun keçəcəyi həyat yolu gözümün qarşısında canlanardı və mən artıq onun nə çəkmiş olduğunu biləcəkdim, buna görə də için-için ağlayardım.

 

“Ədəbiyyat və incəsənət”

(31.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.