Tanımadığım küçələrdə əsla yad deyildim... Featured

Nigar Xanəliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xüsusi layihələr şöbəsi

 

Həsrətlə qürurun qoxusu duyulurdu hər qarışında Şuşanın. Körpə ayaq açarkən necə həssaslıqla, titrək formada addımlayırdısa, elə gəzdim Şuşanı. Addımlamağa qıymırdım, sanki içimdə bu səfər, bu gediş heç bitməsin istəyirdim.

Nə də vüqarlısan, ey Vətən, səssiz divarlar, küçələr belə tarix danışır.

 

Bəzən elə olur ki, insan bir şəhərə yox, öz xatirələrinin içinə gedir. Mənim üçün Şuşa məhz belə idi. Uşaqlıqdan haqqında eşitdiyim, kitablarda oxuduğum, mahnılarda dinlədiyim şəhər indi qarşımda idi. Tanımadığım küçələrdə gəzirdim, amma qəribədir, heç özümü yad hiss etmirdim. Elə bil, bu yollar məni çoxdan tanıyırdı.

Külək üzümə toxunduqca fikirləşirdim ki, görəsən, bu hava neçə-neçə nəslin nəfəsini özündə yaşadıb. Bu daşlara kimlər söykənib, bu küçələrdən kimlər keçib, neçə ana övladına Şuşadan danışıb, neçə insan bir gün buralara qayıtmağın həsrəti ilə yaşayıb... İndi isə mən həmin küçələrdə idim. Buna inanmaq bəzən çətin gəlirdi.

Ən çox da şəhərin sükutu məni düşündürdü. O sükut boş deyildi. İçində ağrı da vardı, qürur da, illərin həsrəti də. İnsan bəzən heç bir söz eşitmədən çox şeyi anlayır. Şuşada bunu hiss etdim. Danışan insanlar yox, daşlar idi, divarlar idi, külək idi.

Şuşadan ayrılanda geriyə dönüb son dəfə baxdım. Bilirdim ki, gördüyüm mənzərəni telefonun kamerası yadda saxlayacaq. Amma qəlbimdə qalan hissi heç bir şəkil olduğu kimi göstərə bilməyəcək. Çünki Şuşanı görmək başqa, onu hiss etmək tamam başqa imiş.

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.