Aytən Ağasıyeva,
“Ədəbiyyat və incəsənət”
Çiçək açmış kəklik otlarını yığaraq mahnıya qulaq asırdım: “Sevginin qanunları yoxdu, ama cəzası hər zaman ağır olur” – muş.
Gedəndə aparmayacağım bu otları niyə yığırdım, mən də anlamırdım. Hər dəfə yığdıqca otların qoxusu uzaqdan əsən soyuq küləyin təsiri ilə içimə dolurdu.
Əlimin qanadığını gördüm, qırıq ayna əlimi kəsmişdi. Aynanı götürüb özümə baxdım. Dodaqlarının kənarındakı görünən xətləri izləyərək, barmaqlarım pambıq kimi dodaqlarımda dövr etməyə başladı. Bir an aynadakı özümü tanımadım. Bu mən deyildim. Düşük qapaqlarının altında parlayan gözləri əbədi olaraq mənə aid idi. Hər dəfə xatırlayanda üzümdə günəş kimi parlayan gülümsəmə yaradırdı....tellərinin hər yönə ayrılıb, başqa formaya düşməsi, mavi rəngli köynəyinin çiyinlərini daha da geniş göstərməsi- hamısı tanış idi, ama bu mən deyildim. Otların arasında bir də əzilmiş kağız parçası tapdım. O qədər yağış və gün üzü görmüşdü ki, hərflər bir-birinə qarışmışdı:
“Qəlbimin döyüntüsü ilə yol almağımız çox ani oldu. Qəlbim sanki beynimə və ayaqlarıma nüfuz edir, məni bilmədiyim səmtə doğru götürürdü. İçimdə həm inam həm də inamszılıq baş alıb gedirdi. Bu dəfə nə düşünəcək deyə ağlımla ürəyimin arasında qalmışdı arıq və çəlimsiz ayaqlarım. Bu dəfə nədən danışım ki, sözümü kəsməsin “ev” adam, “çöl” adam, “uçurum” adam! İçimdə ona qarşr o qədər böyük bir məhəbbət var ki, onu sözlərə yükləmək yazıya sitəm olar bəlkə. Bilmirəm bu sevgi və istək ruhsal ya bədənsəldi, amma varlığı mənə huzur verir. Bəzən düşünürəm ki, insana nə əlçatandırsa ondan bezir, usanır və bir müddət sonra həmin sevgi onun oyuncağına, daha doğrusu malına çevrilir. Amma mənim üçün müqəddəs olan hisslər var. Məhrumiyyət mənim üçün ən böyük müqəddəslikdir bəzən. Ona çatmaq, ona qovuşmaq bəzən ona “çatmaq”dan daha yaxşı, daha məsum gəlir. O, nə düşünür görəsən, bax elə bu an, bu saat, bu dəqiqə. Bəlkə də eyni yerdə, ama fərqli zamanlardayıq, bəlkə də eyni zamanda fərqli yerlərdəyik. Fəqət mən elə dərk edirəm ki, bu günün sabaha etibarı yoxdu.
Mən də bu cür, yəni Tolstoy, Heminquey, Maria Dominquez kimi, nəbilim bəlkə də Orhan Pamuk kimi öz “Beyaz kale”mdə “Masumiyyet muzesi”nin direktoru və yaxud xadiməsi kimi yaşayıram. Nə gözəl olardı “Kağız ev”dəki kimi yeraltında və yaxud sahil kənarında dövlətə aid olmayan hürr bir ərazidə insan şəklində kağız evimiz olardı. Hər çey bir-birinə mübhəm, hər şey bir-birinə zidd şəkildə inzivaya çəkilib o evin sahib və sahibəsinə səcdə edərdilər... Səhər... Axşam! Bəzən elə düşünürəm ki “FA” elə düşünür ki, mənim beynim sadəcə ağ kağızdan və yaxud “Don Kixotun” siçanlarından ibarət qapısı olmayan daxmadı və orada bir Qavroş yaşayır, Qurbanəli bəy kefdə-damaqda, İlyas eşq harayında, Afaq yar həsrətindədir. Və yaxud görəsən düşünürümü ki, o mənim nəyimə lazımdır?”
Bəzi hərf səhvləri olan bu yazının ardı yox idi. Vərəqin arxasına çevirdim; “FA”- təkcə iki hərf yazılmışdı..
Ətrafıma boylandım, yerdə başqa kağız yox idi. Bəlkə də kiminsə cibindən düşmüşdü. Ya da kimsə bilərək burda itirmişdi
Günəş başıma elə vururdu ki, əlimi başıma aparmaq istəyəndə kağızın qırmızıya boyandığını gördüm. Əlim qanıyırdı ama mən bunu hiss etmirdim. İstəmsizcə kağız əlimdən yerə düşdü.. Aynanı kənara atıb arxama belə baxmadan qaçdım.
Ertəsi gün, ertəsi ay, ertəsi il artıq heç vaxt kəklik otu yığmaq üçün o təpəyə çıxmadım. Əlim sağalsa da kəsiyin izi hələ də qalırdı. Hər dəfə o izə baxanda “yarımçıq qalmış yazı” yadıma düşür.. Bir də aynadakı adam...
Hər keçici şey arxasında mütləq keçməyən izlər buraxır elə deyilmi? Bu bəzən bir kağız, bir ayna, ya da bir kəsik olur...
“Ədəbiyyat və incəsənət”
(09.07.2026)


