Hisslərin intiharı Featured

Fariz Əhmədov,

“Ədəbiyyat və İncəsənət” portalının Naxçıvan təmsilçisi

 

Dünyada ən çətin ölüm bilirsiniz necə olur? İnsanın özünü öldürmədən ölməsi. Bəziləri bu seçimi ip ilə, bəziləri güllə ilə, bəziləri isə qəfil acı şərbət içərək edir. Fəqət bunlardan daha ağır bir ölüm var. Yaşayaraq ölmək. Yəni ayaqüstə.

 

Van Qoq özünü tapança ilə sinəsindən vurdu. Mayakovski özünü güllələdi. Silviya Plat Londondakı mənzilində intihar etdi. Nitsşe dəli oldu. Kafka həyatına qara pərdələr endirərək heç zaman işığa çıxmadı. Virgina Woolf II Dünya Müharibəsinin yaratdığı əzaba görə 1941-ci ildə ciblərinə daş dolduraraq özünü Ouse Çayına ataraq intihar etdi. Sadiq Hidayət 1951-ci ildə Parisdə yaşadığı mənzildə dəm qazını açaraq, həyatına son qoydu. Tolstoy isə evini tərk edib bir qatar stansiyasında soyuqdan öldü. Və bu yolda bir çox adını çəkmədiyim məşhurlar ömürün acı şərbətini içərək gedər gəlməz yollarla əbədiyyətə qovuşdu.

Onlardan fərqli olaraq, Cek London, Məhəmməd Hüseyn Şəhriyar, Necip Fazıl Kısakürək, Bəşir Fuad intihar etmədilər. Onlar hisslərini ipdən asdılar. Mənəvi sarsıntı keçirərək həyata gözlərini əbədi yumdular. Deyilənə görə insan həyatı tam anlayanda intihar edir. Bəlkə də insanın öz həyatından qaçması bir növ özündən imtinadır.

Mənə görə ölüm bədənin yox hisslərin ölməsidir. Bu hisslərdə birdən-birə baş vermir. İnsan əvvəl heyrətini itirir, sonra sevincini, sonra qorxusunu, ən sonda isə hislərini. İnsan gəzə, danışa, kitab oxuya, gülə və ağlaya bilər. Amma bu onun daxili dünyasının da xarici görünüşü kimi olduğu anlamına gəlməz. Xalq şairi Məmməd Araz deyirdi: “Ölə-ölə yazmıram, yaza-yaza ölürəm”.

Cəmiyyət uzun illər intiharı yalnız fiziki hadisə kimi anlayıb və dərk edib. İp, silah, dərman və yaxud uçurum deyən kimi ağlımıza ilk intihar gəlir.  Fəqət görünməyən intiharlar var ki heç kim onları qəzetlərdə tirajlamır, heç kim onların tarixini qeyd etmir.

İnsanın heyrət hissini itirməsi əslində ən böyük intihardır. Düşünün ki, səhər oyanıb heç nəyə sevinmir, heç nəyi gözləmir və ən əsası yazmaq istərkən söz tapa bilmirsiniz. Elə hey qaçır, qaçır, lakin yenə də eyni yerdə dönüb durursunuz. Tolstoy ömrünün sonunda evini tərk edib bir qatar stansiyasında soyuqdan dondu. Tarix bunu təbii ölüm kimi yazdı.

Bəs görəsən Tolstoy ömrünün sonunda nədən qaçırdı? Ailəsindən, şan- şöhrətli titulundan, öz vicdanından, yoxsa artıq tab gətirə bilmədiyi həyatdan? Sizə elə ən ağır intihar da elə bu deyildi?

Çünki fiziki ölüm bir an çəkir. Amma hisslərin ölümü illərlə davam edir. İnsan hər gün bir az daha azalır. Bir az daha səssizləşir. İçindəki işıq tədricən sönür. Və bir gün hamı onun sağ olduğunu düşünərkən, o artıq çoxdan ölmüş olur. Ən dəhşətlisi də budur ki, heç kəs ağlamır, heç kəs yas saxlamır.

Van Qoqu düşün. Dünyanın ən rəngli tablolarını çəkən adam həyatının böyük hissəsini qaranlıq otaqlarda keçirdi. İnsanlara günəşi çəkirdi, amma özü işıq tapa bilmirdi. İnsan bəzən başqalarına verə bilmədiyi şeyi yox, ən çox ehtiyac duyduğu şeyi yaradır. Bəlkə də buna görə ən kədərli şairlər sevgi şeirləri yazırlar. Çünki insan ən çox ehtiyac duyduğu şeyi yaradır.

Texnologiya inkişaf etdikcə daxilimizdəki boşluq da böyüyür. Hamı danışır, amma heç kim eşitmir. Hamı görünür, amma heç kim başa düşülmür. Artıq məcbur oluruq sosial şəbəkələrdə öz həyatımızın vitrinini quraq. Bəlkə də intiharın başlanğıcı elə budur. Əvvəlcə arzularımızı, sonra ümidlərimizi, sonra uşaqlığımızı, sonra inandığımız insanları itiririk. Və ən dəhşətlisi odur ki, bütün bunlardan sonra özümüzü itiririk. Özümüzü itirdiyimiz an isə yaşamaqla mövcud olmaq arasındakı sərhəd də yoxa çıxır!

 

“Ədəbiyyat və incəsənət”

(09.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.