Həyətdə əkdiyin qızılgüllər sənsiz açdı, ata... - ESSE Featured

 

Nigar Xanəliyeva,

"Ədəbiyyat və İncəsənət" portalının Xüsusi Layihələr şöbəsi

 

Xoşbəxtlik kül oldu o illərimdə,

Bu həyat nələri yaşatdı mənə.

Çanta daşıdığım çiyinlərimdə,

Ata tabutunu daşıtdı mənə. (Sərvan Kəlamı)

 

Əziz Ata, ilk dəfə yazmaq bu qədər ağır və çətin gəlir mənə. Amma sən həmişə deyərdin, hamımız gedəcəyik, sənə sənin qələm-vərəqin əmanətdir. Üç ay mən vərəqə baxdım, vərəq mənə baxdı. Sonunda sənin dediyin kimi etdim, içimdən gələnləri gözümü yumaraq yazdım. Amma bu dəfə qaçaraq gətirib sənə oxutdura bilmədim, bu dəfə yağış altında dayanıb adın yazılan qara mərmərə oxudum. Bir ağ kəpənək mənimləydi orada, sənin dərsə yola saldığın kimi düz maşına qədər apardı, ötürdü məni. Deyirlər, qəbirstanlıq öz doğman yatmadığı müddətcə qorxuludur, necə də haqlı imişlər.

Həyətdə əkdiyin qızılgüllər açmışdı, amma bu dəfə sən dərib gətirmədin iş masamın üstünə, heç mən də qıymadım onları qoparmağa. Hər fəslin meyvələrin alıb gətirərdin ki, qara balam, nübar et, bu dəfə heç bir meyvə elə dadlı deyildi. Hər səhəri kofe içərək açan mən, sən alan kofe bitib deyə heç almıram da.

Sən məni elmi ad alarkən görməyi planlayırdın, iki gün sonra məzun oluram, ata, bir kəpənəyin qanadıyla gəlib mənim yanımda olmağı unutma.

 Mən səndən qəmgin notlarda yazmağı daha istəmirəm, sən mənə bu dünyada əsas olanın qan bağı yox, can bağı olduğunu, mərd olmağı, halal qazanmağı öyrədən adamsan, Ata. Sən daima ruhumun ən gözəl yerində xoş xatirələrlə yaşayacaqsan. Sənsizlik məni çox incitdi, amma yatdığın yer səni incitməsin, Ata. Yuxuma da gəlib dedin, çıxdığım yoldan, işimdən, yazmaqdan, oxumaqdan, araşdırmaqdan bir daha heç bir səbəbə görə küsüb uzaqlaşmayacam.

 

“Ədəbiyyat və incəsənət”

(30.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.