MÜTƏXƏSSİS BİLDİRİR Kİ, İNSANLAR TƏBİƏTƏ UYĞUN YAŞAM TƏRZİ NÜMAYİŞ ETDİRMƏYƏNDƏ BUNUN FƏSADINI YAŞAYIRLAR...
Fatimə Məmmədova,
"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
Təqvim yay fəslinin gəldiyini göstərsə də, sanki hava hələ də qərarsızdır. İyun artıq qapımızı döyüb, amma bir gün yay istisini, ertəsi gün isə payız ab-havasını yaşayırıq. Səhər evdən günəşli havaya çıxır, axşama doğru yağış damcılarının altında qalırıq. Təbiət sanki öz mövsümünü axtarır.
Dünən imtahana gedərkən günəşin yandırıcı istisi üzümə vururdu. Küçələrdə insanlar kölgə axtarır, sərinləməyə çalışırdı. Bu gün səhər isə pəncərədən baxanda yağışın sakitcə küçələri yuduğunu gördüm. Bir gecənin içində dəyişən hava insana bəzən öz hisslərini xatırladır. Axı insanların da əhvalı bəzən belə olmurmu? Bir gün ümidlə dolu, başqa bir gün düşüncələrə qərq olmuş vəziyyətdə.
Son günlər müşahidə olunan hava dəyişiklikləri təbiətin ən maraqlı tərəflərindən birini göstərir. Günəşlə yağış, istiliklə sərinlik, sakitliklə külək növbələşərək bir-birini əvəz edir. Elə bil səma da öz hekayəsini yazır. Bəzən leysan yağışlarla şəhərin küçələrini isladır, bəzən isə buludları kənara çəkib günəşə meydan verir.
Hava necə dəyişirsə, həyat da elə dəyişir. Bu gün bizi narahat edən bir məsələ sabah sevincə çevrilə bilir. Bir gün yorğunluq hiss etdiyimiz kimi, ertəsi gün yenidən güc tapıb yolumuza davam edirik. Təbiətin dəyişkənliyi ilə insan həyatının oxşarlığı da elə bundadır. Bəs yayın ilk günlərində müşahidə olunan bu qeyri-sabit hava şəraitinin səbəbi nədir və qarşıdakı günlərdə bizi hansı sürprizlər gözləyir? O da sürprizdir.
Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti Aydın Əliyev "Ədəbiyyat və İncəsənət" portalına açıqlamasında söyləyib ki, fəsillərin dəyişməsi və insanların təbiətə uyğun yaşam tərzi sürməməsi orqanizmin fəaliyyətinə mənfi təsir göstərə bilər:
"Dünyada Allahın yaratdığı təbiətin dörd fəsli var və hər fəslin özünə uyğun yaşam şəraiti olmalıdır. İnsanlar fəslə uyğun geyinməyi, qidalanmağı, su qəbul etməyi və ən əsası bir-birinə qarşı təmkinli davranmağı bacarmalıdırlar. Genetik xəstəliklər istisna olmaqla, bir çox xəstəliklər insanların həyat tərzi və əməlləri ilə bağlı yaranır. İnsan orqanizmi təbiətə uyğunlaşdıqda immun sistemi güclənir, orqanlar normal və əlaqəli şəkildə fəaliyyət göstərir, müxtəlif fəsadlar və patologiyalar yaranmır".
Onun sözlərinə görə, ekoloji problemlər və ətraf mühitin çirklənməsi insan sağlamlığı üçün ciddi risklər yaradır:
"Bu gün dünyada ekoloji tarazlığın pozulması ilə bağlı problemlər geniş müzakirə olunur. Bütün ölkələr bu məsələdən danışır. Radiasiya, müharibələr, çirkli qida və sular insan orqanizmini zəhərləyir. Bu amillərin təsiri və tez-tez baş verən dəyişikliklər insan orqanizminə mənfi təsir göstərərək orqanlarda müxtəlif funksiyaların pozulmasına gətirib çıxarır."
“Ədəbiyyat və incəsənət”
(10.06.2026)


