HabilYaşar,
“Ədəbiyyatvə incəsənət” portalının Ədəbiyyat şöbəsi
Ədəbiyyata duyduğu sevgi və fərqli düşüncə tərzi ilə seçilən gənc qələm sahiblərini tanıtmaq hər zaman xüsusi önəm daşıyır. Bu gün sizə yaradıcılığı ilə diqqət çəkən daha bir istedadlı gəncimizi təqdim etmək istəyirəm.
Aytən Tunay (Qurbanova) - 8 mart 2000-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Bakalavr təhsili ADPU-da, magistr təhsilini isə ADMİU - da Turizm və Otelçilik ixtisası üzrə başa vurmuşdur. Hal hazırda ADMİU nəzdində Humanitar Kollecdə Turizm Bələdçiliyi ixtisası üzrə ixtisas müəllimidir. Müəllifin 2022-ci ildə Coğrafiya test toplusu, 2025-ci ildə "Mədəni turizmin inkişafında Abşeron yarımadasında yerləşən tarix və mədəniyyət abidələrinin rolu" adlı kitabları nəşr olunmuşdur. Eyni zamanda Aytən Tunay təxəllüsü ilə yazdığı "Duyğular", "Sükuta toxunanlar", "Dəyərin rəngi" adlı hekayələri ədəbi dərgilərdə çap olunmuşdur. Mücrü Nəşriyyatının təşkil etdiyi "İlin yazarı-2025" müsabiqəsində "İlin Esse Müəllifi" nominasiyası üzrə "Sükuta toxunanlar" essesi 3-cü yerə layiq görülmüşdür.
AYTƏN TUNAY (QURBANOVA)
DƏYƏRİN RƏNGİ
Televizorun kanallarını dəyişirdim. Birdən ekranda öz səsimi eşidib dayandım. Özüm idim.
“Mən Gülayam, memaram. Bu abidənin hər daşında bir tarix yatır, amma məni daha çox cəlb edən onun içindəki o gizli musiqidir – akustikası. Sara Aşurbəyli və Rauf Hacıyevin araşdırmalarına əsaslanaraq deyə bilərəm ki, bu, sadəcə müdafiə qalası deyil.
Qız Qalasının akustikası barədə danışırdım, səsi artırdım:
“Baxın, bu nəhəng, qalın daş divarlar təsadüfən belə tikilməyib. Qalanın silindrik forması elə bir mühəndislik zəkası ilə hesablanıb ki, içəridə səs rezonans yaradaraq sanki bir musiqi aləti kimi əks-səda verir. Külək və səs dalğaları bu divarlarda həyat tapır. Bu, əsrlər əvvəl yaranmış, heyrətamiz bir akustik sənət əsəridir.
Arxadan nənəmin titrək səsi gəldi:
— Gülay, bu danışan həqiqətən sənsən?
— Hə, nənə…
Nənəm gözlərindən süzülən yaşı silə-silə yaxınlaşdı.
— Səni televizorda görəndə ürəyim fərəhlə doldu, əziz balam. Sən demə, o kitabların arasında gecələməyin hədər getməyib.
- deyib məni bərk-bərk qucaqladı.
Səhər anamın səsi ilə oyandım.
— Gülay, oyan, qızım. İşə gecikərsən. Sənin üçün pendirli isti lavaş bişirmişəm.
— Ana, beş dəqiqə də…
— Beş dəqiqə deyə-deyə gecikirsən, qızım.
Bu cümlə məni yerimdən qaldırdı. Mətbəxə keçəndə telefonuma bildiriş gəldi. Florensiyada keçiriləcək “Memarlıq və Tarix” konfransına dəvət almışdım.
— Ana! — deyə qışqırdım.
— Florensiyaya gedirəm!
Sevda ana:
— Dayan qızım bir səbrlə danış görüm, hara gedirsən?
— Anacan, çoxdandı gözlədiyim konfransa dəvət almışam, bu mənim üçün böyük şansdı —deyib ananı sevincək qucaqladı.
— Sən mənim ən böyük şansımsan, qızım - Sevda ana gözündən axan sevinc göz yaşlarını əli ilə sildi.
*
Bir neçə gün sonra Florensiyada idim. Şəhərin daş küçələri mənə Bakını xatırladırdı.
Konfransın üçüncü günü Uffizi Qalereyasının yaxınlığında bir kafedə eskiz çəkirdim. Kimsə yanımda dayandı.
— Baxa bilərəm?
Başımı qaldırdım.
— Buyurun.
— İşıq həlliniz maraqlıdır. Küləyə reaksiya verən fasad düşünmüsünüz?
— Bəli. Qədim bir ideyadan ilham almışam.
— Hansı ideyadan?
— Qız Qalasının akustikasından.
O əlini uzatdı.
— Mən Rəşadam. Özüm də Rəssamam.
— Mən də Gülay - deyib gülümsəndi.
Bir qədər keçdi, söhbət uzandı. Mən qədim memarın qeydlərindən danışdım. Sonda Rəşad:
— Gülay, sən divar tikmirsən. Sən düşüncə tikirsən. Əsl memarlıq budur.
O gecə otelə qayıdanda çox düşündüm. Doğrudanmı məqsədim sadəcə maraqlı bina tikmək idi? Yoxsa insanı düşündürən məkan yaratmaq?
Bir il sonra Bakıda yeni layihəmin təqdimatı idi. Binanın fasadı küləyin istiqamətinə görə rəng dəyişir, daxilində isə səs yumşaq şəkildə yayılırdı. Texnologiya müasir, ruhu isə qədim idi.
Açılışda anam və nənəm ön sırada əyləşmişdi.
Nənəm sakitcə mənə tərəf əyilib pıçıldadı:
— Gülay, qızım, bu divarlar doğrudan küləyi hiss eliyir?
— Hə, nənə. Amma ən çox insanı hiss edir.
Anam həyəcanla əlimi sıxdı.
— Bax, indi başa düşdüm niyə o qədər gecələr yatmırdın.
Mikrofona yaxınlaşdım:
— Bu layihə bir şeyi sübut edir ki, keçmiş bizə yük deyil, mayakdır. Tariximizi anlasaq, gələcəyimizi daha düzgün qura bilərik.
Zal alqış səslərinə bürünsə də, mənim üçün ən vacibi anamın fəxarət dolu baxışı idi.
O gün anladım ki, əsl uğur adını deyil, dəyərini böyütməkdir.
“Ədəbiyyat və incəsənət”
(03.06.2026)


