Fatimə Məmmədova,
"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
İnsan bəzən verdiyi sözü tutmayanda qarşı tərəfdən çox, özündən utanır. Çünki bilir ki, bir insan sənin üçün vaxtını dəyişibsə, planını təxirə salıbsa, deməli sənə güvənib. Amma həyat hər zaman planladığımız kimi getmir. Elə an olur ki, bir neçə saatın içində hər şey alt-üst olur. Və sən verdiyin sözün ağırlığını çiynində hiss edirsən.
Bir neçə gün əvvəl bir vokalçı ilə danışırdım. Müsahibə planlaşdırmışdıq. O, xüsusilə mikrofon qarşısında, studiya şəraitində danışmaq istəyirdi. Onlayn müsahibəni qəbul etmirdi. Mən də razılaşdım. İki gün sonra gedəcəkdim. Amma o iki günün içində həyat yenə öz “sürprizlərini” göstərdi. Başqa qayğılar çıxdı, başqa problemlər yarandı. Birdən düşündüm ki, indi redaksiyaya get, mikrofon götür, ordan studiyaya çat, müsahibə al, sonra yenidən redaksiyaya qayıt, mikrofonu təhvil ver, daha sonra evə dön... Bir anlıq insanda qəribə yorğunluq yaranır. Təkcə fiziki yox, mənəvi yorğunluq. Bəzən insanın ruhu da eyni cümləni sakitcə içindən təkrarlayır. Hər şeyi çatdırmağa çalışırsan, amma həyat səndən daha sürətli qaçır.
Vokalçı dedi ki, mənə görə bütün işlərini təxirə salıb. O cümlə adamın vicdanına toxunur. Mən də özümü narahat hiss etdim. Düz etmədiyimi bildim. Çünki qarşı tərəf sənə güvənib. Amma yenə də sözümün üstündə dura bilmədim.
Əslində bu, təkcə mənim yaşadığım məsələ deyil. İnsanların çoxu belədir. Bəzən altından çıxa bilməyəcəyi sözlər verir. Bəzən “gələrəm”, “edərəm”, “çatdıraram” deyirik, amma həyatın içində o qədər gözlənilməz şeylər olur ki, verdiyimiz sözlər yolun ortasında qalır.
Zatən insanlar artıq söz verməyi çox asanlaşdırıb. Çünki “yox” demək çətin gəlir. Birini qırmaq istəmirik. Qarşı tərəfi gözlətməmək üçün “olar” deyirik. Amma sonra həm özümüz yoruluruq, həm də qarşımızdakını məyus edirik. Problem məsuliyyətsizlikdən çox, insanın hər şeyə çatmağa çalışmasındadır. Hamı tələsir. Hamının beynində yüz plan var. İnsan bəzən öz gücünü düzgün hesablaya bilmir. Elə bilir hər şeyə çatacaq. Amma bir yerdən sonra anlayır ki, insan robot deyil.
Böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadə deyirdi ki, “İnsan gərək sözünün ağası olsun.” Nə etmək lazım? Bəzən insanı öz sözünün qarşısında belə aciz qoyur. Çünki hər tutulmayan söz xəyanət deyil. Bəzən insan sadəcə yorulur. Bəzən həyatı idarə edə bilmir. Bəzən də “bacararam” dediyi şeyin ağırlığını sonradan anlayır.
Fransız yazıçısı Viktor Huqo deyirdi: “İnsan verdiyi söz qədər insandır”. Elə buna görə də söz vermək asandır, sözün altında qalmaq isə ağırdır.
“Ədəbiyyat və incəsənət”
(26.05.2026)


