Fatimə Məmmədova,
"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
Bəzi insanlar izdihamın içində yaşayır, bəzi insanlar isə dünyanın içində tək qalır. Maraqlıdır ki dünya ədəbiyyatının ən böyük imzaları məhz ikinci qrupa aid idi. Onlar milyonlarla insanın hisslərinə toxundular, amma öz hisslərini çox zaman heç kimlə bölüşə bilmədilər. Bəziləri oldu, öz həyatlarını şeirlər vasitəsilə paylaşdı, kədərinə imza qoydu. Bəziləri də oldu, tənhalıq dərdi olsa da yenədə yazdı. Yenə də yazdı. Onlar insan ruhunu hamıdan yaxşı tanıyırdı, amma insanların arasında yaşamaqda çətinlik çəkirdilər. Bəlkə də buna görə ən böyük əsərlər səs-küydə yox, səssizlikdə yaranıb. Çünki həqiqətən də səssizlik - yazılan yazılar, esselər üçün daha münasibdir, səssizlikdə ağla gələn fikirlər ən dərindən gəlir.
Frans Kafka gecələr yazırdı. Gündüzlər adi bir işçi kimi görünürdü, amma gecələr insanın ən qaranlıq qorxularını kağıza köçürürdü. O, dostlarına yazdığı məktublarda dəfələrlə “insanlarla birlikdə olarkən belə özümü tək hiss edirəm” deyirdi. Kafka üçün tənhalıq seçim deyildi - sanki onun taleyi idi. Çünki bəzi insanlar dünyanı çox dərindən hiss edir. Dərin hiss edən insanlar isə çox zaman səssizləşir. Onun “Metamorfoz” əsərində Gregor Samsanın böcəyə çevrilməsi əslində insanın cəmiyyət içində yadlaşmasının simvolu idi. Kafka bəlkə də heç vaxt böcəyə çevrilmədi, amma cəmiyyətin içində özünü həmişə yad hiss etdi. Bunu da böcək simvolu olaraq bizlərə çatdırdı...
Fyodr Dostoyevski isə insan ruhunun ən qaranlıq tərəflərini yazırdı. O, sürgün gördü, ölüm hökmü ilə üz-üzə qaldı, epilepsiya xəstəliyi ilə yaşadı. Bütün bunlar onun iç dünyasını insanlardan uzaqlaşdırdı. Dostoyevskinin qəhrəmanları təsadüfi şəkildə bu qədər ağrılı deyildi. Çünki onları yazan insan özü də daxilində böyük savaşlar yaşayırdı.
Bəzən elə görünür ki, böyük yazıçılar cəmiyyətə aid olmaq üçün yox, cəmiyyəti uzaqdan müşahidə etmək üçün doğulurlar.
Virginya Vulf “insanın özünə aid bir otağı olmalıdır” deyərkən sadəcə fiziki məkan nəzərdə tutmurdu. O, insanın düşünmək üçün tənhalığa ehtiyacı olduğunu deyirdi. Vulf üçün tənhalıq qaçış deyildi, yaradıcılığın nəfəsi idi. Amma həmin tənhalıq zamanla onun psixologiyasını da ağırlaşdırdı. Çünki insan uzun müddət öz düşüncələri ilə tək qalanda, bəzən öz beyninin labirintində itib gedir.
Ernest Heminquey isə güclü görünən, amma daxilən parçalanmış yazıçılardan idi. O, müharibələr gördü, ölümə yaxın oldu, həyatın ən sərt tərəflərini yaşadı. Heminqueyin qəhrəmanları susurdu. Çünki bəzi ağrıların dili olmur. Maraqlıdır ki, insanlar onu cəsarətli yazıçı kimi tanıyırdı, amma onun daxilində dərin bir tənhalıq yaşayırdı.
Milyonlarla insanın qəlbinə toxunan insanlar çox zaman öz qəlblərini xilas edə bilməyiblər. Azərbaycan yaradıcılıgina gəldikdə isə Cəlil Məmmədquluzadə də dövrünün insanlarından fərqli düşünürdü. O, cəmiyyətin eyiblərini yazır, insanların görmək istəmədiyi həqiqətləri göstərirdi. Belə insanlar isə çox zaman öz dövründə anlaşılmır. Çünki həqiqəti deyən adamlar alqışdan çox, tənhalıq qazanır.
Bəlkə də yazıçını insanlardan ayıran əsas səbəb onun çox görməsidir. Hamının baxdığı yerdə fərqli şeyi görmək ağırdır. Çünki o zaman insan özü ilə cəmiyyət arasında görünməz məsafə hiss edir.
Vahid Əziz yazırdı:
Neynim ki, dövranın gələm xoşuna,
ya da ki, biryolluq yan durub, gedəm?
hərdən əl atıram haqqın daşına,
vurub bu dünyanı sındırıb gedəm.
Suallar əl çəkmir, əhli-halam ki,
neynim – “kim nə çaldı?” qaravulam ki?
gərək ucalmaqçün arsız olam ki,
hər düşük havaya sındırıb gedəm?!
Küt elə kütdürsə, daha “kütlə” nə?
Yaxşı qorunacaq pis kilidlə nə?!
Qəlbim yol vermədi eşqin qətlinə,
gülüm, imanımı yandırıb gedəm!
Vaxtdan “yoxum” qaldı, aldı “varımı”,
bu, qanlar baisi qəsdən sarımı?!
Dünyadan köçəndə öz mağarımı
gərək dünya boyda gen qurub gedəm!
Kaş ki; çin olaydı nə yozmuşamsa,
mən düşəm özgəyə nə qazmışamsa,
hərdən istəyirəm nə yazmışamsa –
yandırıb külünü sovurub gedəm!
Tanrım, neynəyim ki, arzular gülə,
kim qıydı başıma dünya dar gələ?
Yanına yol gedən bir qatar gələ
kimsəyə demədən oturub gedəm.
Cəllad başım boyda qızıl istəmiş,
zəkam kasad oldu, elədim gümüş!
Vallah, Vahid ƏZİZ, çətin işimiş
şərdən-şəbətədən qorunub gedəm...
Tənha qəlbin dediklərinə bənzəmirmi? Hətta Nüsrət Kəsəmənli də yazırdı:
Olan olub, keçən keçib bəlkə də,
İndi daha kövrəlməyin yeri yox.
Ömrüm boyu belə gəlib mənimki
Əvvəlindən biri vardı, biri yox.
Uzaqdaydı mən istəyən ocaqlar,
Urəyimdən gəlib keçdi sazaqlar.
Atalıydı, analıydı uşaqlar,
Bizim evdə biri vardı, biri yox.
Əslində böyük yazıçılar insanlardan qaçmırdı. Onlar sadəcə insanların görə bilmədiyi hissləri daşıyırdı. Çünki yaradıcılıq insanı fərqləndirir. Fərqli olmaq isə çox zaman tək qalmaq deməkdir.
Bu gün sosial şəbəkələr insanları bir-birinə yaxın göstərsə də, bəlkə də tarixdə heç vaxt insanlar bu qədər daxildən tənha olmayıb. Amma qəribədir ki, ən yaxşı kitablar yenə də tənha otaqlarda yazılır. Çünki insan səs-küydə danışa bilər, amma yalnızlıqda düşünür. Və bəlkə bütün böyük yazıçıların ortaq cəhəti məhz buydu: Onlar dünyanı hamıdan yaxşı başa düşürdü, amma dünyanın içində özlərinə yer tapa bilmirdilər.
“Ədəbiyyat və incəsənət”
(19.05.2026)


