Sadə və səmimi insan Featured

                        

İlhamə Məhəmmədqızı,

“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

        

İlk baxışdan qaraqabaq adam təsiri bağışlayır, hətta özünə müştəbehlik də hiss olunur. Mən də illər öncə onu tanıyanda bu qənaətdəydim. Amma yaxından tanıdıqca fikrim dəyişdi.

Sən demə Hafiz Ataxanlı (o vaxtlar Nəzərli və İmamnəzərli ədəbi təxəllüsləri ilə çıxış edirdi) tam fərqliymiş; sadə, səmimi, centlemen, qayğıkeş, bir az da kövrək.

 

Azərbaycan Televiziyası, Xəbər xidmətinin Abşeron-Xızı- Sumqayıt üzrə xüsusi müxbiri işləyərkən – gərək ki, 1996-cı il idi – tədbirlərdə tez-tez görüşürdük.Çox operativ idi. Başqa bölgə müxbirləri kimi ayda-ildə bir dəfə süjet verməzdi. Demək olar ki, hər gün Xəbərlər proqramında aparıcının “Sumqayıtdan xüsusu müxbirimiz Hafiz Eynullayev xəbər verir” ifadəsini eşidirdik.

Sonralar Lider televiziyasının sənədli filmlər studiyasından dəvət aldı. Peşəkar bir komandada biri-birindən maraqlı sənədli filmlərin ssenarisini yazdı.

Lider tv-də də, Azərbaycan Televiziyasında da, İctimai televiziyada da, Mədəniyyət kanalında da işləyəndə fürsət düşən kimi Sumqayıtı, sumqayıtlıları, Sumqayıt ədəbi mühitini təbliğ edirdi.

2021-ci ildən sonra rəsmi iş yerinin olmaması üzündən Sumqayıtda keçirilən tədbirlərə daha tez-tez qatılır. Şəhərin sosial-mədəni həyatında fəal iştirak edir. AYB Sumqayıt bölməsində, Səməd Vurğun adına Mərkəzi Kitabxanada, Heydər Əliyev Mərkəzində, Sumqayıt Dövlət Rəsm Qalereyasında, orta məktəblərdə keçirilən tədbirlərində moderator, təşkilatçı-ssenarist kimi çıxış edib.

2021-ci ildən Hafiz Ataxanlı dramaturgiya sahəsində də fəaliyyətini davam etdirir. Həmin ərəfədə Sumqayıt Dövlət Dram Teatrının qarşısında rastlaşdıq. Hal-əhvaldan sonra hardan gəldiyini soruşdum.

-55 yaşdan sonra teatr məni televiziyadan oğurladı, - dedi – pyesim hazırlanır, premyerada dəvət edəcəyəm.

Hafiz Ataxanlının “Missiya” mistik qəhrəmanlıq dramı Azərbaycan əsgər və zabitlərinin qəhrəmanlığına həsr olunub.

Tamaşada həm birinci Qarabağ savaşı, həm də 44 günlük Vətən müharibəsi göstərilir.

Uğurlu quruluş, mükəmməl  aktyor oyunu, möhtəşəm musiqi tamaşaya rəng qatır. Məlumat üçün bildirim ki, “Missiya” əsəri uğurlu səhnə yaşadı. Şəhər ictimaiyyəti, şagird və tələbələr, Şəhid ailələri, Qazilər, yazıçı və şairlər, hərbi hissə nümayəndələri gəlib səhnə əsərinə baxırdılar.

Hafiz daha sonra mütəfəkkir şair Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında “Xəzinə” 2 hissəli pritçanı qələmə aldı. Xalq artisti Firudin Məhərrəmli əsərə quruluş verdi.

Nizami Gəncəvinin dərin fəlsəfəsi, İrfan ədəbiyyatının qüdrəti, “Xəmsə”nin müdriklik xəzinəsi iki saatlıq tamaşada ustalıqla verilmişdi.

Gəncə Dövlət Kukla Teatrında da Hafiz Ataxanlının monopyesinin yüksək səviyyədə hazırlandığını eşitdim. “Dərdlərimin çamadanı” monopyesi Qarabağ mövzusundaydı.

Ümumiyyətlə, Hafiz Ataxanlının yazı üslubu, mövzuya yanaşması, ədəbi mətni tam fərqlidir.

Qəhrəmanlarını ayrı bucaqdan işıqlandırmağı bacarır. Və ən əsası, hər sosial kateqoriyadan olan adamın dili ilə danışa, peşə vərdişləri ilə mizan qura bilir.

Hafizin hekayələrində kədərli təbəssüm var, dərd var, həm də Sabir Sarvan demiş “dərdi ələ salma” var. Gözlənilməz döngələr onun bədii yazılarının səciyyəvi cəhətləridir. Bir də bütün hekayə və povestlərində kinematoqrafik hava var. Bu da onun televiziya və kino sahəsində çalışmağından gəlir.

Yazıçının düşüncəsinə görə “Ədəbiyyat – ağrının özüdür” (Çexov).

“Bir dərdim var; min dərmana dəyişməm” (Ş.İ.Xətai) ifadəsini tez-tez işlədir. Şübhəsiz, bu da onun daha çox tragikomedik yazmasına sirayət edib.

Hafiz Ataxanlının zərif yumor hissi var. Qara yumoru çox sevir. Onun Yardımlı Xeyriyyə Cəmiyyətinin keçmiş sədri Elman Eldaroğlunun dəstəyi ilə 2011-ci ildə çapdan çıxmış “Başsağlığı və doğum haqqında şəhadətnamə” kitabında aforizmə çevrilə bilən çox ifadə tapmaq olar. Onlardan birini xatırlayıram: Mən sizin qarşınızda baş əyərdim, təəssüf ki, radikulitim var”.

Elə bu məqamda “Missiya” tamaşasından bir epizodu xatırlayıram. Azərbaycan əsirlərini zirzəmiyə gətirirlər. Tanınmış aktyor Mətləb Səfərli zala baxır, a bala, ay oğlum, hardasan? Görürsən, qanadların da gəlib. Başsız bədənini o traktora oxşar andırın altından çıxarıb, gəl bura. Bir azdan toyundur axı, - deyir, - a qırışmal, başsız bədənlə necə rəqs edəcəksən?

Sonra qəhqəhə çəkir. Tamaşaçılar öncə Mətləbin komik jestlərinə gülürlər. Sonra məlum olur ki, bu kişinin nişanlı oğlunu, cəsur döyüşçünü tələyə salıb tutublar, onun dizi üstündə başını kəsiblər. Başla futbol oynayıblar, bədəni tankın altına atıblar. Bundan sonra tamaşaçı salonundan hönkürtü səsləri gəlir.

Hafiz Ataxanlının yazılarının əksəriyyətində belə epizodlar var. Bir dəfə dostlarla söhbətdə vurğulamışdı ki, “Peşimançılıq” tragikomediyasını yazanda özümü saxlaya bilmirdim, ucadan gülürdüm, eyni zamanda gözlərimdən yaş axırdı.

Hafiz etibarlı dostdur, təmənnasız insandır, insanları sevindirməkdən zövq alır, dar gündə kara gəlir. Sadə və səmimidir. Hərçənd, dediyinə görə, çox vaxt səmimiliyini anlamırlar, ya da sui-istifadə edirlər. Tədbirlərin birində, çay məclisində ona bu barədə sual verdik, filankəs, filankəs yenə sizin işinizə əngəl oldular, - dedik.

Hafiz özünəməxsus təbəssümlə cavab verdi:

-Filankəsin o addımı atmasını təxmini bilirdim. Mən yazıçıyam, hadisə qururam, obraz yaradıram. Filankəsin xəbəri yoxdur ki, artıq mənim qəhrəmanımdır. Növbəti addımını da bilirəm. Gözləyirəm, görüm, içindəki zillət nə vaxta qədər onu gizlədəcək?!

Hafiz Ataxanlı yüzdən çox sənədli filmin ssenari müəllifidir. Lider televiziyasında, İstimai TV-də, AzTV-Mədəniyyət kanalında, Butafilm şirkətində, Salnamə studiyasında, Dövlət Sərhəd Xidmətində, ADA Universitetində, digər özəl şirkətlərdə maraqlı layihələr gerçəkləşdirib.

Həsən bəy Zərdabi mükafatı laureatıdır.

2011-ci ildə hekayə və povestlərdən ibarət “Başsağlığı və doğum haqqında şəhadətnamə” kitabı çapdan çıxıb.

“Mir Cəlal dünyası” kitabını rus dilindən tərcümə edib. 2025-ci ildə Xalq artisti Firudin Məhərrəmovun yaradıcılığını özündə ehtiva edən “Altıncı hücrənin remarkası” elmi-publisistik kitabı işıq üzü görüb.

1999-cu ildən AYB-nin üzvüdür.

Ötən ildən bəri “Ədəbiyyat və incəsənət” portalında mütəmadi yazıları dərc edilir. Böyuk xucu marağına səbəb olur onun yazıları. Daim manşetdə yerləşdirilir.

60 yaşının tamam olması günlərdə Hafiz Ataxanlıya bərəkətli, mənalı ömür, yaradıcılıq uğurları arzulayırıq!

 

“Ədəbiyyat və incəsənət”

(19.05.2026)

 

        

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.