Aynur İsmayılova,
“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi
Bəzi şeylər səssiz görünür. İfadə etmək üçün sözə gərək duymazsan, nə də bir başqa şeyə. Gəldiyi zaman üzündə xəfif bir meh əsər. Sənə toxunmaz, fəqət hiss etdirər. Bu duyğu haqqında çox şey deyə bilərsən, çox anlam yükləyərsən, amma heç zaman niyə gəldiyini, niyə sənə hiss etdirdiyini bilməzsən...
Bəzi şeylər hiss etmək üçündür, bəzi şeylər isə görmək.
Mənə toxunan isə səssiz görünən gerçəklərdir. Niyə gerçək? Çünki görüntü yanılda bilər, hiss etdiklərin isə əsla... Onlar həmişə gerçəkdir.
İçəridə çox şey var: şübhə, qorxu, sevgi, nifrət, yalan, günah, həqiqət, ümid, arzu, yaşam, ölüm... və daha çoxu. Bu çoxluqda gerçəyi tapmaq həm çətin, həm də asandır. Çətindir, çünki insan bəzən ən böyük yalanı özünə danışır. Asandır, çünki sən özünə yad deyilsən.
Özünlə baş-başa qalanda geriyə yalnız gerçək qalır. Gerçəyi görən hər kəs isə hisslərin yanıltmadığını yaxşı bilir.
Bu səssizliyi görmək hər kəsə nəsib olmur. Bu duyğunu bəlkə də çoxunuz heç anlamadınız. Ya sən o duyğunu verən, ya da hələ kəşf etməyənlərdənsən. Amma gerçək budur ki, görmək gözəldir, bir o qədər də ağırdır.
Bəzən görmədən yaşamaq ən asan yol kimi görünür. Amma bu yolun sonu olmadığını biləndə geriyə çəkilirsən. Çünki sən artıq görmüsən.
Hər nə qədər çətin olsa da, bəzən kor, bəzən kar, bəzən lal olmaq gərəksə də, sən güclüsən. Güclüsən, çünki çox az insanın görmədiyini sən çiyinlərində daşıyırsan. Bu, cəsarət tələb edir.
Bu sənin seçimin deyil, artıq bir vəzifəndir. İnsanlıq üçün verilən, yaşam üçün hazırlanan bir missiyadır bu. Sən sadəcə yaşamaq üçün yox, iz buraxmaq üçün gəlmisən...
Belə…
“Ədəbiyyat və incəsənət”
(18.05.2026)


