Gültac Əliyeva,
“Ədəbiyyat və incəsənət”
Qiyabi oxuyan tələbələrin adətən çox xatirələri olmur, xüsusilə də dərslərlə bağlı olanlar tez unudulur. Amma bəzən yaddaşda silinməyən kiçik bir an qalır. Mən də indi belə bir xatirəni xatırlamağa çalışıram. Müəllimimin adını nə qədər düşünsəm də, xatırlaya bilmirəm. Hətta hansı dərs olduğunu belə unutmuşam. Amma bir şeyi dəqiq bilirəm — o, çox gözəl və zərif bir qadın idi...
Bir gün bizə belə bir mövzu vermişdi: “Sizin üçün qəhrəman kimdir?”
Tələbələrin çoxu milli qəhrəmanlardan, qazilərdən, vətən uğrunda canından keçən igidlərdən yazmışdı. Şübhəsiz ki, onlar əsl qəhrəmanlardır. Amma mən mövzuya bir az fərqli yanaşdım. “Mənim üçün qəhrəman kimdir?” sualına öz dünyamdan cavab vermək istədim.
Müəllimə də bunu hiss etmişdi. Yazımı bəyəndiyini və mövzunun ruhunu tutduğumu vurğulamışdı.
Mən isə öz qəhrəmanımdan — həyat yoldaşımdan yazmışdım.
Bizdə yaxşı kişilər haqqında danışanda qürurla deyirik: “Onun damarlarında türk qanı axır”, “filankəs türk oğlu türkdür.” Mənim üçün isə bu sözlər sadəcə ifadə deyil — o, həm sadiq dost, qayğıkeş ata, həssas övlad, həm də əvəzolunmaz həyat yoldaşıdır.
O, sevginin özüdür. Bəzən kənardan onu izləyirəm — gözlərindəki qətiyyət, ürəyindəki sevgi, qəlbindəki mərhəmət məndəki eşqi yenidən alovlandırır.
Hərdən mənə elə gəlir ki, o, anamın mənə arzuladığı duaların gerçəkləşməsidir.
Mən demək istərdim ki, əgər bir qadın öz qızına həyat yoldaşı kimi belə bir ər arzulaya bilirsə, deməli, o qadın xoşbəxtdir. Mən də hər zaman arzu edirəm ki, qızımın həyat yoldaşı atası kimi olsun.
Hər kişiyə qadınının qəhrəmanı olmaq qismət deyil. Hər qadına da elə bir qəhrəmanla yaşamaq qismət olmur.
“Ədəbiyyat və incəsənət”
(01.05.2026)


