Qorxu - bu dövrün ən səmimi hissidir Featured

Harun Soltanov,

“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi

 

Cəmiyyət… bu sözün özü belə bir zarafatdır. Hamı ciddi qəbul edir, amma içi boşdur, sanki içi çıxarılmış bir kukla, yenə də "insan" deyə təqdim olunur.

 

Səhər tezdən bir adam oyanır. Gözlərini açır, amma özü hələ də yatıb qalır. Əl-üzünü yuyur, amma üzündəki maska çıxmır. Geyinir, dar qalstuk taxır, sanki boynuna nəzakətli bir ip keçirir. Güzgüyə baxır və deyir, "hə! Bax bu mənəm."

Güzgü isə içindən gülür. Əslində, ən böyük komediya budur. İnsan özünü tanımadan özünü təqdim edir. Bir gün bir kişinin vicdanı evdən qaçdı. Kişi isə bunu hiss etmədi, çünki o artıq çoxdan hiss etmirdi. Amma qəribəsi odur ki, həmin kişi işdə yüksəliş aldı. Çünki vicdansızlıq bu dövrdə çatışmazlıq deyil, üstünlükdür.

 İndi gəl, bir az daha yaxından baxaq bu "cəmiyyət qayğıları" na. Hamı deyir, "pul qazanmaq lazımdır."

Amma heç kim demir ki, "niyə?"

Pul qazanırsan ki, rahat yaşayasan da. Rahat yaşayırsan ki… yenə pul qazanmaq üçün enerjin olsun. Bu, dairə deyil, bu, "treadmill" dir, qaçırsan, amma yerində qalırsan. Və ən gözəliysə, sən buna "karyera" deyirsən.

Adam deyir "çox məşğulam."

Əslində demək istəyir ki, "özümlə tək qalmağa vaxtım yoxdur."  Bu, artıq bəhanə deyil, bu, müasir insanın ən sevimli sığınacağıdır.

Bir də münasibətlər var… bax orda isə komediya zirvəyə çatır.

İnsan deyir ki, "səni olduğun kimi qəbul edirəm."

Amma içindən əlavə edir, "amma zəhmət olmasa bir az dəyiş"

 Sevgi belə şərt müqaviləsinə çevrilib. Ürək artıq hüquqşünasdır. Sartr desəydi ki, insan azadlığa məhkumdur, bu gün ona bir əlavə də edərdi, "və bu azadlıqdan qaçmaq üçün Instagram hesabı açın.."  İndi hamı öz həyatını yaşamır, nümayiş etdirir. Sanki həyat bir sərgidir, biz isə eksponat. Gülüşlərimiz belə ssenarilidir. Hətta kədər də estetik olmalıdır, yoxsa izlənmə yığmır.

Bir adam ağlayır, amma düzgün bucaqdan. Çünki əsl ağrı belə "story" yə yaraşmalıdır. Və sən düşünürsən ki, bu artıq absurddur? Yox. Ən absurd hissə hələ qabaqdadır. İnsanlar xoşbəxt görünmək üçün bədbəxt olur. Bu, o qədər incə bir zarafatdır ki, Tanrı özü belə bəlkə də bir anlıq dayanıb baxır ki, "bunlar zarafat edir yoxsa həqiqətən ciddidirlər?"

 Bir insan bütün ömrü boyu başqalarının fikrindən qaçır. Amma sonunda anlayır ki, o "başqaları" heç vaxt onun haqqında düşündüyü qədər düşünməyib. Yəni o, illərlə boş auditoriyaya çıxış edib.

Alqış yoxdur. Tamaşaçı yoxdur.

Amma aktyor var, o da özünsən.

 İndi isə ən ağrılı gülüş gəlir. İnsan azad olmaq istəyir, amma seçim qarşısında donur. Çünki seçim məsuliyyətdir. Məsuliyyət isə bəhanələri öldürür. Və insan bəhanəsiz yaşaya bilmir.

Ona görə də cəmiyyət yaranır, kollektiv bəhanə fabriki kimi.

Burda hər şey üçün səbəb var.. "hamı belə edir", " zaman belədir", " şərait imkan vermir"

Əslində isə… heç kim etiraf etmir ki,"mən qorxuram."

Qorxuysa, bu dövrün ən səmimi hissidir. Sadəcə adını dəyişiblər.. "məntiq", "təcrübə", "reallıq."

 Bir insan arzularından imtina edir və deyir, "realist oldum."

Əslində isə sadəcə qorxdu. Və cəmiyyət onu təbrik edir. Çünki sistemə ən çox lazım olan şey, cəsarətsiz ağıldır.

Gülməli deyil? Bir də "normal olmaq" anlayışı var. Bu isə tam bir tragikomediyadır. Normal olmaq üçün insan öz fərqliliyini öldürür. Hamıya oxşayır. Hamı kimi düşünür. Hamı kimi yaşayır. Və sonra deyir ki, "niyə özümü boş hiss edirəm?"

 Çünki sən artıq sən deyilsən. Sən ortalama bir nəticəsən. Statistik bir səhv kimi yaşayırsan. Amma gəl, bir az da dərinə gedək. Axşam olur. Şəhər sakitləşir. İnsan evə qayıdır. Qapını bağlayır. Səssizlik başlayır.Və o an… maska bir az sürüşür.

 İçindən bir səs gəlir, "bu həyat sənin həyatındırmı?"  İnsan dərhal televizoru açır, telefonu götürür, musiqini artırır.Sükutu boğur. Çünki o səs təhlükəlidir. O səs həqiqətdir.

 Və həqiqət… bu cəmiyyətin ən uğursuz layihəsidir. Çünki həqiqət insanı oyadır. Oyanan insan isə idarə olunmur. İdarə olunmayan insan isə sistem üçün qəza kimidir.Ona görə də sənə deyirlər.. "çox düşünmə." ,"sadə yaşa." ,"başını aşağı sal." Yəni başqa sözlə, "oyanma!" Amma sən bir dəfə oyandınsa… artıq gecdir. İndi sən bu tamaşaya baxırsan və gülürsən. Amma bu gülüş yüngül deyil. Bu, içində bir az kədər, bir az nifrət, bir az da azadlıq daşıyır.Çünki sən artıq bilirsən.. Cəmiyyət, hamının ciddi oynadığı bir zarafatdır. Və ən böyük zarafat, insanın özünü itirib buna "həyat" deməsidir. İndi seçim sadədir, amma ağırdır. Ya sən də bu zarafata qoşulub güləcəksən, ya da kənarda dayanıb, hamının niyə güldüyünü anlayacaqsan. İkinci variant daha təkdir. Amma ən azından ordaki gülüş sənindir.

 

“Ədəbiyyat və incəsənət”

(29.04.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.