TƏLƏBƏ YARADICILIĞI – Sənan Abbasov, “Şəhid əmimin hekayəsi” Featured

 

“Ədəbiyyat və incəsənət” portalının Tələbə yaradıcılığı rubrikasında bu gün sizlərə Ağdam Sosial-İqtisad kollecinin tələbəsi Sənan Qurban oğlu Abbasovun yazdığı  “Şəhid əmimin hekayəsi” təqdim edilir.

Əziz tələbələr, sözümüz sizədir, siz də istedadlılara geniş meydan açan bu rubrikamıza yazılarınızı göndərə bilərsiniz.

 

 

Sənan Abbasov,

“Şəhid əmimin hekayəsi”

 

Mən əmimi heç vaxt görməmişəm. Abbasov Azad Süleyman oğlu mənim üçün divardan bizə məğrur baxan o şəkillər və atamla nənəmin bitmək bilməyən xatirələridir. Onu canlı görməsəm də, atamın hər dəfə ondan danışanda həm dolan, həm də qürurla parlayan gözlərindən tanımışaməmimi. Nənəmin hər dəfə onun adını çəkəndə titrəyən səsindən, illərdir pəncərə önündə yorulan ümidli baxışlarından tanımışam onu...

 

20 fevral 1974-cü ildə Ağdərə rayonunun Kərəmli kəndində anadan olub əmim. 1992-ci ilin o ağır günləri başlayanda atamgil doğma yurdlarından didərgin düşüb Bərdə rayonuna, çadır şəhərciyinə qaçqın gəliblər. Mən o illəri görməmişəm, amma atamgilin o çətinliklərdən necə danışdıqlarını həmişə eşitmişəm. Hər kəs çadır şəhərciyinin o ağır şəraitinə uyğunlaşmağa çalışanda, Azad əmim ailəsini yerbəyer edib dərhal cəbhəyə qayıdıb. O, ailəsi ilə təhlükəsizlikdə qalmağı yox, kəndi qorumağı seçib. Atam deyir ki, o vaxt ona nə qədər “getmə” desələr də, o, vətənə o qədər bağlı idi ki, bir addım da geri çəkilməyib. Deyib ki: “Mən getməliyəm, kəndimizə qayıdacam.” Cəmi 18 yaşı var imiş, elə o mərdliyi ilə də Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub.

Əmim həm səsinə, həm də igidliyinə görə döyüş yoldaşları arasında çox sevilərmiş. Müharibənin o ağır vaxtlarında o, öz yanıqlı səsi ilə oxuduğu mahnılarla yoldaşlarına ruh verər, hamı ona böyük maraqla qulaq asarmış. Təəssüf ki, o unudulmaz səs 1992-ci ildə əmimin şəhid olması ilə birgə əbədi susdu. Döyüş yoldaşları onun olduğu tankın vurulduğunu görsələr də, o vaxtdan bəri nəşini tapmaq mümkün olmayıb.

O vaxtdan bəri atam, əmilərim, nənəm hələ də bir soraq gözləyirlər. Tam 34 ildir ki, bizim evdə hər qapı döyüləndə ailənin ürəyi “bəlkə bir xəbər gəldi” deyə döyünür. Kaş bir sorağı çıxar, heç olmasa nənəmin, atamın gözləri yoldan yığılar. Bir məzarı olar ki, qardaşları, bacısı, o saçını əminin yolunda ağardan anası o daşa sarılıb rahatlıq taparlar.

Ailəmiz o çadır həyatından çıxsa da, Azadın həsrəti və səsi evimizdən heç vaxt çıxmayıb. Amma indi böyük bir təsəllimiz var: əmimin uğrunda canını qoyduğu, “qayıdacam” dediyi o Kərəmli kəndi, o uca Ağdərə artıq azaddır, bizimdir.

İndi isə demək istəyirəm ki, Əmi, sənin adını hər yerdə qürurla çəkən, səninlə fəxr edən bir qardaşın oğlu var. Ruhun şad olsun! Sənin və bütün şəhidlərimizin qanı yerdə qalmadı. Şükürlər olsun ki, artıq Ağdərə də sənin adın kimi Azaddır!

 

“Ədəbiyyat və incəsənət”

(27.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.