“Nağıl ancaq çata bilinməyən arzulardan qaçmaq üçün bir yoldur...” Featured

Aytən Ağasıyeva,

“Ədəbiyyat və incəsənət”

 

“ARAXNA”

HEKAYƏ

 

“Afinaya meydan oxuyan Araxna öz torundan asılaraq gecə-gündüz toxuyub yaradır,  Mosart aristokratiyanı lağa qoyan  və Vyanada qadağan olunmasına baxmayaraq  yazdığı “Fiqaro evlənir” operası ilə böyük klassika yaradır... Yaradıcılıq nədən və hardan başlayır görəsən? Və ya insanda yaradıcılıq nədən yaranır?”- fikirlərinin qarışıq dumanında itən Məleykə otağın qaranlıq bir küncündə oturaraq, pəncərədən görünən mətbəxin yanılı işığın çöldəki heyva ağacının tozlu yarpaqlarını parlatmasını izləyirdi. Qonşunun həyətindən isə balaca Əsranın səsi gəlirdi. Balaca Əsra nənəsini adı ilə çağırırdı.  Bəli, nənəsini adı ilə çağırırdı..

 Doğulduğu, böyüdüyü, tərbiyə edildiyi yerdən asılı olaraq insanın dəyər anlayışı, düşüncəsi dəyişir.  Necə ki,  bir zamanlar Şərq xurafat dalğasının qara pəncəsi altında əzilməkdə olduğunu görən Seyid Əzim Şirvani “Guş qıl” müxəmməsi ilə qəflət yuxusunda yatanlara -  Şərqə musiqinin heç də günah olmadığı həqiqətini var gücü ilə bağırırdı. İndi artıq “Məşədi İbadlar”ın sayı da azalırdı – deyə ömrünün ortalarında olan Məleykə düşünürdü. Lobya bitkisinin enli yarpaqlarında yaranan uzun cizgilər kimi, Məleykə də aynaya baxanda gözlərinin kənarında həmin cizgiləri xatırladan qırışlar görürdü. Gözlərinə yaşıl qələmi çəkməkdə belə hövsələsiz, hər gün istifadə elədiyi dodaq boyasını sürməkdə belə tənbəllik edirdi. Bir müddət aynaya baxaraq cavanlıq illərini xatırladı. O günlərdə hər kəsdən gözəl idi, tellərini sarı rəngə boyayar, bədəninin formasını gözəl göstərən donlar geyərdi. Qara qaş, qara gözləri də üzünün ağlığını ortaya çıxarardı. Qəfildən oyanaraq indiyə qayıtdı. Qaşları, kirpikləri tökülmüş, bədəninin formasını itirmişdi. Həmin Məleykədən əsər əlamət qalmamışdı. Bəzən zarafatla deyərdi: “Mən cavan olanda araxna kimi öz torumdan asılı qala bilirdim, amma indi oturduğum yerdən kiminsə yardımı olmadan dura bilmirəm ay əzizlərim”- ailədə hər kəs onun sözünə gülərdi. Məleykə saatlarla oturub kitab mütaliə edərdi, yemək vaxtı gələndə ara verib, daha sonra mütaliəsinə yenidən qayıdardı.

 Dan ulduzu (Venera, başqa adla Zöhrə- Aydan sonra səmada ən parlaq göy cismidir) söküləndə Təhminə səhərin mehini zoğal ağacının başında hiss edirdi. Zoğal ağacının yarpaqları bütün bədənini dalayırdı. Amma ağacdakı qızarmış zoğalları dərməli idi. Atası gəlib ağacda bir ədəd də zoğal görsəydi yaxşı olmayacaqdı. Təhminə uzun qol köynək geyinib, başına da yaylıq bağlamışdı. Yaylıq bəzən ağacın budaqlarına ilişib, onu narahat edirdi. Vedrəni doldurduqca bağladığı ip ilə aşağı sallayırdı, oğlunu çağırır Mehdi də gəlib, vedrənin ipini açıb, boşaldır, təkrar ipi bağlayır Təhminə də vedrəni yuxarı çəkirdi. “Mehdi, bala yerə tökülən zoğalları yığ, baban gəlib, görməsin” - deyirdi

Mehdi telefonunu yerə qoymurdu, bir əlində telefon bir əli ilə də zoğalları bir-bir yaş torpağın, peyinli torpağın üstündən balaca qırmızı vedrəyə yığırdı. Bitirdikdən sonra:  “Ana, mən getdim”-dedi. Anası da əsəbi-əsəbi : “get də bala, mən səni ip ilə bağlamamışam ki, günah olar gəlib anana kömək etsən”-dedi.

Məleykə Mehdini çağırıb, onu pilləkənlərdən düşürməkdə kömək etməyini istədi. Mehdi damarları dərisinin üzərindən  görünən nənəsinin əlindən tutaraq həyətə enməyinə kömək etdi. Nənəsindən qəribə qoxu gəlirdi. Pilləkənləri düşə-düşə: “görəsən nənəm bu yaşında o boyda kitabı necə oxuyur, oxuduqlarını başa düşürmü?”-deyə düşünürdü.

 Məleykə tualetə girib qapını örtdü. Mehdi isə qonşunun qurumuş qoz ağacının yarpaqlarına baxa-baxa, həyətdəki gölün açıq krantından gələn suyun səsi altında nənəsinin niyə gecikdiyini düşünüb, narahat olmağa başladı. Nənəsini çağırmağa da utandı. Bir az da gözlədi. Gedib ağacdakı anası ilə söhbət etdi. Bir də gördü ki, tualetin qapısı açıldı, nənə əllərini yuyur. Nənə Mehdini çağırdı:

- Hardasan ay bədbəxtin oğlu, gəl kömək elə yuxarı qalxım.

 Mehdinin bədbəxt sözündən heç xoşu gəlmirdi. Ana nənəsi həmişə ölən atasının adını demək əvəzinə bədbəxt deyərdi, ata nənəsi isə ölmüş deyərdi. Həmişə atasından söhbət düşəndə “bədbəxt də bunu sevərdi”, “bu da ölmüş kimi lap əsəbi di haa”, “kaş ölmüş də bu günləri görərdi”,  “bədbəxt uşaq vaxtı oğlunu qucağından yerə qoymazdı”- ölmüş və bədbəxt sözü atasının adını əvəzləyərdi. Bəlkə də atası öz əcəli ilə ölmədiyindən onu bu cür xatırlayırdılar. Mehdinin atası intihar eləmişdi. 

Mehdi nənəsinin açıq kitablarının arasında qalaqlanmış yazılı kağızlar tapdı. Tao, tasavvuf, fizik, metafizik,  İnsan ara bölgede duran varlık olmayıp, bizzat ara bölgenin kendisi olmaktadır, ara bölge-“berzah”, yaşayan felsefe, Nietzsche, Martin Heidegger, Aşık Veysel, İbnül arabi, Yunus Emre, Celaleddin Rumi, Ahmet yasevi,  Satori, “geç ak ile karadan, halkı bırak aradan”, öznel ruh, tümel ruh, Kuranın fecr suresi, Fuzuli-

“ gelin ey ehl-i hakikat çıkalım dünyadan

Gayr yerler gezelim, özge sefalar sürelim

Nice bir dehrde evza-ı mükerrem görelim”,

 Nefs-i Raziyye, töz, aşk, maşuk – kimi türkcə sözlər yazılmışdı. Mehdi bu sözlərin heç birini anlaya bilmədi. Nənəsinin ağır-ağır nəfəsinin səsini eşidəndə tez kağızlar olan masadan uzaqlaşdı. Nənəsindən həm qorxurdu, həm də ondan o yazdıqlarının nə olduğunu öyrənmək istəyirdi. Nənəsi Məleykə danışmağı heç sevməzdi. Ancaq oxuyurdu, bəzən yenə ağ kağızlar götürüb o kağızları mürəkkəblə doldururdu. Mehdiyə isə: “sən başa düşmərsən, get öz işinlə məşğul ol, vaxtı gələndə hər şeyi qavrayacaqsan”- deyərdi.

Mehdi nahar yeməyinə bir saat qaldığını görüb, anasının yanına getdi. “Ana, çay istəyirsənmi gətirim?”- deyə soruşmaq istədi. Amma soruşmadı. Təhminə ağacdan enmişdi. Tozlu əlləri ilə başını qaşıyırdı.

Məleykə otaqdakı milçəkləri qovurdu. İçərisi stəkan və şüşə qablarla dolu olan mebelə baxırdı. Bu mebeli heç bəyənmirdi. Fikrindən mebelin içindəki hər şeyi götürüb, zibil yerinə atmaq keçirdi. Otaqda lazımsız şey istəmirdi. Mebel həm otağı balacalaşdırırdı həm də köhnə olduğuna görə ürəyini sıxırdı. Qoy Oqtay kişi evə gəlsin, bu mebeli də yığışdırıb götürsün deyə fikirləşdi. Təhminə evin pərdələrini yumaq üçün çıxarmışdı. Pərdəsiz ev lap çılpaq görünürdü. Heç işlətmədikləri televizorun üstünü də toz basmışdı. Gərək Mehdiyə deyim bir dəsmalla bu tozları alsın, anasının vaxtı olmur.

Təhminə bir müddət yerə baxaraq keçmiş günləri xatırladı. Mehdinin atası ilə xoşbəxt yaşadığı illəri. İndicə ağacdan endiyinə görə ayaqları hələ də titrəyirdi. Nişanlı vaxtı olanda Mehdinin atası həftədə 3 dəfə onu görməyə gəlirdi. Həmişə qonşu Nurlanın iti hürəndə bilirdi ki nişanlısı gəlir. Nurlanın iti özgə adam görəndə hürməyə başlayırdı. Təhminə birlikdə Yalqız ağacına getdikləri günü xatırladı: Rəvayətə görə çox çox qədim zamanlarda kənddə Bəşir adlı bir kişi yaşayırmış. Odunçu Bəşirin bir qızı var imiş, adı Səlbinaz, özü də çox gözəl imiş. Kəndin dəliqanlı cavanları Səlbinaz üçün ölürlərmiş. Amma Səlbinaz könlünü kəndlilərin qoyun quzusunu otaran çoban Şəhriyara veribmiş. Çomağı ilə dağ canavarlarını öldürən Şəhriyar da kənd qızlarının çoxunun ürəyinə yatırmış. Bu kəndin varlı ağalarından Saleh Səlbinazın eşqindən dəli divanə idi. Onu qarabaqara izləyir, göz verib işıq vermirdi. Bir gün qızı qaçırmaq istəyir, bundan duyuq düşən Səlbinaz dağlara qaçıb Şəhriyara çathaçatda qəzəblənmiş Salehin atdığı oxa tuş gəlir və qız yaralanır, bu zaman namusunun ləkələnməməsi üçün Allaha yalvarır ki,onu ağaca döndərsin. Səlbinazın duası eşidilir. Qız Həmişəyaşıl ağaca, yalqız ağaca çevrilir. Saleh ağa isə qara daşa çevrilir. Təhminə ilə nişanlısı o qara daşın üstündə oturdular. Nişanlısı sual edirki, sən də Səlbinaz kimi mənim eşqimdən başqasının olamamaqdan ötrü Allahdan Yalqız ağac olmağı istəyərdin? - Təhminə bir anlıq ağzında palçıq dadı hiss etdi, palçığa qarışmış zoğalı ağzına qoymuşdu, getdiyi xatirələrdən ayrılıb:

-Eeeh, eeeh- dedi və qar dənələri kimi  yerə ələnmiş zoğalları bir bir yığıb, nahar yeməyini hazırlamağa getdi.

Mehdi çaydanın altını yandırmışdı. Mürəbbə ilə bir stəkan çay içdikdən sonra Təhminə saata baxdı. Birə on dəqiqə qalırdı. Soyuducuda dördə bir hissəsi qalan qovun, bir parça pendir, dünəndən bişirilmiş və artıq alan yumurta çığırtması, yanmış toyuq əti, və qatıq var idi. Məleykə xanım üçün qovun kəsdi, bir az da qaynadılmış, buxara verilmiş göy lobya qoyub, yanında da bir parça çörəklə anasının olduğu otağa getdi və Məleykənin divanda  uzanıb, gözlərinin yenicə nəmlənmiş uzun kirpikləri ilə Oqtayla Əlincə qalasında çəkdirdikləri şəkilə baxdığını gördü:

-Ana, - deyə çağırdı. Anası isə:

- Nə olub, qulağımın dibində qışqırırsan?- deyə səsini qaldırdı. İnsan bir qapını döyər.

Təhminənin gətirdiklərini yanına qoyub otaqdan çıxmağını istədi. Açıq pəncərədən gələn azan səsini eşidib, yeməyi soyumadan qabdakıları bitirməyə başladı. Boş qabları gəlib aparsın deyə Mehdini çağırdı. Mehdi otağa daxil olanda nənəsinin yanındakı şəkli gördü:

- Nənə şəkildəkilər kimdi?

-Bu şəkli deyirsən? Deyə nənə şəkli əlinə alıb, Mehdiyə göstərdi

-Hə nənə, şəkildəki qadın sənsən?

-Hə oğul, mənəm. Yanımdakı da sənin baban Oqtaydı. Bu şəkli çəkəndə mənim 22, babanın isə 38 yaşı var idi.

-Necə də gözəl görünürsən ay nənə- Mehdi gülərək şəklə baxdı. Babam da yaşını heç göstərmir. Demək sizin aranızda 16 yaş ? Bunu bilmirdim.

-Oğul bəli, baban hər zaman cavan görünür, çünki özünə hələ o vaxtdan çox diqqət edirdi, yeməyinə içməyinə. Uzun və arıq olduğuna görə də cavan görünürdü. Bizim aramızda 16 yaş olmağına baxmayaraq biz o yaş fərqini aşmışdıq.  Ruhlarımız bir birini tapmışdı.

-Ruhumu? - deyə Mehdi soruşdu

-Hə oğul, Ruh

-Mən sənin dediyini başa düşmürəm ay nənə.

-Oğlum, gün gələr bu dediklərimin hamısını sən də anlayarsan tələsmə. Bu şəkli çəkdirəndə, noyabr ayının onu idi. Babanla birlikdə Əlincə qalasına çıxmışdıq.  Pillələri qalxa -qalxa  sadəcə bir şair olmaq istəyən, Ankarada doğulmuş, əslən Maraşlı olan Cahit Zarifoğlunun da yer alıdığı “yeddi gözəl adam” filmi barədə danışırdıq. Əlincənin tam yuxarısına qalxmışdıq. “Teymur” deyə qışqıran babanla çox xoşbəxt idik. Ətrafda yanan işıqların altında yalnız ikimiz idik. Baban məni sevdiyini ilk dəfə orda söyləmişdi. Ona ilk dəfə orda sarılmışdım.

-Mehdi?, Mehdi hardasan?-deyə anası çağırdı.

-Burdayam, gəlirəm.

Mehdi qabları da götürüb, nənəsindən ayrılıb, mətbəxə getdi.

-Gətir, qabları yuyum. Harda qaldın?

-Nənəmlə söhbət edirdik.

-Nə danışırdı yenə nənən?

-Heç, babam və özü barədə danışırdıq.

-Nənəni çox yorma, oğlum. Bilirsən ki, xəstədir. Onu çox yormaq olmaz. İndi isə get, iki saat da test həll et, riyaziyyat kitabını aç, bir az laqorifma və kök altı ifadələrdən həll et. Kitabın arxasındakı cavablara baxma. Yazıb bitirdikdən sonra isə Oqtay babanı qarşılamağa gedərsən.

Təhminə anasının otağına getdi. Məleykə xanım Latın Amerikası və xüsusilə İspaniyada daha çox yayqın olan siesta yuxusuna getmişdi. Siesta yuxusu yüksək təzyiqi aşağı salır, yaddaşı möhkəmləndirir və yaradıcı təxəyyülü stimullaşdırır. Ona görə də Təhminə ayaqlarını yerə yavaş yavaş basaraq qapını örtüb, ehtiyatla otaqdan çıxdı. Fikirləşdi ki, 10-30 dəqiqəlik günorta yuxusu anasının gecə yuxusuna mənfi təsir etməz, əksinə onu artıq stresdən qoruyar.  Həmçinin ürək damar sisteminə də yaxşı təsir göstərər.

Yığdığı zoğalları yerə sərib, yaşıl yarpaqları təmizləyib kənara atdı. İşıqlar sönmüşdü, hava isə tutqun görünürdü. Təhminə bu gün həftənin birinci günü olduğuna görə qonşunun oğluna ingilis dilindən fərdi hazırlıq keçməli idi. Uşaq harda olsa özünü yetirəcəkdi.

Qonşunun uşağı gəldi. “Find the number of letters “p” in the sentence (cümlədəki p hərflərinin sayını tapın)”, “The dog is under the table”, “Complete the sentence” -kimi suallardan yorulan və bir saatdı ki, fasiləsiz test həll edən uşaq üçün yeni test həll etmək və sonradan lüğət öyrənmək çətin gələcəkdi. Ona görə  uşağa 10 dəqiqəlik fasilə vermək istədim.  Sonra isə “Mənim oyuncağım var, o gəlincikdir” cümləsini ingiliscə tərcüməsini soruşdum. Uşaq isə dedi:

-Ay həv e toy, it iz boll

Mən onun səhvini düzətdim:

-Ay həv e toy. İt iz e doll

Yeni sözləri də öyrəndikdən sonra saat dördü iyirmi dəqiqə keçirdi. Tapşırıqları verib, uşağı evinə yolladım.

Bolluca nanə ilə bişirilmiş katlet iyisini hiss edən Mehdi maykalı halda gedib, yeməyin qapağını qaldırdı. Katletin qoxusundan nəfsinə hakim ola bilməyib, bir tikə tutdu və isti isti dili yansa da yeməyə başladı. Anamın əlləri yaman dadlıdı, heç kəs onun kimi bişirə bilmir. Gizlicə tikə tutub ayaq üstə yemək də tamam başqa aləmdi. Aman Allahım, mən babamı qarşılamalı idim. Tamamən yadımdan çıxıb. Tez köynəyimi geyindim küçəyə getdim. Biraz gözlədikdən sonra babamın sarı taksidən düşüb mənə doğru gəldiyi gördüm. Babamda heç bir dəyişiklik yox idi. Eyni geyimdə, eyni ayaqqabıda və yerişi də eyni idi. Sadəcə uzaqdan da görə bildiyim qədərilə eynəyini dəyişmişdi.

Yaxşı ki gəldin, mənim babam – deyib onu qucaqladım

Mehdim, canım oğlum, böyümüsən ki- dedi

Hə baba, yer günəş ətrafında hərəkət etdikcə mən də dəyişirəm, böyüyürəm. Amma görürəm sən eyni qalmısan, canım babam.

Ağıllı balam – deyib, məni bağrına basdı.

Anam babamı görəndə gözləri doldu, onu qaçıb qucaqlamaq istədiyini ürəyinin döyüntüsündən hiss edə bilirdim. Amma anamla babamı bu cür səmimi heç vaxt görməmişdim, ona görə də təsəvvürümə gətirmək də çətin olurdu.

Anam salamlaşdıqdan sonra, babamı nənəmin otağına apardı. Babamla nənəmi otaqda tək qoyub, qapını örtdük.

    - Oğlum baban Təbrizdən indicə gəlib, çox uzun yol gəlib. Ona görə biraz səssiz ol, həm yorğundu, həm də nənən üçün çox darıxıb, çox sual soruşma, hələlik evdə dərslərini özün həll et, dostlarını evə gətirmə, nənən üçün sakitçilik lazımdır- anam dedi.

   -Yaxşı, anacan- sadəcə bunu deyə bildim.

Babam taksidən düşərkən əlindəki qəpikləri mənə vermişdi. Mən də anamdan icazə alıb, doritos almaq üçün dükana getdim. Babam gəldiyi üçün çox sevinirdim.

Çay istəyib istəmədiyini soruşmaq üçün qapını döydüm. Atam paltarlarını dəyişməmişdi. Anamın rəngi özünə gəlmişdi sanki. Balaca olanda onlar kimi atam və anam olduğu üçün həmişə fəxr edirdim. Atam mənim universitete qəbul olduğumu biləndə anama və mənə hədiyyə almışdı. Mən bilirdim ki, anamın bu dünyada ən böyük hədiyyəsi atamdı. Onların sevgiləri çox böyük idi, bir birlərini hiss edirdilər. Mən də hər zaman onların sevgisi kimi bir sevgi arzulamışam özümə. Mehdinin atası ilə tanış olanda  bu sevgini tapdığımı hiss edirdim. O mənim atamdan sonra sevdiyim ikinci oğlan idi.

Nə oldu donub qaldın Təhminə?- atamın sözündən dik atıldım

Heç ata, çay içmək istəyib istəmədiyinizi soruşmaq istədim

Yolda gələrkən köhnə dostum Valeh ilə rastlaşdım. Onunla bir yerdə oturub çay içmişəm narahat olma qızım, get dincəl.

Anamın da içmək istəmədiyini düşünüb, otaqdan çıxdım. Mehdi əlində doritos stolda oturmuşdu. Əlləri doristos yeməkdən qırmızı olmuşdu.

Anacan soyuducuda soyuq su varmı?- soruşdu

Var oğlum, aç götür-dedim

Ana , babam Təbrizdə nə işlə məşğul olur?, niyə uzun müddət idiki evdə yox idi?

Oğlum, baban mühəndisdir. Bəzən işləri ilə əlaqədar olaraq xaricə getməli olur. Bu dəfə də işinin tez bitməyinə baxmayaraq, dostları onu buraxmayıblar, bir müddət dostları ilə qalmağını istəyiblər.

Oqtay Məleykənin kitablarına tərəf baxırdı. 32 il öncə Məleykəyə verdiyi balaca ayı da kitabların arasında idi. Ayını əlinə alıb o günləri xatırladı.

Məndən ayımı aldığın günü xatırlayırsan?

Hə, bəs necə bilirsən?

Heç icazə də almadın, eləcə götürüb getdin

Mən içimdən gəldiyi kimi hərəkət elədim. Və budur bu ayı da bizim hekayəmizin bir parçasına çevrildi. Peşmansan?

Xeyr, yaxşı ki sən, yaxşı ki biz, yaxşı ki ayı..

O günü o ayını səndən almasaydım, fərqli şeylər olacaqdı, bəlkə də biz olmayacaqdıq.

Olcaqdı, yenə də olacaqdı. Çünki bu belə də olmalı idi.

Ağacın altında əsəbi əsəbi yediyin armudları xatırlayırsan?

Bəs sən məzun günümdən sonra görüşümüzü xatırlayırsan?

Məleykəm....

Nənəmin L-tiroksin, ko-prenessa dərmanları, dünən axşamdan alt çənəsindən çıxardığı dişləri, ağzı açıq şəkər qabının və qurumuş mixək qırıntılarının arasından colgate diş pastasını və diş fırçamı tapıb, dişlərimi fırçalamağa başladım.

Messesdra Şirin bacı nənəmin iynəsini vurmağa gələcəkdi. Şirin bacı yenə iki əli arxasında, parlaq hicabını, ağ qara köynəyini və qara yupkasını geyinib gələcəkdi. Anam oturmağı üçün döşək verəndə “bu yay günündə döşəkdə otura bilmirəm qızım,” deyərdi : “belə öyrətmək kimi olmasın sağ əlini uzat, məleykə bacı, qorxma, gülüm qorxma damarını tapdım” – iynəni vurduqdan sonra əllərini üç dəfə salavatlayar, beş dəfə də yuyardı.

Yenə əllərini yudu amma su kranını bağlamadı.

Mehdi, kranı sən bağla- dedi. Hə, Təhminə, bu son iynəsi idi. Maşallah yaxşıdı Məleykə bacı, biraz səssizliyə ehtiyacı var, bir iki günə də heç nəyi qalmaz.

Anam istifadə olunan dərman şüşələrini zibil qabına atdı. Mən qanlı iynələri çıxarıb, şpirisin içinə su doldurdum. Küçəmizdəki uşaqlara su fısqırdım, qaçıb yenidən doldurdum və yenə onlara fısqırdım. Babamın məni səslədiyini eşitdim

Mehdi , bura gəl balam.

Gəlirəm ay baba.

Həyətdə iki qara qarğa qarıldayırdı. Babam :

Xeyir xəbər qəcələ, xeyir xəbər- deyərək onları izləyirdi.

Gəldinmi, Mehdi. Gəl bura gör sənə nə göstərəcəyəm.

Baba, göstərməzdən öncə de görüm, o qarğalar niyə elə səs çıxarırlar?

Oğlum bilirsən ki qarğalar üç yüz ilə yaxın ömür yaşayırlar.

Hə bilirəm, hətta bildiklərimi səninlə paylaşım. Qarğa antik mifologiyada, qədim misirdə səmanın, günəşin simvoludur. Bir yerdə oxumuşdum ki, Siseronun ölümünü əvvəlcədən qarğa xəbər vermişdi. Hindularda qarğa günəşin simvolu, yaradıcı sayılır. Ona “Qara tanrı” deyirlər.

Düzdü, Mehdi . Qarğa səs çıxaradanda səsi “kras” kimi eşidilir. “Kras” isə latın dilində “sabah” deməkdir. Heç maraqlanmısan ki, qarğalar niyə üç yüz ilə yaxın yaşayırlar?

Yox baba. Sən bilirsənmi?

Naxçıvanda yayılan bir rəvayətə görə Xızır peyğəmbər bir bardaq dirilik suyu götürür ki, gətirsin insanlara. Yolda bir ağacın, bəzi rəvayətlərə görə, çinarın kölgəsində yatır. Bardaq aşır, su dolur bir çuxura. İki qarğa gəlib sudan içirlər. Ona görə də qarğalar üç yüz il yaşayırlar. Çinar ağacı da uzun-ömürlüdür. Ordubad rayonunda ən yaşlı çinarlara rast gəlinir.

Bunu da əlavə eliyim ki, Qarğa Gilqamış dastanında tufandan sonra torpağa çatmanın müjdəsini verib. Böyük İsgəndərə Qədim Misirdə iki qarğa Amon məbədinin yerini göstərib. Qalxanın üzərində həkk edilən qarğa təsviri günahlardan təmizlənmə simvolu sayılıb....

Baba, gözlə... Hamısını yadımda saxlaya bilməyəcəm. Triqonometriyanın düsturlarını yadda saxlamaq ondan asandır ki..

Ay balam.... Əziz balam. Babanı güldürdün ki sən.

Babamı qucaqladım, az qala gülməkdən yerdəki qızarmış çiyələklərin üstünü əzəcəkdik. Məni niyə çağırdığını öyrənmək istədim, amma bir tərəfdən də sakitcə onun qucağında ürəyinin döyüntüsünü dinləmək istəyirdim. Görəsən insan doğulandan yaşlanana qədər ürəyinin döyüntüsü heç dururmu, əllərinin üstü qocaldığı kimi ürəyinin damarları da öz fünksiyasını itirirmi yavaş yavaş, zəifləyirmi.. yoxsa insanın ürəyi elə doğulduğu andan öldüyü ana qədər eyni qalır..

Mehdini qucaqlayanda atasını xatırladım. Həkim Polad.. Mehdi Poladı xatırlayırmı bilmirəm. Amma bilirəm ki onun üçün çox darıxır.

Polad Səhiyyə Nazirliyində işləyirdi. Bəzi insanları vəzifəsindən azad edirdilər. Sanki çevriliş baş verirdi. Polad da vəzifəsindən azad edildi. Bir müddət özünə gələ bilmədi. İnsanların dillərini anlamayanda bir anlıq oyunun ortasında dayandığımız anlar olur. Polad da o vəziyyətdə idi. Polad vəziyyəıtini anlamaqda çətinlik çəkirdi, olanları qəbul edə bilmirdi. Daha sonra atasını itirdi, iki il keçmədiki anasını da nəfəs çatışmamazlığından itirdi. Təhminə ilə evliliyi yolunda getmirdi. Bir həftə idi ki Təhminə bizim evə gəlmişdi. Polad ilə danışmırdılar. Artıq boşanma vərəqləri də imzalanmışdı. Hardan bilmək olardı ki, Polad bir gecədən sabaha sağ çıxmayacaq. Bəlli ki, istifadə elədiyi kimyəvi, narkotik maddələr onu məhvə sürükləmişdi. Poladın intihar etdiyini eşidəndə din, iman, məzhəb və etiqadın ölümün qarşısında nə qədər süst, uşaqcasına göründüyünü bütün nəbzimlə hiss edirdim. Bütün həyatımız boyu ölüm bizə əl yelləyir, amma xoşbəxt və həyatından məmnun insanlar onu görməzdən gəlirlər. Polad isə ölümünə intiharla qucaq açmışdı.. onun parçası olan övladını belə ağlına gətirməmişdi. Düşündüm ki, bəlkə də ölümünün yaxınlaşdığını, ipini boğazında hiss edəndə bəlkə də ondan qurtulmaq, boğazından çıxarıb atmaq istəyib, amma bütün ətaləti ilə elədiyi cəhdlər boş olub, son anda gözünün önünə Mehdi gəlib, Mehdinin dünyaya gəldiyi gün, Təhminə ilə birlikdə oxuduqları universitet illəri, evləndikləri gün,  Məleykə xanıma aldığı sürpriz hədiyyə, birlikdə balıq tutduğumuz günlər, göbələk yığdığımız dağlar...bütün bunların hamısını gözünün önündə bir lent kimi izləyib. Amma ölümündən qaça bilməyib.. Görəsən ölən insanlar həmişəlikmi məhrum olur  bu dünyadan..?

Baba sən mənə nə göstərəcəkdin?

Mehdinin sualı ilə fikrimin dərinliyindən ayrıldım.

Təbrizdən gələrkən, Şah gölündən sənə “bayram” balığı gətirmişəm. Gör necədir?, Xoşuna gəlir?

İndi bu qırmızı balıqlar doğrudan mənimdir?

Sənindir, əziz balam

Çöldə Oqtay ilə Mehdinin balıqlarla oynadığını izləyirdim. Bir tərəfdən də Təhminənin onları izləyərkən uzun müddətdir üzündə görmədiyim gülüş bərfinlərini görürdüm. Əvvəl çox uşaqcasına narahatlıqlar yaşamışıq deyə düşünərək  “Kor Bayquş”-dan bu cümlələrini oxumağa başladım:

“Min illərdir, eyni sözlər deyilib, eyni cütləşmələr baş verib. Bu həyat başdan ayağa bir gülməli hekayə, inanılması mümkün olmayan axmaq bir nağıl deyilmi? Mən  öz əfsanəmi, nağılımı özüm yazmırammı? Nağıl ancaq nakam arzulardan, çata bilinməyən arzulardan qaçmaq üçün bir yoldur. Hər nağılçının öz məhdud və ona miras qalmış əhval-ruhiyyəsinə əsasən təsəvvür etdiyi arzularından qaçmaq üçün bir yol...”

 

“Ədəbiyyat və incəsənət”

(24.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.