Qarayaz dövrü Güləyaz dövrünə keçdi Featured

 

Nərgiz Mustafayeva (Gəncə),

“Ədəbiyyat və incəsənət”

 

 

Qarayaz dövrü aprelin 20-də öz yerini yazın ən gözəl, ən rəngarəng mərhələsi olan Güləyaza (və ya Güllü yaza) verir. Əgər Qarayaz sınaq və zəhmət dövrüdürsə,

​aprelin 21-dən iyunun 20-nə qədər davam edən bu dövr xalq təqvimində baharın tam qələbəsi sayılır. Artıq “Keçiqıran” soyuqları geridə qalmış, torpaq tam isinmiş və hər tərəf yaşıl xalıya bürünmüşdür.

 

“Güləyaz” adının mahiyyəti birbaşa təbiətin “gülməsi” və çiçəklərin açması ilə bağlıdır. Xalq deyir: “Qarayazda qarın doymaz, Güləyazda gözün doymaz.” Yəni bu dövr o qədər gözəl və estetik olur ki, insan təbiətin mənzərəsindən doymur.

Güləyazın gəlişi ilə kənd təsərrüfatında yeni bir canlanma başlayır. Heyvanlar təzə və şirəli otla qidalandığı üçün südün ən yağlı və bol olan vaxtı sayılır. Əgər Qarayazda “ot qutabları” üstünlük təşkil edirdisə, Güləyazda artıq süd və süd məhsullarının (təzə pendir, şor, qaymaq) ən keyfiyyətli vaxtı başlayır.

Arıçılar pətəkləri qışlaqdan çıxarıb çiçəkli çəmənlərə yayırlar. Bu dövr arıların ən aktiv işlədiyi, ilk yaz balının mayasının qoyulduğu vaxtdır. Aran yerlərində istilər yavaş-yavaş hiss olunduğu üçün elat tayfaları və çobanlar yaylaqlara köç etmək üçün hazırlıqlara başlayırlar.

​Bu dövrdə təbiətin yaşıl rəngi müqəddəs hesab olunur. İnsanlar çəmənlərə çıxar, “ayağımız yaşıl otlara dəysin, canımızdan ağrı-acı getsin” deyərdilər. Güləyaz həm də ümidlərin çiçək açdığı bir dövrdür; hər bir açan çiçək payızdakı bərəkətli məhsulun müjdəçisi hesab olunur.

Güləyaz sadəcə təqvim ayı deyil, ümidlərin çiçək açdığı “toy” dövrüdür. Qarayazın o “qara” torpağı artıq tamamilə yaşıl xalıya bürünür. Abuneysan (Nisanda yağan su) yağışları kəsilir və yerini “Gül-çiçək yağışlarına” verir ki, bu da birbaşa meyvə bağlarının bərəkəti deməkdir.

Qarayazın sərt sınaqlarından keçən insan üçün bu dövr ruhun dincəldiyi, torpağın öz səxavətini nümayiş etdirdiyi bir bayramdır. Təbiətin bu “təbəssümü” bizə hər çətinliyin sonunda mütləq bir gözəlliyin durduğunu xatırladır.

 

“Ədəbiyyat və incəsənət”

(24.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.