Sən olmayan nə varsa sənin özünə bənzəyir Featured

 

Aytən Ağasıyeva,

“Ədəbiyyat və incəsənət”

 

Yollar kimini böyük şəhərlərə, kimini də kiçik qəsəbəsinə aparır...

Bəlkə də eyni yolu dəfələrlə gedib qayıdan insanlar tanıyıram, mən də onlardan biriyəm. Yol eyni olsa da o yolu gedən adam başqa, qayıdan başqası olur. Ya da yola çıxanda məqsədlərin son dərəcə ayrı olur. Qayıdanda isə baxırsan ki,  nə məqsədinə çatmısan, nə də o məqsəddən bir parça qalıb.

 

Son zamanlar ancaq yoldayam, birçaz şəhər dəyişirəm, bir az da mühiti.

Gördüyüm odur ki, sən olmayan nə varsa elə sənin özünə bənzəyir, istər şəhər olsun, istər qəsəbə - Kədəri də qucaqlayır, sevinci də. İşığı da bağrına basır, qaranlığı da, sevgini də unudur, nifrəti də, yeri də oyadır, göyü də.

İki yol daha tanıyıram:

Ağlın yolu, ürəyin yolu.

Ağlın yolu: Bu yolda ancaq təcrübəli insanlarla rastlaşıram. Kimisi xoşbəxtdir, kimisi küskün. Xoşbəxt olan da, küsülü olan da yol hərəkət qaydalarına xüsusi diqqət edir. Qırmızıda dur! Yaşılda keç!

Ürəyin yolu: Bu yolda isə hər kəs eyni cümləni təkrarlayır, "heç nəyə görə peşman deyiləm, yenə olsa yenə edərdim, yaşadığım, ya da yaşatdığım məni xoşbəxt edirsə, onun nə qədər yanlış ya da doğru olduğu önəmli deyil", bu yolda yaşıl və qırmızı ziddiyyətinə yer yoxdu..

Bəzən bu iki yolu birləşdirən piyada keçidi xəyal edirəm. Mümkün olar, görəsən?

Elə bir keçid olsun ki, ağıl itiliyini, ürək kövrəkliyini qorusun. Bu keçidə elə ad qoymaq lazımdır ki, keçənlər tərəddüddə qalmasın. Balaca da, böyük də rahatlıqla keçə bilsin. Bu keçiddə heç kim tələsməsin, heç kim gecikməsin!

Son zamanlar ancaq yoldayam, bir az şəhər dəyişirəm, bir az da mühiti.

"Mən burdayam, səni görür və eşidirəm" - yollarda bu cümlə nəbzimə yoldaşlıq edir.

Yola çıxmısansa yoldaşını düzgün seç, seçimin ruhuna yorğan da ola bilər, səni həyatdan soyundura da bilər.

Həmişə orta yol olacaq, ya da yolları birləşdirən keçid, amma "orta yoldaş" yoxdur!

Ona görə kiminsə yolunda "daş" qədər də olsa yerə sahib ol ki, o da sənə "yoldaş" ola bilsin. Ortası yoxdu.

Buludların üzərindən də, maşınların arasından da, ağacların arxasından da, yastığımın küncündən də baxıram.

Gördüyüm odur ki, sən olmayan nə varsa elə sənin özünə bənzəyir.

Yolun kənarında ya sən, ya mən yox, "yasəmənlər"i görürəm daha. O qədər sıx və ətirlidilər ki, yolun sonunu görə bilmirəm...

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.