Bir ölümlük canın, bir ömürlük xatirənin qısa, amma ağrılı hekayəsi Featured

Nail Zeyniyev,

dəbiyyatvə incəsənət" portalının Ədəbiyyat şöbəsi

 

Həyatın amansız həqiqətləri ilə arzuların toqquşduğu nöqtədə yaranan bir elegiya... Bugün sizləri zamanın unutqanlığı, taleyin gərdişi və ölümün qaçılmazlığı ilə üz-üzə qoyuram. 'Bir ölümlük canın, bir ömürlük xatirənin qısa, amma ağrılı hekayəsi.

 

İstəyirəm bu axşam,

qaçım gedim uzağa.

Ümid yeri saxlayım,

içimdəki uşağa.

 

Çiynimə ağır gəlir,

daşıdığım hər əzab.

Dizimdə taqətim yox,

həm də canımda bir tab.

 

Deyirəm ki, fələyin

işi niyə yamandır?

Unudan bəs bizlərik,

unudulan zamandır.

 

Basdıracam özümü,

şeirlərin içində.

Bir siqaret çəkəcəm,

bu bədbaxtlıq üçün də.

 

Nələr arzulamışdım,

nələri yaşayıram.

Mənə düşən hər yükü,

səbəbsiz daşıyıram.

 

Dirimə baxmayanlar,

ölümə ağlayacaq.

Görən ilk kim yetişib,

gözümü bağlayacaq?

 

Üstümə atacaqlar,

canlar alan torpağı.

Daha bitəcək bütün,

şamlarımın yanmağı.

 

Bir ölümlük canım var,

bir ömürlük xatirəm.

Əllərimdən tut apar,

yenə sənə gəlirəm.

 

Nə ölməli gecədir,

dərinlərə batıram.

Bir də günəş görməmək,

arzusuyla yatıram.

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.