Fatimə Məmmədova,
"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
Son zamanlar o hər şeyə üzülürdü. Küləyin səsinə belə… Elə bil hər əsən külək onda qopmuş boşluqları oyadırdı. Sakit bir səs belə ürəyinə toxunurdu. Bəzən də insanlar,elə ətrafındakılar. Heç fərqində olmadan sözləri ilə incidirdilər onu. Gülüşlərin içində gizlənən laqeydlik, zarafat adı ilə deyilən ağır sözlər...
O isə susurdu... Çünki o inanırdı ki, haradasa bir nəfər var- köhnə dost. Elə bil onu cibində daşıyırmış kimi yaxın hiss edirdi. Düşünürdü ki, bir zəng qədər yaxındır hər şey. Telefonu açsa, o səsi eşitsə, hər şey bir az yüngülləşər. Zəng vursam, götürər, dərdləşərik… mən deyərəm niyə belə pisəm, o isə həmişəki kimi deyər: “fikir vermə onlara…”
Amma heç vaxt o zəng edilmədi. Pis olanda yazmadılar, ürək sıxılanda zəng etmədilər. Nə o addım atdı, nə də bu. Bəlkə də o artıq unutmuşdu, bəlkə də həyatında başqa bir dərd ortağı və dostu vardı, bəlkə də artıq onun üçün heç kim deyildi.
Amma ən ağırı insanın bir vaxt “ən yaxınım” dediyi birinin yavaş-yavaş yadlaşmasını izləmək idi.
Vəfa… nə qəribə sözdür. Vəfa bəzən insanı xilas etmir, əksinə, ən çox yaxşı insanları yaralayır. Çünki onlar gözləyir, çünki onlar unutmur, çünki onlar “bəlkə” ilə yaşayır. Hələ vicdanı demirəm. Vicdan var ha, insanın içində səssizcə danışır.
Beləcə, o hər dəfə üzüləndə, hər dəfə ürəyi dolanda yenə də yazmadı, amma bu dəfə dözmədi. Vacib bir söhbət əsnasında sadəcə bir cümlə yazdı: “Yorulmuşam…” Əslində çox şey demək istəyirdi, amma bütün ağrısını bir sözə sığışdırdı. Və cavab gəldi - soyuq, uzaq, tanımadığı qədər yad bir səslə: “Allah köməyin olsun, əzizim…”
O an bir insanı yox, bir xatirəni itirdiyini anladı.
Şairin də dediyi kimi:
İstərəm qayıdam uşaqlığıma
Oynayım, yıxılım dizim qanasın.
Ağlaya-ağlaya tez qaçım evə,
Yaramı zaman yox,anam bağlasın.
Artıq anlayırıq ki, heç kim heç kimin yarasını bağlamır. Bağlayan varsa, o da anadır. Bəzən isə ən çox ehtiyacımız olanı özümüz verməli oluruq: özümüzü qucaqlamaq, özümüzü başa düşmək, özümüzü bağışlamaq… Çünki heç kim sənin yaralarını tam olaraq bağlaya bilməz, bunu yalnız sən özün edə bilərsən.
“Ədəbiyyat və incəsənət”
(06.04.2026)


