Sən, əslində, bir hekayəsən… Featured

Harun Soltanov,

 "Ədəbiyyat və incəsənət" portalının Yaradıcılıq şöbəsi.

 

Salam, insan.

 Sən ki, bu səhər oyananda bir anlıq özünü unutdun. Nəfəs aldığını hiss etmədin, ürəyinin döyüntüsünü saymadın, sadəcə qalxdın, getdin. Sonra birdən gecə yarısı oyanıb qaranlığa baxdın və düşündün ki, mən niyə burdayam? Bu bədən, bu xatirələr, bu yük hamısı mənimdi?

 

 Sən, həm çox böyük, həm çox kiçiksən. Yer üzündə addımlayırsan, amma başın göylərə dəyir. Ulduzlara baxıb "mən də o ulduzların birində yaşayanın əlindən tutmuşam" deyə bilmirsən, amma içində bir şey pıçıldayır. Bəlkə də ulduzlar sənin içindədir.

 l bir an düşünək. Sən,əslində, bir hekayəsən. Doğulduğun gün başlayan, heç vaxt tam bitməyən, bəzən qəhrəmanı özün olduğun, bəzən heç kənardan tamaşaçı belə ola bilmədiyin bir hekayə. Yaddaşın yalan danışır dostum. O, heç vaxt olduğu kimi saxlamır heç nəyi. Uşaqlığını xatırlayanda həyətdəki köhnə ağac daha hündürdür, itirdiyin adamın səsi daha isti, qırılan oyuncağınla oynadığın vaxt daha ağırdır. Amma əslində o ağac bu gün kəsilib. İtirdiyin adamın səsi tədricən sənin öz səsinə qarışır. Və o qırılan oyuncaq... onu artıq hardasa unutmusan. Bəs onda biz kimik? Xatirələrimizdən yoğrulmuşuq? Yoxsa onların yalanlarından?

 Varoluşun ağırlığı altında əyilən yeganə varlıqsan sən. Dağ da ağırdır, amma dağ öz ağırlığını hiss etmir. Dəniz də dərindir, amma dəniz öz dərinliyindən qorxmaz. Sənsə hər səhər oyanıb eyni yükü çiyinlərində hiss edirsən. Ölümlü olduğun yükünü. Və buna baxmayaraq, yenə qalxırsan, yenə sevirsən, yenə uzaqlara baxıb "bəlkə.."  deyirsən.

 Bu "bəlkə"  sənin ən insani sözündür. "Bəlkə sabah daha yaxşı olar" , "bəlkə o məni başa düşər" , "bəlkə bu dəfə alınar" , "bəlkə ölümdən sonra da bir şey var" . Bəlkə... yox, əmin deyilsən. Heç vaxt tam əmin olmursan. Və bu qeyrimüəyyənlik sənin həm işgəncən, həm də azadlığındır. Quş əmindir ki, o uçar. Balıq əmindi ki, o üzər. Sən isə heç nədən əmin deyilsən. Amma məhz buna görə fəlsəfə yazırsan, buna görə dua edirsən, buna görə gecə yarısı oyanıb ulduzlara sual verirsən.

 Bədənin bir qəfəsdir, bilirik. Amma bu qəfəsin içində nə var? Qədimlərin dediyi kimi ruh? Yoxsa sadəcə beyninin içində elektrik impulsları, kimyəvi reaksiyalar, yalnız bir neçə onillik davam edən bir alov? Neyroelm deyir ki, sən beyninsən. Şərq mistisizmi deyir ki, sən beynindən də böyüksən. Qəlb deyir ki, mən varam. Ağıl deyir, duxun var bunları sübut et.

 Sən isə ortada qalırsan. Nə tamamilə maddisən, nə tamamilə mənəvi. Bir ayağın elmin torpağında, bir ayağın şeirin buludunda. Kimya deyir ki, sən karbondan, hidrogendən, oksigendən ibarətsən. Şeir deyir ki, sən itirilmiş bir planetdən düşmüş bir ulduz parçasısan. Hansı doğrudur? Bəlkə də hər ikisi. Bəlkə də insan olmağın sirri məhz bu ikiliyi qəbul etməkdir. Toz olmağı qəbul edib, yenə də ulduzlara uzanmaq.

 Bax, ətrafına nəzər sal. Bu stul, bu kağız, bu şüşə, bu nəfəs. Hamısı adi görünür, amma bir an dayanıb düşünsən, möcüzədir. Hər şey möcüzədir. Əlinin içinə su damcılasa, o damcıda milyonlarla atom, milyonlarla atomda milyardlarla hekayə var. O barmağınla üzünə toxunsan, neçə sinir hüceyrəsi o an səyahətə çıxır. Sən heç fərqinə varmırsan. Sən çox məşğulsan. Pullarla, qəbzlərlə, sözlərlə, yarımçıq sevgilərlə, unudulmuş andlarla məşğulsan.

 Amma gecə, hər kəs yatanda, bəzən pərdəni açıb şəhərə baxırsan. İşıqlar yanır, uzaqda bir it hürür, hardasa kimsə ağlayır, hardasa kimsə gülür. Və birdən başa düşürsən. Bu nəhəng mexanizmin içində sən bir dişli çarx belə deyilsən, sən bir sualsan. Cansız bir sual. Və bu suala cavab axtarmaq üçün ömrün yetməz. Bəlkə də cavab yoxdur. Bəlkə də sualın özü cavabdır.

Salam, insan.

 Salam, sən ki, sabah yenə oyanacaqsan, yenə nəfəs alacaqsan, yenə unudacaqsan ki, nəfəs almaq nə qədər möcüzədir. Salam, sən ki, sevgini son nəfəsinə qədər aparacaq qədər güclü, bir sözlə dağılacaq qədər zəifsən. Salam, sən ki, özünü tanımaq üçün ömrünü sərf edib, axırda heç nə bilmədiyini anlayan kimi gözlərini yumacaqsan.

 Və bəlkə də elə məhz bu gözəllikdir, bitməyən axtarışın özü, heç vaxt tam yetişməyən məhsulun həsrəti, sonsuz suallar qarşısında çaşqın dayanan bu kiçik varlığın əzəməti.

 Salam, insan.

Sən ki, kainatın özünə qoyduğu ən dərin sual, həm də həmin sualın yeganə şahidisən...

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.