“Ən böyük xoşbəxtliyim yaradıcılığımdır” Featured

 

Ülviyyə Əbülfəzqızı,

“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi

 

Salam, “Ədəbiyyat və İncəsənət” portalının əziz izləyiciləri. Bu dəfə “Yaradıcılıq emalatxanası”nın qonağı ömrünün yarıməsrlik zirvəsindən boylanan şair, publisist, dəyərli müəllim, damarlarında unudulmaz şəxsiyyət — sevimli şair Fikrət Sadıq qanını daşıyan sevimli xanım Aysel Fikrətdir.

 

-Xoş gördük, əziz Aysel xanım. Yeni yaşınız uğur gətirsin, qəlbinizi sevindirsin.

50 yaş ömrün yetkinlik yaşıdır, 50 yaş sanki əvvəlki yaşlara boylanıb müdrik nəzəri ilə süzməkdir. — Aysel xanım, 18-ci yaşın baharından 50 yaşa qədər ömrü “redaktə” etsəydiniz, ilk nədən başlayardınız?

 

-Bəzən bu illərdə itirdiyim doğmalarımın həsrətiylə bişmiş, çox vaxt uduzmuş, amma qalxmağı bacaran bir insana döndüyümü görürəm.

 18 yaşım bugünkü kimi yadımdadır, yaxşı idi, o çox yaxşı idi, xəyalları, arzuları yerində, hamı sağ-salamat, hər kəs  həyatda, cüzi xırda problemlərlə tez-tez inciyib küsən, həyatı istədiyi kimi olmayanda mısmırığını sallayan, bəzən ərköyün, bəzən sevgi dolu, dünyadan xəbərsiz, bir az tənbəl, xəyallarla ,mahnılarla,

şəkillərlə, sözlərlə  belə xoşbəxt olan qızcığaz. Hələ nə olacağını bilməyən, həyatın ona göndərdiyi qismətdən, dərddən, xoşbəxtlikdən xəbərsiz, saf arzularda gəzinən... Onu çox sevirəm.

Əgər redaktə etsəm, deyirsiniz... Redaktə etsəm, həyatımdan itkiləri silib atardım, aşırı sevməyi də, kədəri də, bir az sakitlik əlavə edərdim və uzaqlıq. Amma bir xətt var ki, onu ata bilməzdim, o da xeyirxahlıq O, körpə vaxtı da məndə öndə olan xüsusiyyət olub yəqin. Mərhəmətim ucbatından başıma gələn bütün bəlalara rəğmən mərhəmət hissimdən məhrum olmaq istəməzdim. Bir də ən böyük xoşbəxtlik, Ən böyük stimul yaradıcılığım olub. O məni heç yıxılmağa qoymayıb nə dərdə, nə sevgiyə. Qoruyub o məni.

Redaktə etsəm, aləmi qataram bir birinə.

Görürsən, mənlik deyil redaktə.

 Qurban olduğum Allah nə yazıbsa, nə redaktə edibsə odur. Şükür bu günə.

 

— Şeirlərinizin birində söyləmisiniz ki:

Gözümü açandan qorxdum dünyadan,

Ürəyimə daman başıma gəldi.

Mən, deyəsən, daha,

geriyə baxıb.

Allaha şükür edən

yaşıma gəldim.

Aysel xanım, 50 yaşın müdrikliyi çətin həyatı həll edə bildimi?

 

-Bu şeirin sonunu yuxardakı sualda dedim - Əlbəttə, Şükür olsun.

Çətin həyata gəldikdə isə sizə deyim həll edir ha ... Həll edir bəzi hallarda. Dünyadan əlini daha çəkirsən, “mənlik bu qədər” deyən kimi bir halım var.

 Bir o pisdir ki, get-gedə taqətdən düşəcəyəm, üzü yoxuşa gedirəm daha. Qalan hər şey yolundadır. Mən məktəbli olanda 50 yaşımı kabus kimi düşünürdüm.

 O da düzdür son vaxtlar daha çox şükür etməyə başlamışam. O, yaş əlamətidir, məncə.

 

-Əziz Aysel xanım, həyat zənciri illəri bir-birinə calayır, sevinc və kədərlə ömrümüz toxunur. Aysel Fikrət özü özünə nə arzu edərdi?

 

-Həyat zənciri illəri bir-birinə calayıb uçurur, çox tez keçir ömür, tez. Kədəri, ağrısı sevincindən çox olan ömrümə nə deyim? Allah yazdı, mən yaşadım. Kədərini, sevgisini, sevincini də, olanını, olmazını yaşadım. Özümü çaşdırmadım, həyata uymadım, yeri gələndə dünyanın sərvətindən, sevgisindən öz xoşumla əl çəkdim. Geri baxmadım,Bu həyat mənim savabıyla, səhviylə, yaxşısı-pisi ilə mənimdir. Mənim üçün bu seçilib vəssalam. Bir az da Allahın mənim önümə çıxardığı yollardan yanlışını da seçdiyim olub. Olub, insanam. Amma peşman deyiləm. Nəticə pis alınmayıb. Həyatın işığ gələn tərəfinə düşmüşəm.

Özümə bu qarışıq dünyada daha nə arzu edim dinclik və sakitlik, rahatlıq arzu edirəm. Allah təlatümlərdən məni azad etsin. Ətrafımda yaxşılar qalsın pislər toz olsun.

 Övladlarıma görə Allaha da, həyatıma da çox minnətdaram. Allah mənə möhlət versin, onları bir yola çıxarım. Missiyamı yerinə yetirə bilim.

 Bacardığımızı etdik mən də həyat da, bundan sonrakı ömür daha möhlətdir.

Ülviyyə xanım, təşəkkür edirəm.

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.