Heyran Zöhrabova,
"Ədəbiyyat və incəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
Göy üzü hər yerdə eyni idi, amma baxışlar fərqli...
Kimi sevinclə baxırdı, kimi çarəsizcə...
Kimisi ümumiyyətlə başını qaldırıb, ağacların yaşıl budaqları arasından görünən mavi səmanı, bəyaz buludları görə də bilmirdi heç.
Kimi üzünü göyə tutub, gözlərini yumaraq dərin nəfəs alıb şükür edirdi. Kiminin baxışları isə darıxırdı, sükut edirdi. Kimi səmaya açılmış ovuclarının içindəki ümid toxumlarını isti göz yaşları ilə sulayır, kimi sadəcə eləcə durub dalğın, küskün simasıyla, danışmağa çox sözü varmış da artıq danışmaq istəmirmiş kimi baxırdı. Kiminin gözləri yağmağa hazır dolmuş qara buludlar kimi hüzünlü idi, kiminin gözləri isə öz ixtiyarına buraxmışdı artıq göz yaşlarını.
Göy üzü gecələr də hər yerdə eyni idi, baxışlar isə yenə fərqli... Kimi ulduz düşəndə arzu tutar, ümid edər, kimi sadəcə köks ötürüb sakitcə izləyərdi uzaqdan kiçik görünən, o sonsuz yanıb-sönən parıltıları.
Göy üzü gecələrdə də, gündüzlərdə də hər yerdə eyni idi, fəqət baxışlar fərqli...
Bəzən gündüz deyib gülən, qəhqəhələri ilə ətrafa təbəssüm saçan insanların gecələr necə iztirab çəkdiyini, necə acı-acı göz yaşı axıtdığını da görmüşdü o.
Göy üzü kimi insanların da iki fərqli siması vardı: gündüz işıqlı, rəngli, həyat dolu; gecələrsə qaranlıq, yalnız və yorğun. Səssiz şahidi idi göy üzü insanların, nələr-nələr görmüşdü o.
Bu göy üzünün altında necə həyatlar yaşanmış, nələr-nələr baş vermişdi.
Neçə insan çiçək misalı solub getmiş, neçə ömür puç olmuşdu.
Xoşbəxtliyinə də şahid olmuşdu insanların, bədbəxtliyinə də. Ən maraqlısı da o idi ki, dünyanın müxtəlif yerlərində eyni anda kimisi xoşbəxt, kimisi də bədbəxt idi. Və bu iki müxtəlif mənzərəni eyni anda izləmək məcburiyyətində idi o.
Bəlkə də elə bu bəm-bəyaz pambığa bənzəyən buludlar gözləri idi səmanın?
Bəlkə də şahid olduqlarına ağlayırdı o bəzən?
Bəlkə də yağan bu yağışlar göz yaşları idi mavinin?
Bəlkə də elə buna görə dünyanın bir tərəfində leysan yağışlar yağarkən, bir tərəfində günəş parıldaya bilirdi. Bəlkə göy üzü ayna tuturdu gördüklərinə?
Buludların göz yaşı axıtması bir ildırıma, bir şimşəyə bənd idi.
Amma insanların ildırımları fərqli, insanların şimşəkləri müxtəlif idi.
Bu göy üzünün altında insanlar fərqli şəkildə, amma hamısı acı çəkirdi.
Bəzən səma dolmuş qara buludlarla əhatələnir, tutqunlaşır, amma yağış gecikirdi. Bu mənzərə insanların bəzən “toxunsalar, ağlayacağam” deməsinə bənzəyirdi.
Bəzənsə ildırımlar çaxar, göy üzü çalxalanar və hönkür-hönkür ağlayardı. Bu yağış isə küncə qısılmış balaca bir uşağın hönkürərək ağlamasını xatırladardı.
Buludlardan axan hər bir damla yağış torpağa fərqli şəkildə qarışar, hər bir damla torpaqdan fərqli şəkildə yüksələrdi geriyə.
Kiminin axan göz yaşlarına qarışardı damlalar, kiminin məzar daşına.
Bəzən xoşbəxtlikdən yağışın altında rəqs edən cütlüyün üzərinə yağardı, bəzən də kimsəsiz insanların sökük daxmalarına, bəzən olmayan evlərinin damına, çirkli saç-başına damardı.
Bəzən bir çiçək toxumuna can verərdi o damlalar, bəzən torpağın canına qarışmış sevdiklərimizin ətrini bəxş edərdi bizə yağışdan sonrakı torpaq qoxusu ilə.
“Ədəbiyyat və incəsənət”
(02.04.2026)


