29 mart günü yazılanlar... Featured

Harun Soltanov,

“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi

 

Mart ayıdır. Təqvimdə yaz, təbiətdə isə qışın son nəfəsi. Hava belə olmalı deyil. Bakı bu vaxta kimi günəşə alışıb, dəniz kənarında axşamüstü gilavarda çay içməyə, gülümsəməyə, nəfəs almağa öyrənib. Amma bu il fərqlidir. İki gündür ki, yağır. Aralıqsız.

 

Sanki göy üzü özünü yığışdırıb, illərdir yığdığı hər şeyi bir dəfəyə tökür yerə. Yollar su altında, evlər su içində, maşınlar boğulur, insanlar qaçır. Bakıya illərdir belə yağış yağmırdı. Unutmuşdu. Şəhər özünü küləklə tanıyır, küləklə yad edir, küləklə qorxudur. Külək onun kimliyidir, qürurudur, adıdır. Külək Bakıya deyir ki,"Sən güclüsən, sən seçilmişsən, sən fərqlisən" . Və Bakı inanır. İllərdir inanır.

Bakı ədalətsizdir.Bu, şikayət deyil, tərif deyil. Bu, faktdır. Küləklər şəhəri, deyirlər. Külək seçər. Külək güclü ilə zəif arasında fərq qoyar. Kimini yıxar, kiminə toxunmaz. Kimi uçurar, kimi yerində saxlar. Külək üçün hər kəs eyni deyil. Külək öz qaydasını qoyar, öz ədalətini. Və Bakı bu ədalətlə yaşayır. Güclü olan qalır, zəif olan uçar. Hər kəs bilir bunu. Hər kəs bu oyunu qəbul edib. Güclü olmağa çalışır, zəif görünməməyə, yıxılmamağa, dayanmağa. Çünki külək arxadan gələcək, sınayacaq, yoxlayacaq, kim dayanır, kim uçur.

 Külək Bakının məntiqidir. Hər şeyin qiyməti var, hər kəsin yeri var, hər şeyin səbəbi var. Güclüsən? Qalırsan. Zəifsənsə itirsən. Bu qədər sadə. Bu qədər aydın. Bu qədər Bakı.. Və Bakı bu məntiqlə böyüyüb. Ucalıb, güclənib, sayılıb, seçilib. Külək onu daşıyıb, külək ona qanad verib, külək onu ucaldıb. Və Bakı düşünüb ki, həyat belədir. Güc hər şeydir, seçilmək hər şeydir, fərqli olmaq hər şeydir.

Yağış gələndə Bakı hazır deyildi. Yağış seçməz axı. Yağış güclü ilə zəif arasında fərq qoymaz. Yağış hər kəsin üstünə eyni yağar. Zəngin də islanır, kasıb da. Yeni tikilmiş binalar da su altında qalır, köhnə evlər də. İş adamı da tıxacda qalır, fəhlə də. Parkda gəzən də islanır, maşınında qalan da. Və bu, Bakıya ağır gəlir. Çünki Bakı fərq qoymağa öyrənib. Ayırmağa, seçməyə, güclünü gücləndirib zəifi yıxmağa. Yağış isə deyir, "Hamınız eynisiniz. Hamınız islanacaqsınız. Hamınız acizsiniz". Bu, Bakının məntiqinə ziddir. Küləyin qaydasına qarşı çıxan bir qaydadır. Yağış Bakıya xatırladır ki, bütün o ucalıq, bütün o güc, bütün o fərq hamısı müvəqqətidir. Su hər şeyi yuyar. Planları da, binaları da, qüruru da.

Bakı yağışın romantikasını yaşamağa imkan vermir. Başqa şəhərlər var ki, yağış yağanda kafelər dolur. İnsanlar oturub çay içir, pəncərədən baxır, danışır, susur. Onlar üçün yağış bəhanədir. Dayanmaq, nəfəs almaq, yavaşlamaq üçün bəhanə. Bir fincan qəhvə, bir kitab, sevdiyinin yanında olmaq. Yağış onlar üçün vaxtdır. Özünə qayıtmaq vaxtı. Bakıda isə yağış bəhanə deyil, maneədir. Çünki Bakı dayanmağı bilmir. Bakı həmişə tələsir. İşə tələsir, evə tələsir, ölümə tələsir. Planları var, layihələri var, yetişə bilmədiyi vaxtları var. Yağış gəlir, planları pozur, yolları bağlayır, vaxtı dayandırır. Və Bakı qəzəblənir. Nəyə görə? Çünki dayanmağa məcbur olur. Nəfəs almağa, gözləməyə, aciz qalmağa. Bəlkə də Bakı qəzəblənir, çünki yağış ona güzgü tutur. Görür ki, nə qədər tələsik, nə qədər səthi, nə qədər sünidir. Görür ki, dayana bilmir. Görür ki, iki damla suyun qarşısında acizdir. Və bu acizlik qəzəb doğurur. Çünki Bakı güclü olmağa öyrənib. Acizlik onun lüğətində yoxdur.

 Yağış suyu Heraklitin çayı kimidir hər şey axır, heç nə dayanmır. Amma yağışın axarı başqadır. Yağış yuxarıdan aşağıya axır, hər şeyi yuyur, hər şeyi bərabərləşdirir.

 Külək ayrı-seçki edir, yağışçunsa hamınız eynisiniz. Hamınız torpaqsınız. Hamınız suyun altında eyni olacaqsınız.

Bu da məncə Platonun mağarasıdır. İnsanlar günəşi görüb, işığa alışıb, özlərini ucaldıb. Sonra yağış gəlir, su yüksəlir, mağara su altında qalır. Və birdən hər kəs eyni nəfəs üçün mübarizə aparır. O vaxt gücün, varın, adın heç bir əhəmiyyəti qalmır. Qalan tək şey nəfəs almaqdır. Qalan tək şey sağ qalmaqdır. Və bəlkə də ən böyük dərs budur. Güclü olmaq deyil, dayana bilməkdir. Küləyin qarşısında əyilməmək deyil, yağışın altında islanmağı bacarmaqdır. Çünki külək seçər, amma yağış hamıya eyni yağar. Külək gücləri sınar, amma yağış heç kəsi seçməz.

 Bu gecə də Bakı dayanıb. Küçələr boş, işıqlar sönük, şəhər susub. Su axır, damcılar pəncərələrə dəyir, külək ulayır. Hardasa bir qadın pəncərədən baxır. Deyir, "Nə vaxt dayanacaq bu yağış?"  Hardasa bir kişi maşında ilişib qalıb, söyür, siqaret çəkir, gözləyir. Hardasa uşaqlar ayaqyalın qaçır, gülür, suya girir. Onlar hələ öyrənməyib qorxmağı. Onlar hələ bilmir ki, yağış düşməndir. Onlara öyrədəcəklər. Böyüyəndə. Yağış Bakıya bir dərs verir. Bəlkə də ən çətin dərsi. Hamı eynidir. Güclü də, zəif də. Ucalan da, yıxılan da. Seçilən də, unudulan da. Və bu, nə küləyin işidir, nə də insanın. Bu, yağışın işidir. Həyat geriyə doğru başa düşülür, amma irəli doğru yaşanır. Bakı bu gecəni ancaq sabah başa düşəcək. Su çəkildikdən sonra, günəş çıxandan sonra, yollar quruyandan sonra. O vaxt düşünəcək ki, o günki yağış nə idi? Təbiətin qəzəbi, yoxsa xatırlatma? Cəza, yoxsa fürsət? Kim bilir?

Mart ayıdır. Yazdır. Hava belə olmalı deyil. Amma yağır. Və Bakı dayanıb baxır. Susur. İlk dəfə külək susub, yağış danışır. Və Bakı dinləyir. İnsan kimi. Aciz. Səssiz. Eyni.

 Sabah günəş çıxacaq. Bakı yenə quruyacaq, yenə nəfəs alacaq, yenə küləklə döyüşəcək. Amma bu gecəni unutmayacaq. Su yazdı hər şeyi. Hər damcı bir xatirə, hər sel bir dərs. Və Bakı bu dərslə yaşayacaq. Ta ki növbəti yağana qədər. Və yenə qaçacaq? Yoxsa dayanıb baxacaq? Kim bilir.

 Yağış seçmir. Yağış hər kəsin üstünə eyni yağar. Bu, onun ədalətidir. Və bəlkə də yeganə ədalət. Ölümdən sonraki.

 Bakıya illərdir belə yağış yağmırdı. Yağdı. Və şəhər bir daha xatırladı ki, o da sadəcə bir yerdir. İnsanlarla, qorxularla, tələskənliklərlə. Yağış isə sadəcə yağışdır. İstəsək də, istəməsək də gəlir. Və bir gün, bəlkə də, Bakı dayanıb baxacaq. Gülümsəyəcək. Deyəcək: “Xoş gəldin, yağış”. O günə qədər isə insanlar qaçırlar. Həmişə qaçırlar.

 

“Ədəbiyyat və incəsənət”

(31.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.