Heyran Zöhrabova,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Gözlərini dikib bir müddət gölməçədəki əksini izlədi. Bir yağış damlası gölməçəyə düşərək sudakı əksini dağıtdı.
Başını qaldırıb səmaya baxdı. Hüzn rənginə bürünmüş buludlar yenə boşalmağa hazır idi, yağış küləyi əsməyə başlamışdı.
Asta addımlarla evə doğru qayıdarkən, əvvəlcə yavaş-yavaş çisələyən, sonra isə qəfil güclənib leysana çevrilən yağışa tutuldu. Paltosunun yaxalığını qaldıraraq addımlarını tezləşdirdi.
Görünür, yağışa tutulan tək o deyildi. Küçələr, üst geyimlərini, əllərindəki çantaları çətir əvəzi başlarına tutub ora-bura qaçışan insanlarla dolu idi.
Qəfil şiddətlənən yağış və boz buludlar axşamın qaranlığını da özləri ilə birgə gətirərək erkəndən şəhərin üzərinə örtmüşdü. Sürətlə şütüyən maşınlar, şəhərin işıqlarını əks etdirən asfalt üzərində toplanmış yağış suyunu səkidəki insanların üstünə sıçradırdı.
Hamı başını aşağı salıb bir an öncə evinə çatmağa tələsərkən, bir cütlük şən qəhqəhələri ilə yağışı yararaq onun gəldiyi istiqamətə doğru qaçırdı. Oğlan üst geyimini çıxarıb hər ikisinin başı üzərinə tutmuşdu. Bir-birinə qısılıb onun paltosunun altına sığınsalar da, xeyli islanmışdılar. Qızın saçlarından damcı-damcı su süzülürdü. Amma buna baxmayaraq, çox xoşbəxt və şən görünürdülər. Gah bir-birilərinə baxıb ürəkdən gülür, gah da qaçırdılar.
Onlar qaçdıqca, ayaqqabıları suya toxunduqca suyu püskurdür, damcılar ətrafa sıçrayır, sanki qırılmış muncuq boyunbağı kimi ətrafa səpələnirdi.
- Az gül, tez ol, yoxsa xəstələnəcəksən, - deyə oğlan qızı tələsdirdi.
Onlar şən gülüşləri ilə sürətlə onun yanından ötüb keçdilər.
O isə ixtiyarsızca dönüb, üzündə ad verə bilmədiyi bir təbəssümlə arxalarınca baxdı. O qədər yadırğadı ki bu xoşbəxtliyi.. Bu xoşbəxtlik ona qəribə gəldi, hətta bir az yad.
Sonuncu dəfə nə vaxt belə ürəkdən güldüyünü xatırlamırdı. Zamanı bir yana qalsın, ömrü boyu heç belə xoşbəxt olub-olmadığını belə dəqiq bilmirdi.
Xoşbəxtlik nə idi?
Hamı üçün eyni mənayamı gəlirdi?
Bütün insanlara bərabər paylanırdımı?
Xoşbəxtlik hər insan üçün fərqli şəkildə təzahür edirdi. İnsanların lüğətində onun adı belə müxtəlif idi. Kimi üçün pul, şöhrət, komfortlu həyat, kimi üçün sadəcə sağlamlıq və aramlıq, kimi üçün sevdiyi işlə məşğul olmaq idi. Kimi üçün isə az öncə yağan gurultulu və soyuq yağışa baxmayaraq, xoşbəxt şəkildə yanından ötüb keçən bir cütlük kimi sevgi, gözəl ailə və səadət idi. Bəziləri üçünsə xoşbəxtlik sadəcə başını soxa biləcəyi bir evdən ibarət idi.
Bəs xoşbəxtliyin önəmi nə qədər idi?
Bəlkə də onun önəmi insanların onu nədə gördüyü ilə ölçülürdü.
Dünyanın bir bucağında xoşbəxtlik bir parça quru çörək, çirkli belə olsa, içmək üçün bir qurtum su ikən, dünyanın başqa bir bucağında o çörək yol kənarlarına, zibil qablarına atılır, su isə israf olunurdu.
Bir yerdə xoşbəxtlik son model telefonlar, bahalı maşınlar, lüks villalar demək idisə, başqa bir yerdə insanlar müharibələrin əlindən öz kiçik, komfortsuz daxmalarında belə rahat yaşaya bilmirdilər.
Bəs xoşbəxtliyi ölçmək olardımı? Onun həcmini, sahəsini müəyyən etmək mümkün idimi?
Bəlkə də hamıya bərabər paylanan yeganə şey elə onun ölçüsü idi.
Bəli, xoşbəxtliyin ömrü dünyanın hər bucağında eyni idi - "qısa".
Başa çəksən ayağa, ayağa çəksən başa çatmayan yorğan kimi gödək, bir göz qırpımına sərf olunan zaman qədər az...
Həcmi və sahəsi isə yenə də insanların onu nədə gördüyündən asılı idi.
Bəzən xoşbəxtliyin həcmi bir cüt göz qədər olurdu, fərqi yox idi mavi, yaşıl və ya qəhvəyi.
Bəzən bir parça çörək boyda idi, fərqi yoxdur isti, soyuq, təzə və ya bayat
Bəzən isə yanağa zənəxdan qonduracaq təbəssüm qədər...
Sahəsi isə bəzən bir qəlb, bəzən bir ev, bəzən də bir dünya dolusu olurdu.
Kim bilir, bəlkə də xoşbəxtlik elə işdən qayıdarkən yağışa tutulmaq, əlindəkilərin qiymətini bilmək, öz çiçək baxçanı öz zəhmətinlə abadlaşdırmaq, anı yaşamaq idi.
“Ədəbiyyat və incəsənət”
(31.03.2026)


