Nərgiz Mustafayeva, Gəncə
“Ədəbiyyat və incəsənət”
Novruz sadəcə təqvimin dəyişməsi deyil, ruhun və təbiətin yenidən doğuşudur. Balkanlardan Çinə, uzaq Sibirdən Anadoluya qədər uzanan böyük bir coğrafiyada bu bayram min illərdir ki, sülhün və birliyin rəmzi kimi qeyd olunur.
Xalqlar hələ böyük dinlərə (İslam, Xristianlıq) bölünməzdən əvvəl, hamısı təbiətə inanırdı. Şərq və Türk xalqları tərəfindən qeyd olunan bu astronomik hadisə gecə ilə gündüzün bərabərləşdiyi Mart ayının 21-də qeyd olunur. Bu bayram müxtəlif xalqlarda müxtəlif adlarla adlansa da, özünəməxsus adətləri olsa da Novruzun fəlsəfəsi dəyişməz qalır - təbiətin oyanışı, yeni ilin başlanğıcı və xeyrin şər üzərində qələbəsi.
Qırğızıstan:
Qırğızlarda Novruz – ardıc tüstüsü ilə ruhların təmizlənməsi və at belində cəsarətin nümayiş olunduğu bir gündür. Bayram günü kişilər at üstündə “Kök-börü” adlı oyun oynayırlar. Evi mütləq “Ardıc” ağacının tüstüsü ilə tüstüləndirirlər ki, pis ruhlar və bəlalar evdən uzaq olsun. Qırğız qadınları da mahnılar oxuyaraq səməni şirəsindən “Sümüölök” bişirlər.
Qazaxıstan.
Bu bayram Qazaxıstanda “Ulusun Ulu Günü” (Böyük gün) adlanır.İnanclara görə, martın 21-dən 22-nə keçən gecə yer üzünə ruzi paylayan Kıdır ata (Xızır ata) gəlir və göydən bərəkət rəmzi olan “Göy qazan” enir. Süfrəyə mütləq 7 tərkibli “Nauryz Koje” şorbası qoyulur. Qazaxıstanda Novruz yazın gəlişi deyil, həm də xalqın öz köklərinə, adət-ənənələrinə qayıdış günüdür.
Tacikistan:
Tacikistanda Novruz – ilk bahar çiçəklərinin sevinci və torpağın oyanışı deməkdir. Uşaqlar dağlara gedib ilk bahar çiçəklərini yığır və kəndə gətirib hamıya baharı müjdələyirlər. Onlar inanırlar ki, Novruza qədər evdə hər şey, hətta divarlar belə silinib təmizlənməlidir ki, evə ruzi gəlsin.
Özbəkistan.
Özbəklərdə bayramın ən böyük adəti bütün məhəllə bir yerə toplaşaraq gecə boyu mahnılarla bişirdiyi səməni şirəsindən hazırlanan “Sümələk” bişirilməsidir. Sümələklə yanaşı, kişilər də böyük qazanlarda ət və buğdadan ibarət “Xəlim” yeməyi bişirilər. Özbəkistanda Novruz bir qazan ətrafında birləşmək, küsülülərin barışması və xalqın birliyi deməkdir.
Türkmənistan.
Türkmənistanda bu gün rəsmi olaraq “Milli Bahar Bayramı” adlanır. Bayramın bəzəyi məşhur Ahal-təkə atlarının yarışıdır. Gənc qızlar “Muncuqlu-atdı” oyunu ilə gələcək bəxtlərini öyrənmək üçün fallar açırlar. Kəndlərdə qurulan “Novruz köçələri”ndə milli sənətkarlıq nümunələri sərgilənir.
İran.
İranda Novruz rəsmi yeni ilin başlanğıcıdır. Küçələrdə Hacı Firuz rəqs edərək baharı muştuluqlayır. Novruzdan əvvəlki son Çərşənbəsi “Çahərşənbə-Suri” tonqal üzərindən tullanaraq mənəvi təmizlənmə ayini keçirilir. Bayramın 13-cü günündə keçirilən Sizdə-Bedar mərasimi səmənilər suya atılır və ilin uğurlu olması üçün dualar edilir.
Türkiyə. Anadolu mədəniyyətində Novruz günü “Sultan Nevruz” adlandırılır. Manisada 41 növ ədviyyatdan hazırlanan şəfalı “Mesir məcunu” xalqa paylanır. Türkiyədə Novruz - tonqal üstündən tullanmaq, xalq mahnıları və ortaq süfrələr ətrafında qardaşlığın və yenilənmənin bayramıdır.
Türk Altay mədəniyyətində Novruz bayramı.
Novruzun izləri uzaq Sibirə - Saxa (Yakut) və Altay türklərinə qədər gedib çıxır. Onlar bu bayramı İlqıyax və ya İlsıyax (yəni “İlin ayaq basması”) adlandırırlar. Sərt qışdan çıxan insanlar üçün bu gün süd məhsulları ilə süfrə bəzəmək, ağaclara rəngli lentlər bağlamaq və Günəşə dua etmək ənənəsi var. Bu, bayramın türkdilli xalqların qan yaddaşındakı qədim adıdır.
Slavyanlarda Maslenitsa.
Slavyan xalqlarında Novruzla eyni fəlsəfəni daşıyan, qışın yola salınması və baharın qarşılanması ayini olan Maslenitsa mövcuddur. Baxmayaraq ki, bu gün o, fərqli tarixlərdə qeyd olunur, onun kökündə duran “günəşin oyanışı” ideyası Novruzla tam eynidir. Bu bayramda blini Günəşin rəmzi olan dairəvi, isti kökələr bişirilir. Qışın rəmzi olan samandan müqəvva tonqalda yandırılır ki, köhnə ilin bütün bəlaları məhv olsun.
Göründüyü kimi, Novruz sadəcə bir xalqın deyil, bəşəriyyətin ortaq mirasıdır. Bu bayram müxtəlif xalqları baharın gəlişi ətrafında birləşdirən ən güclü mədəni körpüdür.
Qeyd: Məqalə müəllifin şəxsi tədqiqatları, xalq inancları və mifoloji mənbələrin müqayisəli təhlili əsasında hazırlanmışdır.
“Ədəbiyyat və incəsənət”
(20.03.2026)


