Aytən Ağasıyeva, “Ədəbiyyat və incəsənət”
Çayın soyumağını gözləyirdim. İsti qaz kütləsi soyuq qaz kütləsinə çevrilib maye halına qayıtdıqca gözlərim divardakı saata baxırdı. Saniyə əqrəbi hərəkət edir, böyük əqrəb balaca əqrəbdən uzaqlaşırdı. Gözlərimi qırpmadan böyük əqrəbin hərəkət trayektoriyasını izləyirdim. Düşüncələrim bulanıqlaşanda saniyə əqrəbinin səsi ilə oyanırdım və böyük əqrəb daha da uzaqlarda olurdu. Əqrəb on ikinin üstündə idi, indi isə ikiyə yaxınlaşmağına bir cızıq qalırdı.
Otaq yoldaşım telefon ilə danışırdı: “Allah utandırmasın”
Necə də tanış sözdü.. İllər öncə o da mənə belə demişdi:
- Məni xoşbəxt edən, həyata bağlayan tək səbəb sənsən. Allah utandırmasın
İndi üzümdəki kiçik gülümsəmənin səbəbi olan bu sözlər keçmişin ölçüsü olaraq geri dönmüşdü.
Unutmaq
İnsan keçmişi ilə hara qədər gedə bilər görəsən? Bəzən ara qarışır, yaddan çıxır keçmişin özü də..
Yaddan çıxmasa da bilə-bilə unutmaq istəyirsən. Bildiklərinə dərindən aşinasan, ama təkrarı yoxdursa unudursan. Həkimə getmədən öncə özünə diaqnoz qoyan xəstə kimi ən incə detayına qədər araşdırıb, həkimin cavabına sakitliklə cavab vermək kimidir unutmaq!
İtirmək
İtirmək.... Şablon söz ola bilər bəlkə də. Ama unutmaq qədər o da “sakitlik”dən bir parçadır. Ölçüsüzlüyün qövsünü çək desələr, ən böyük yeri itirmək və unutmaq tutar bəlkə də.
Ölçüsüzlük
“itirmək” və “unutmaq”la bəslənən ölçüsüzlük həyatımızın qəssabı olur bəzən.
Bir alıcıya daha çox ət qoyanda digərinin sümüyünü çox eləyir. Dəlilik və dahilik kimi.
Dəliliyi dahilikdən fərqləndirən ölçüsüzlükdür. Yoxsa ölçü deməliydim?
Soyuyan çayımın üzərinə düşən kölgəm qışın çiskinli vaxtında yolun kənarındakı ağaclara ötürülmüş suyun donaraq özündə səmanın sonsuz maviliyini ayna kimi aydınladan ölçüsüzlüyü xatırlatdı mənə..
Ya da ölçü deməliydim bəlkə?
Ölçüyə gəlməyən söbhətlər daha maraqlı və cazibəsi daha güclü olur. Gəlin bu yazı da ağızdolusu bir ismarıc olsun ölçü tanımayanlara...
“Ədəbiyyat və incəsənət”
(16.03.2026)


