Fatimə Məmmədova,
Ədəbiyyat və İncəsənət portalının Xəbərlər və Təqvim şöbəsi
Qış gələndə yay üçün darıxırıq. Soyuq küləklər əsəndə deyirik: “Kaş indi yay olaydı”. Günəş, dəniz, isti axşamlar üçün darıxırıq. Amma yay gələn kimi başqa cür danışmağa başlayırıq: “Bu istilər də dözülməz oldu, kaş indi qış olaydı”.
Soyuq olanda istilik istəyirik, isti olanda sərinlik axtarırıq. Yağış yağanda günəş arzulayırıq, günəş çıxanda kölgə axtarırıq. İnsan təbiətinin ən qəribə tərəfi də elə budur- əlimizdə olanı yox, olmayanı arzulayırıq.
Sağlam olan bəzən həyatdan bezdiyini deyir, yaşamaq istəmədiyini söyləyir. Amma bir gün xəstəlik, xəsarət, ağrı ilə üzləşəndə ilk dediyi söz dəyişir: “Kaş yenə əvvəlki kimi sağlam olaydım”. O zaman insan anlayır ki, əsl nemət nə puldur, nə də şöhrət. Ən böyük nemət sadəcə sağlamlıqdır.
Münasibətlərdə də eyni nankorluq var. Bizi sevəni çox vaxt görmürük, onun qayğısını adi qəbul edirik. Amma bizi istəməyən, bizə soyuq davranan biri olanda nədənsə ona daha çox bağlanırıq. Bəlkə də insanın ən böyük paradoksu budur: əlində olan sevgini görməz, uzaqda olanın arxasınca qaçar.
Valideynlərlə münasibətdə isə bu həqiqət daha acı görünür. İnsan çox vaxt onların qədrini sağlığında bilmir. Bəzən bir sözlə, bir davranışla onları incidir, qəlblərini qırır. Valideyn isə yenə də susur, yenə də bağışlayır, yenə də övladını düşünür. Amma günlərin birində o insan həyatdan köçəndə, övladın dünyası sanki dağılıb tökülür. İnsan paramparça olur. Dünən qədrini bilmədiyi o insanın yoxluğu birdən-birə həyatın ən böyük boşluğuna çevrilir. Amma artıq gec olur.
Əslində həyatın bizə verdiyi ən böyük nemətlər çox sadədir: sağlam olmaq, sevdiklərimizin yanımızda olması, evdə bizi gözləyən bir valideynin varlığı. Lakin insan çox vaxt bunları itirəndən sonra anlayır.
Bəlkə də problem qışda və ya yayda deyil. Problem ondadır ki, biz xoşbəxtliyi çox vaxt uzaqda axtarırıq. Halbuki o, bəzən elə yanımızda dayanır.
İnsan nankor olmağa tez öyrəşir. Amma sahib olduqlarının qədrini vaxtında bilmək – bu artıq müdriklikdir.
“Ədəbiyyat və incəsənət”
(12.03.2026)


