Həssas qəlblər: dünyanın ən gözəl, amma ən çox yaralanan insanları Featured

Fatimə Məmmədova,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

“Dünya həssas qəlblər üçün cəhənnəmdir” – bu ifadə təsadüfən deyilmir. Çünki həssas insanlar bu dünyada hər şeyi daha dərindən hiss edirlər. Başqalarının adi qəbul etdiyi söz, baxış və ya davranış onların daxilində böyük fırtınalar yarada bilir. Onlar bəzən nə etdiklərini belə tam anlamırlar. Sadəcə ürəklərinin səsini dinləyirlər. Hətta bu səs onları dəfələrlə peşman etsə də, yenə də ona qulaq asmaqdan vaz keçə bilmirlər. Bəlkə də bu, insanın sahib ola biləcəyi ən gözəl xüsusiyyətlərdən biridir – ürəyin səsini dinləmək. Amma bu gözəlliyin ağır tərəfi də var. Çünki həssas qəlblər çox vaxt özlərini qorumağı bacarmırlar. Onlar insanlara inanır, bağlanır, ümid edirlər. Və hər dəfə qırıldıqda sanki içlərində bir parça daha itirirlər.

 

O da belə insanlardan biri idi. Hər zamankı kimi yenə kefsiz idi. Aylardır içində yığılan yorğunluğun necə çıxacağını bilmirdi. Səhər işləyirdi, axşam işləyirdi. Hətta dərsdə belə işləyirdi. Günləri bir-birinə qarışmışdı. Hər gün əlində telefon, qarşısında noutbuk. Bitməyən mesajlar, yazılar, düşüncələr…

Artıq yorulmuşdu.

Bəzən ən xırda bir səbəb belə onun üçün kifayət edirdi. Oturub birdən-birə hönkür-hönkür ağlayardı. O göz yaşlarında yalnız bir anın kədəri yox idi. Günlərin, ayların yorğunluğu, ümidsizliyi və içində yığılan qəzəbi vardı.

Bir gün yenə belə anlardan birində telefonuna mesaj gəldi.Artıq mesajlara normal cavab yazmağa belə gücü qalmamışdı. Mesajı göndərən isə bu həyatda ən çox dəyər verdiyi insanlardan biri idi. Amma yorğunluq, inciklik və yığılmış hisslər bəzən insanın dilinə zəhər qatır. O da elə etdi  və içindəki bütün sərtliyi sözlərinə tökdü.

Mesajı göndərdikdən sonra isə sanki içində nəsə qırıldı.

Başladı hönkür-hönkür ağlamağa. Çünki bu dəfə qəlbini dəfələrlə qırmış birinə sərt cavab verdiyinə görə yox, özünün o qədər sərtləşdiyini hiss etdiyinə görə ağlayırdı. Həssas insanlar belədir. Onlar başqalarını incitməkdən qorxurlar. Hətta onları incidən insanlara qarşı belə sərt davrandıqda vicdan əzabı çəkirlər.

Səhər açıldı.

Gecənin yorğunluğu hələ də üzündən çəkilməmişdi. Amma o yenə də telefonu əlinə aldı və üzr istədi. Bəlkə də buna ehtiyac yox idi. Bəlkə də qarşı tərəf bunu çoxdan haqq etmişdi. Amma həssas qəlb belə işləyir.  O incitsə belə, barışmaq istəyir.

Bəzən həssas olmaq insanı zəif kimi göstərir. Halbuki bu, zəiflik deyil. Həssas olmaq hiss edə bilməkdir. Başqasının ağrısını, sözün ağırlığını, baxışın mənasını hiss etməkdir. Bu dünya bəzən həssas qəlblər üçün həqiqətən də çətin yerə çevrilir. Amma eyni zamanda dünyanı gözəl edən də məhz bu qəlblərdir. Çünki mərhəmət, sevgi, anlayış və vicdan ən çox onların içində yaşayır.

 

Bəlkə də dünya həssas qəlblər üçün cəhənnəm kimi görünür.

Amma həqiqət budu ki, bu dünyanın cənnətə çevrilmək ümidini də məhz onlar yaşadır.

 

“Ədəbiyyat və incəsənət”

(11.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.