Fatimə Məmmədova,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Sizcə, baxdığımız filmlər, oxuduğumuz əsərlər bizi niyə bu qədər özünə çəkir? Niyə bir kitabın ilk səhifəsini açdıqdan sonra onu bağlamaq istəmirik? Niyə bir filmi bitirəndə içimizdə qəribə bir boşluq qalır?
Bəlkə də ən sadə cavab budur: insan özünü həmin hekayələrin içində tapır.
Ən maraqlısı isə budur ki, bizi ən çox təsirləndirən əsərlər çox vaxt bizi kədərləndirən əsərlər olur. Gözlərimizi yaşardan filmlər, ürəyimizi sıxan ayrılıq səhnələri yaddaşımızda daha çox qalır. Bəzən bir filmi ona görə yenidən izləyirik ki, həmin ağrını yenidən hiss edək. Çünki orada ayrılıq da gözəldir, qovuşmaq da.
İllər öncə, hələ uşaq yaşlarımda bir kitab almışdım. Kitab sevgidən bəhs edirdi. O zaman bunu anlamırdım. Öz-özümə sual verirdim: niyə hər şey sevgidən yazılır? Axı mən hara, sevgi hara? Sevgi olmayan kitab yoxdurmu?
O yaşda mənə elə gəlirdi ki, dünya daha böyük mövzularla doludur. Dostluq var, həyat var, mübarizə var, arzular var. Bəs niyə hər şey yenə gəlib sevgiyə çıxır?
Zaman keçdikcə anladım ki, insanın həyatında baş verən demək olar ki, hər şeyin kökündə sevgi dayanır. Dostluq da bir növ sevgidir, ailə də sevgidir, vətən sevgisi də sevgidir. İnsan bəzən bunun fərqinə varmır, amma bütün hisslərin mərkəzində yenə sevgi dayanır. Böyüdükcə başa düşdüm ki, əgər bir əsərdə sevgi yoxdursa, o əsər sanki ruhsuz qalır. Əsərlərdəki ayrılıqlar, bədbəxt həyat hekayələri, yarımçıq qalan sevgilər o qədər canlı yazılır ki, oxucu özünü həmin insanların yerində hiss edir.
Filmlərdə də eyni hal baş verir. Bir ayrılıq səhnəsində sanki biz də o hekayənin içində yaşayırıq. Bəlkə də insanlar buna görə belə əsərləri daha çox sevirlər. Çünki o hekayələr onların içində gizlənən hissləri oyadır. Amma mənə görə əsərlərdəki o möhtəşəm sevgilər daha çox əsərlərin içində qalır. Gerçək həyatda isə biz onların yalnız kölgəsini görə bilirik. Canını fəda edən sevgili, hər şeydən keçən bir insan, ürəyini bütövlükdə bağışlayan həyat yoldaşı... Bunlar əsərlərdə çox gözəl görünür. Hətta bəzən o qədər möhtəşəm təsvir edilir ki, insan düşünür: kaş belə sevgi gerçək həyatda da bu qədər saf və bu qədər güclü olardı.
Amma həyat çox vaxt əsərlər kimi olmur.
Həyatda insanlar daha çox qorxur, tərəddüd edir, bəzən də yarı yolda qalırlar. Buna görə də bəlkə də biz o ideal sevgini daha çox filmlərdə və kitablarda axtarırıq.Və biz nə yaşamaq istəyiriksə, onun həvəsli izləyicisinə çevrilirik.
Filmlərdə, romanlarda, şeirlərdə gördüyümüz o böyük sevgilər bəlkə də içimizdə yaşatmaq istədiyimiz arzuların bir əksidir.
Bəzən düşünürəm: niyə şairlər daha çox ayrılıqdan yazırlar?
Demək olar ki, hər şairin yaradıcılığında ayrılıq mövzusu var. Bəzən bir deyil, bir neçə şeir ayrılıqdan bəhs edir. Sanki şairlər ayrılıq hissini daha yaxşı ifadə edə bilirlər.
Bunun səbəbi bəlkə də budur ki, ayrılıq insanın içində ən çox iz buraxan hisslərdən biridir. Sevgi insanı xoşbəxt edə bilər, amma ayrılıq insanı düşündürür. İnsan ayrılıq yaşayanda daha çox düşünür, daha çox yazmaq istəyir. Ürəyində yığılan sözlər kağıza tökülmək istəyir. Mən şair olsaydım, yəqin ki, mənim də əsərlərimin çoxu ayrılıqdan bəhs edərdi.
Çünki bəzən insanın ürəyindən gələn sözlər əvvəl əlinə, sonra qələminə, qələmindən isə ağ səhifələrə köçür. Və o sözlər çox vaxt insanın içində qalan hisslərin səsinə çevrilir. Filmlərdə də ayrılıq olanda onları daha çox izləmək istəyirik. Bir sevgi hekayəsi asanlıqla bitəndə o qədər də təsirli olmur. Amma ayrılıq, mübarizə, qovuşa bilməmək – bütün bunlar hekayəni daha canlı edir. İnsan həmin hekayənin sonunu görmək istəyir.
Bəlkə də buna görə eşqsiz və ayrılıqsız film bir az dadsız görünür.
Çünki insan hisssiz hekayəni sevmir. Hiss olmayan yerdə həyat da sanki solğun görünür.
Eşqin olmadığı həyat və ayrılığı tanımayan insan...
Bəlkə də bu ikisi mümkün deyil. Çünki sevgi varsa, bir gün ayrılıq ehtimalı da var. İnsan bu iki hissin arasında yaşayır.
Məncə bizi kitablara, filmlərə və şeirlərə cəlb edən də elə budur.
Biz o hekayələrdə öz hisslərimizi görürük. Bəzən yaşamadığımız bir sevgini, bəzən itirdiyimiz bir insanı, bəzən isə sadəcə xəyal etdiyimiz bir həyatı.
Və bəlkə də buna görə ayrılıq da gözəldir...
Çünki o, sevginin var olduğunu bizə xatırladır.
“Ədəbiyyat və incəsənət”
(10.03.2026)


