Bəlkə həyat elə əvəzetmə oyunudu?.. Featured

Aytən Ağasıyeva, “Ədəbiyyat və incəsənət”

 

Yenə avtobusla yol gəldiyim həftə sonlarından biri idi.

Müğənninin oxuduğu mahnılar avtobusun hərəkət etdikcə çıxardığı xoşagəlməz səsin çalarını dəyişirdi. Mənsə xəyalımda yaratdığım düşüncələrin pəncərədən baxanda gördüyüm silsilə dağların ətəyinə çarpıb qayıtdığını hiss edirdim.

Bir tərəfdən də arxamda oturan cütlüyün alçaqdan nələrsə danışdığını, arada sırada eşitdiyim sözlərdən anlayırdım :

-Hamısı ruhsuz şeylərdi.

-İnsanı əvəz edə biləcək tək şey insanın özüdü..

Robotlardan danışırdılar.

Günlər öncə eşitdiyim və xatırlayanda da həmişə güldüyüm “Dindardı, amma Allahsızdı” sözləri yadıma düşdü.

Ən yaxşı fikirlər, adi söhbətlər arasında cərəyan edir, sonra da düşüncələrimizdə asılı qalır.

Bəzən inandırıcılıq o qədər güclü olur ki, onların saxta olduğunu bizə unutdurur. Bütün çabası ağlını itirməməkdən ibarət olan standart insanlar gerçəkliyin bizi həmişə aşdığını qəbul edirlər. Ona nə yaxınlaşa bilirlər nə də buna səy göstərirlər. Qəbul etmək ən sadə yoldur.

 Bəli, insanı əvəz edə biləcək tək şey insanın özüdür. Bunu ali təhsilli, fərqli ölkələri gəzib “yorulan” adam da yaxşı bilir, savadı olmayan, kitab oxumayan bir kənd övladı da..

Xəstə halımızla addım ata bilməyib, əczaxana künclərində axtardığımız dərmanı tapa bilməyəndə “əvəzedici”sini məsləhət görürlər..

Duyğularımızla hərəkət edib, “yara” alanda, ya da yaralananda ağıl “dur” deyir, özünü toparla, mən nə üçün varam?  Bu dəfə də beyin ürəyin “əvəzedici”si olur..

Uzun müddət qarışıq zehinlə yaşayan ruh özünə dar gələn zirehi cırıb atmaq üçün bədəni məsləhət görür.

Burda isə bədən ruhun “əvəzedici”sidir.

Ölümün əvəzedicisi isə düz xəttdir. Sadədir amma sonsuzdur..

Səssizlik də sadədir, sonsuzdur. Lakin görünən entropiyadır.

Entropiyanı düşürən şey enerjidir. O enerji günəşdir Günəş varsa, çoxumuz üçün həyat var. Yəni həyat entropiyanın yoxluğudur. Həyat da əvəzedicidir.

Uşaqlığı gəncliklə, gəncliyi qocalıqla əvəz edirik. Biz boğazımızda düyün olan sözləri bir qurtum udqunmaqla əvəz edənlərik!

Bəs hər şeyimi əvəz etmək olar?

Ya da sualı belə qoyaq, bəlkə həyat elə əvəzetmə oyunudu?..

Yadıma düşmüşkən:

Bu səhər Şəhriyar Del Gerani də daşlaşan xatirələrini şeirlə əvəz edirdi. Bəzən də onun kimi bir ovuc quru sözə can verib, bir parça şeirlə səbr edirik!

“Əşyaların ən qəddarı

toz basmış tuflilərdi,

geyib həyətdə gəzirəm

qoy həyət darıxmasın.

 

bir də vardı pıçıldamaq

sən gəlməyən küçəyə

eləcə baxmaq, baxmaq, baxmaq…”

 

“Ədəbiyyat və incəsənət”

(02.03.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.