Kimdir müqəssir? - ESSE Featured

Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”

 

Artıq özümüz kimi yaşlanmağı sevmirik. Yaşlandıqca özümüzə yad oluruq, cavanlıq eliksiri içməyi sevirik. Heç sözümüz-söhbətimiz də o deyil. Cavanlara öyüd-nəsihət də verə bilmirik. Deyirlər ki, xanım, bizim aramızda yaş fərqi ya 5, ya 6-dır. Sizin düşüncəniz mənim düşüncəmdən nə qədər uzaqgörəndir ki?

 

Əvvəllər maska taxıb dəyişərdilər. O da bir günlük, bayramlarda. İndi elə maskalar çıxıb ki, birbaşa dəriyə, qana nüfuz edir. İllərlə qalır. Tanıya bilmirsən. Nə yadı, nə yaxını.

İndi sevgilər də dəyişib. İncə dodaqlı, al yanaqlı qızlar sevilməz. Uşaq vaxtı kənddə saxladığımız, subarxında üzüb gözdən itib, itəndə həyacanla axtardığımız anaş ördəyə bənzəyənlər sevilir. Dimdiyi xeyli önə, arxası da ki, bir xeyli dala.

Daha qartal burunlar da sevilməz, tülkü burnu kimi xırda burunlar sevilər. Bunlar da həyatımıza təsirsiz ötüşmür. Qartal kimi zirvəni fəth etməyi düşünmək yerinə, tülkü kimi kiminsə cibinə girib rahat yaşamaq vərdişə çevrilib. Ailələr dağılır, körpələr gözü yaşlı qalır. Bu, insanlıqdan vəhşiliyə birbaşa keçiddir. Bu vəhşi həyata səviyyə, full dedilər. Demədilər ki, səviyyəmizi namusu satıb, cildimizi dəyişəndə itirdik. Mənliyimizi ailələri dağıdanda, yad kişinin qazancını rahat yeyəndə itirdik. Demədilər ki, atamızın sadə evini bəyənməyib, imkanların villasında kirayəliyə çevriləndə hər şey məhv oldu.

Deyək ki, qadın özü ilə mübarizə etməyi bacarmadı. Bəs qadınları o cür görmək üçün pullarını, gözəl-göyçək sözlərini xərcləyən kişilər necə? Onlardamı bu iyrənc dəbə bir sillə çəkməyi bacarmadılar? Bəs onlar niyə istədilər ki, qadınlar öz gözəlliyi ilə deyil, özgə gözəlliyi ilə çıxsınlar onların qarşısına?

İndi siz deyin: Kimdir müqəssir?

 

“Ədəbiyyat və incəsənət”

(02.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.