Nərgiz Mustafayeva, Gəncə. “Ədəbiyyat və incəsənət”
Boz ayın girməsi ilə təbiətdə “nəfəs düşmə” hadisəsi baş verir. Elmi ədəbiyyatda buna “Cəmrə” deyilir. Bu, buzların əriməsi və torpağın oyanmasının ilk bioloji nişanəsidir.
Boz ay təkcə havanın dəyişməsi deyil, həm də süfrənin “qış rejimindən” “bahara hazırlığına” keçididir. Boz ayın gəlişi ilə evlərdən gələn ən xoş səs sac üzərində çırtlayan buğdanın - qovurğanın səsidir.
Qovurğa yüksək enerjili qidadır. Qışın sonunda tükənən vitamin ehtiyatını bərpa etmək üçün buğda, küncüt və kəndir (çətənə) toxumunun qarışığından istifadə olunur. Sacda çırtdayan qovurğa dənələri oyanan torpağın və canlanan təbiətin simlovudur. Bəzi bölgələrdə qovurğaya qovrulmuş badam və fındıq da qatırlar ki, bu da “yeddiləvin” (yeddi növ nemət) ənənəsinin tərkib hissəsidir.
Boz ayın ortalarında xüsusən də Çərşənbələrdə hazırlanan Səməni halvası (və ya İsfahan halvası) mətbəximizin ən mürəkkəb təamlarından biridir.
Belə ki, bu halva şəkərsiz bişirilir, şirinliyini yalnız cücərmiş buğdanın şirəsindən (səməni südündən) alır. Bu halvanı saatlarla, bəzən bütün gecəni qazan başında qarışdıraraq hazırlayırlar.
Boz ayın hər həftəsində süfrəyə qışdan qalan quru meyvələr – “miyanpür” (içi qozlu heyva və ya ərik qurusu), kişmiş və qax düzülür. Əksər bölgələrdə süfrəyə qoyulan çərəzlərin sayı tək rəqəmli (xüsusən yeddi) olmalıdır. Bu “bolluq gəlsin ki, qıtlıq getsin” inancından doğur.
Boz ayın şıltaq, buludlu havasında sarımtıl, isti şorqoğalı bişirmək simvolik olaraq günəşi çağırmaq deməkdir. Ümumiyyətlə süfrədə şorqoğal günəşin rəmzidir. Qoğalın qat-qat strukturu kainatın təbəqələrini, sarı rəngi isə istiliyi simvolizə edir.
Boz ayın sonuna doğru ağır ət xörəkləri yerini tədricən göyərtili və tərəvəzli təamlara verir. Torpaq oyananda çıxan ilk göyərtilərdən bişirilən fətirlər və ya kətələr Boz ay süfrəsini canlandırır.
Beləliklə Boz ay süfrəsi sadəcə qarın doyurmaq üçün deyil, həmdə təbiətlə insan arasında bir harmoniyanın qurulması üçün qurulur.
“Ədəbiyyat və incəsənət”
(20.02.2026)


