Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
Səhər oyanıram. Nə olsun ki, saat gecənin dördü olub? Bədənim ağırlaşıb və yatağdan düşmək istəmir. Oğurlana-oğurlana aynanın qarşısına keçirəm. İçimdən keçir ki, "Bu gözlər kimindi? Bu əllər, bu çillər nəyə gərəkir?" Əllərimə baxıram. Onları tanıyıram, amma sanki kimsənin uzun müddət əvvəl mənə hədiyyə etdiyi bir cüt əlcəkmiş kimi gəlir. Onları istifadə edirəm, amma tam olaraq "mənim" deyillər...
Bir hiss gəlir ki, sanki bu bədənə sığmıram. Sanki bütün gecə boyu ruhum bir yerə uçub, səhər geri qayıdıb bu sümük qəfəsə daxil olmağçün mübarizə aparır. Bu, bədən həsrətidir. Özümə tam olaraq qayıdıb, bu əllərə, bu bədənə tam yerləşmək istəyirəm. Amma elə bil bədənim məndən gizlənir. O, ayrı bir dünyada yaşayır, mən isə onun içində sıxılıb qalmışam.
Sonra, günorta. Bir fincan çag aparıb iş yerimdəki siqaret köşkünə söykənirəm. Birdən... hər şey dayanır. Maşınların səsləri, öz fikirlərim, hər şey uzaqlaşır. İçimdə boş, geniş, amma elə də acıqlı bir yer açılır ki.. Sanki bir evdə oturub, yad bir evin xatirəsini çəkirsən. Həmin evi heç görməmisən, amma onu tanıyırsan. Ürəyin ora çəkilir lap. Bu, can həsrətidir. Sanki ruhum, bu səs-küylü, bu rəngli dünyada, öz unudulmuş dilində danışır.... "Burada evim yoxdur. Mən başqa bir yerdənəm."
Bədən həsrəti bir yoldaşlıq istəyidir. Birinin sənin əlindən tutub, "Gəl, burdayam, sən də burdasan" deməsidir. Can həsrəti isə tam tənhalıqda dərin bir birlik istəyidir. Elə bir birlik ki, heç bir "sən" və "mən" qalmasın. Yalnız "O" qalsın.
Gecə yuxudan əvvəl, bu ikisi qarışır. Yəni, indiki vəziyyətdə. Bədənim yorğun, yatağa uzanır və eşidilmək istəyir. Bu, cisim həsrətinin son çağırışıdır. Amma gözlərimi yumduqda, qaranlığın içinə düşürəm və orada, daha böyük, daha sakit bir qucağın olmasını daha doğrusu onun məni qəbul etməsini arzulayıram. Bu da, can həsrətinin pıçıltısıdır.
Deməli, mən bu iki həsrət arasında həyat keçirirəm. Biri məni bu dünyaya, çay fincanına, sevgilimin isti çiyninə bağlayır. O biri məni boşluğa, səssizliyə, sonsuzluğa çəkir. Biri "qal" deyir, o biri "qayıt".
Bəlkə də, həyatın mənası da bu ikisini inkar etmək deyil, onların hər ikisi ilə eyni zamanda yaşamağı öyrənməkdir. Bir stəkan çayın istiliyində həm bədənini, həm də canını qızdırmaq. Bu qəlbin içində həm sevdiyini insanı, həm də bütün bir kainatı hiss etmək.
Və heçnəyə baxaraq Xaliqi hiss etmək...
“Ədəbiyyat və incəsənət”
(17.02.2026)


