Ətirşah ərköyünlüyü - PRİTÇA Featured

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”

 

Günay Müzəffər üçün

         Yıxıla-dura gəlib çatmışdı külək. Çırpılmışdı pəncərənin çərçivələrinə, acığını şüşədən çıxmışdı; elə silkələmişdi ki, çilik-çilik olub tökülmüşdü döşəməyə. Hərçənd, özünün də böyür-başı sıyrıq-sıyrıq olmuşdu...

         Çata bilmişdi amma içəriyə-yaydan buracan həsrətini çəkdiyi ətirşahın yanına. Ətirşahı susqun görmüşdü... Sıyrıqlarındakı acışığı, təngiyən nəfəsini dürtüşdürmüşdü sevdiyi üçün keçirdiyi nigaranlığın arxa cibinə. Dolam-dolam dolanmışdı ətirşahın başına. Bir həyəcan pırıltısı da yox idi sevdiyinin canında...

         Axırda dilə gəlmişdi:

         -Gedimmi?

         Ətirşah cavab verməmişdi. Külək hiss etmişdi ki, ürəyinin lap dərinliyində cırnamağa başlayır. Tez də zehnindən asılan yelləncəyin ipləri tərpənmişdi: “Hövsələli ol... Sevilən nazlı olar...”  Köksünü ötürüb demişdi:

         -Bəlkə, gec gəldim deyə küsmüsən?

         ...Səssizlik...

         -Bağışla desəm?

         ...Sükut...

         Cırnamaq böyüyüb hikkəyə çevrilirdi anbaan...

         -Bura bax! Səndən ötrü neçə aydır açılmayan pəncərənin o üzündə özümü döyürəm!  Açılan kimi, özümü çatdırdım yanına! Bax-bax, sıyrıqlarıma bax! Hələ səndən ötrü şüşə qatili də oldum! Üzümə baxmağın o yana, dilucu bir söz də demirsən! Belə sevgili olar?!

         Ətirşah azacıq yırğalandı, kinayə ilə gülümsədi:

         -Dilə gələn edilənlər fədakarlıq deyil... Fədakarlıqsa, sevgi deyil...

         ...Ev sahibi əlində yeni şüşə və təmir alətləri pəncərəyə yaxınlaşanda küləyin ağlında bircə şey vardı: vaxtında özünü boş çərçivədən eşiyə atmaq...

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2026)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.