“Like”lə ölçülən dostluq, maddiyyatla seçilən sevgi Featured

Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”

 

Bu gün bir “like” dostluğun taleyini həll edir, bir xərclə sevginin dəyəri ölçülür. Salam vermədi-pisdir, pul xərcləmədi- lazımsızdır. Münasibətlərin bu qədər ucuzlaşdığı dövrdə gənclik tək qaldığını hələ anlamır.

 

Təxmin edirəm ki, bir vaxtlar gənclik deyəndə kitab qoxusu, teatr bileti, müzakirə masaları, düşünən baxışlar yada düşürdü. Bu gün isə eyni söz daha çox telefon ekranına əyilmiş başları, barmaqları ilə yaşayan, amma düşünməyi yavaş-yavaş unudan bir nəsli xatırladır. Məsələ gənclərin “pis” olmasında deyil. Məsələ onlara təqdim edilən dünyanın dəyərsizləşdirilməsindədir.

Bu gün gənclik informasiya bolluğu içində mədəni aclıq yaşayır. Hər şey var, amma məna azdır. Hər kəs danışır, amma az adam dinləyir. Oxumaq çətin, düşünmək yorucu, anlamaq isə artıq lüks sayılır. Sosial şəbəkələrdə saniyələrlə ölçülən diqqət, real həyatda münasibətləri də eyni qədər dayazlaşdırıb.

İndi hamı dostluğu bir “like”a sığışdırır. Paylaşımı bəyəndinsə, deməli dostsan, bəyənmədinsə artıq arada məsafə yaranır, deməli sən "qısqanırmışsan". Ünsiyyət üz-üzə deyil, ekran vasitəsilə qurulur. Kimsə bu gün səninlə görüşmək istəmədisə, dərhal hökm verilir: “O artıq mənim dostum deyil”.  Sabah salam vermədisə, bir addım da irəli gedilir: “O pis biridir”.  Heç kim düşünmür ki, bəlkə onun problemi var, bəlkə yorğundur, bəlkə sadəcə danışmaq istəmir. Çünki anlamaq səbr tələb edir, səbr isə bu dövrün ən çatışmayan xüsusiyyətidir.

Yenə də təxmin edirəm ki, əvvəllər münasibətlər zamanla möhkəmlənirdi, indi isə ani emosiyalarla dağıdılır. Bir cavabsız mesaj illərin dostluğunu silir. Bir anlaşılmazlıq bütün keçmişi ləğv edir. Danışmaq yerinə susuruq, soruşmaq yerinə ittiham edirik. Üz-üzə söhbət çətin gəlir, amma klaviatura arxasında hökm çıxarmaq çox asandır. Necə deyirdilər? "Klaviaturada şirə dönən kəslər"...

İndi isə daha təhlükəli bir mərhələyə keçmişik. Deyirlər: “Mən bununla danışmıramsa, sən də danışmamalısan”.  Dostluq artıq fərdi seçim yox, kollektiv diktəyə çevrilib. Kim kiminlə salamlaşacaq, kim kiminlə ünsiyyətdə olacaq- bunlar şəxsi düşüncə ilə yox, qrupun yazılmamış qanunları ilə müəyyənləşir. Bir insanın kimləsə problemi varsa, hamı avtomatik o problemin tərəfinə çevrilməlidir. Sanki hər kəsin öz ağlı, öz münasibət haqqı əlindən alınıb.

Bu yanaşma düşünməyən, amma tərəf tutan bir gənclik formalaşdırır.

 

 Səbəbini bilmədən nifrət edən, faktı araşdırmadan hökm verən bir kütlə yaranır. “Mən onu sevmirəm” cümləsi kifayətdir ki, qarşı tərəf avtomatik “pis” elan edilsin. Niyə? Heç kim bilmir. Soruşan da yoxdur. Çünki soruşmaq mədəniyyət tələb edir.

Daha acınacaqlısı isə münasibətlərin maddiyyat üzərindən ölçülməsidir. İndi dostlar bir-birinin əlinə baxır. Kim nə verdi, kim nə aldı, kim nə qədər xərclədi- bunlar dostluğun ölçü vahidinə çevrilib.

 Açıq-aşkar deyilir: “Pulsuz dost neylərəm?” “Pulsuz sevgili nə işimə yarayar?” Bu cümlələr artıq utanılacaq sözləri belə keçib, “realist baxış” kimi təqdim olunur.

Amma sual açıq qalır: pulun üzərində qurulan münasibətin ömrü nə qədərdir? Marağın olduğu yerdə səmimiyyət qalarmı? Çətin gündə yanında olmayacaq, səni yalnız faydan qədər sevən insan dost adlana bilərmi?

Qeyd edim ki, bu dostluq yox, sadəcə qarşılıqlı istifadədir.

Bir vaxtlar dostluq dar gündə bilinirdi. İndi isə gənclik rahat günlərin dostluğunu seçir.

 Darıxanda yoxa çıxan, işi düşəndə ortaya çıxan münasibətlər adi hal alıb. Və ən təhlükəlisi odur ki, buna etiraz edənlər “köhnə düşüncəli”, “geri qalmış”, “dövrlə ayaqlaşmayan” adlandırılır.

Biz gənclərə empatiya yox, şərtli sevgi öyrədilib. “Mənim tərəfimdəsənsə, varsan,  deyilsənsə, yoxsan”.  Bu düşüncə tərzi təkcə münasibətləri yox, cəmiyyəti də içdən parçalayır. Fərqli düşünən düşmənə çevrilir, səssiz qalan satqın sayılır, müstəqil fikir isə təhlükə kimi qəbul olunur.

Mədəniyyət təkcə kitab oxumaq, teatr izləmək deyil. Mədəniyyət insanı dinləməkdir, anlamağa çalışmaqdır, hökm verməzdən əvvəl düşünməkdir. Mədəniyyətdən uzaq gənclik səssiz təhlükədir. Səs salmır, amma cəmiyyəti yavaş-yavaş boşaldır. Düşünməyən gənclik sual vermir, sual verməyən gənclik isə dəyişiklik yaratmır.

 Bu yazı aynadır. Bəlkə də o aynaya baxmaq xoş deyil. Amma baxmasaq, sabah daha ağır bir reallıqla üzləşəcəyik. Dostluğu “like”lə , münasibəti maraqla, sevgilini maddiyyatla ölçən gənclik sabah tək qalanda təəccüblənməsin.

 

“Ədəbiyyat və incəsənət”

(04.02.2026)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.