“Yaradıcılıq emalatxanası”nda Nəzrin Mansırlı Featured

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Salam, " Ədəbiyyat və İncəsənət" portalının əziz izləyiciləri. " Yaradıcılıq emalatxanası" rubrikamızda bu dəfə də istedadlı gəncimiz qonağımızdır.

Gəlin qonağımızı yaxından tanıyaq. Nəzrin Mansırlı!

 

O, İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyinin sədr müavini, Azərbaycan mədəniyyətinə və musiqi sənətinə dərin bağlılığı, peşəkarlığı və fəallığı ilə seçilən sənətə bağlı bir xanımdır. Yaradıcılıq fəaliyyətində milli musiqi irsinin qorunması, təbliği və gənc nəslə ötürülməsini əsas məqsəd kimi qarşısına qoymuşdur.

İlk musiqi təhsilini Hüseyn Arif adına orta ixtisas musiqi məktəbində almış, burada 5 il müddətində fortepiano ixtisası üzrə təhsil alaraq klassik musiqi biliklərinə yiyələnmişdir. Daha sonra Bülbül adına Vokal Məktəbində təhsilini davam etdirərək peşəkar vokal hazırlığı keçmişdir.

Nəzrin Mansırlı Şuşa Humanitar Kollecində “Vokal sənəti (xanəndəlik)” ixtisası üzrə təhsil almış, burada Azərbaycan muğam sənətinin incəliklərini dərindən mənimsəmişdir. Muğam, milli vokal və klassik musiqi janrlarında formalaşan sənət yolu onu peşəkar səhnəyə hazırlamışdır.

Hal-hazırda o, Azərbaycan Milli Konservatoriyasında təhsilini “Vokal sənəti (Milli vokal)” ixtisası üzrə davam etdirir və öz bilik və bacarıqlarını daha da təkmilləşdirir. Eyni zamanda müxtəlif mədəni layihələrdə, tədbirlərdə və konsert proqramlarında fəal iştirak edərək milli musiqimizin inkişafına töhfə verir.

İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyinin sədr müavini kimi Mansırlı Nəzrin gənc istedadların üzə çıxarılması, mədəniyyətin inkişafı və incəsənətin cəmiyyətə daha geniş şəkildə çatdırılması istiqamətində mühüm təşəbbüslərlə çıxış edir. Onun fəaliyyəti sənətə sevgi, məsuliyyət və yüksək peşəkarlıq prinsipləri üzərində qurulmuşdur.

 

-- Xoş gördük, əziz Nəzrin. Sizə bir neçə sualım olacaq. Bu gün musiqi təhsili alan gənclərin ən böyük problemi nədir?

 

-- Xoş gördük, Ülviyyə xanım. Rubrikanıza dəvət etdiyiniz üçün Sizə minnətdaram. Ən böyük problem səbr və davamlılıqdır. Musiqi uzunmüddətli zəhmət və intizam tələb edir. Bəzi gənclər tez nəticə gözləyir, amma sənət zamanla formalaşır. Maddi çətinliklər və imkanların məhdudluğu da bu yolda maneələr yarada bilir.

 

-- İncəsənətin cəmiyyətə faydası nədir?

 

-- İncəsənət cəmiyyətin ruhudur. O, insanları birləşdirir, milli-mənəvi dəyərləri yaşadır, estetik düşüncəni formalaşdırır və insanların dünyagörüşünü zənginləşdirir. Sənət insanları daha həssas, daha anlayışlı və daha yaradıcı edir.

 

-- Gənclərə muğamı necə sevdirmək olar?

 

-- Muğamı gənclərə sevdirmək üçün onu müasir təqdimat formaları ilə, maraqlı layihələr, konsertlər, sosial media paylaşımları və gənclərin dili ilə izah etmək lazımdır. Muğamın emosional dərinliyini və həyatla bağlılığını göstərmək, onu canlı və anlaşılan formada təqdim etmək çox önəmlidir.

 

-- Musiqi yolunun çətinlikləri Nəzrini qorxudurmu heç?

 

-- Xeyr, çətinliklər Nəzrini qorxutmur. Əksinə, onu daha da gücləndirir və məqsədinə daha inamla irəliləməsinə səbəb olur. Çünki sevgi ilə seçilən yol, nə qədər çətin olsa da, insanı yolundan döndərə bilmir.

 

-- Hansı mədəni layihələri gerçəkləşdirmək istəyərdiniz?

 

--Gənclərin milli musiqiyə, xüsusilə muğama marağını artıran layihələr, bölgələrdə musiqi təhsilinə dəstək proqramları, ustad–şagird görüşləri, gənc istedadların tanıdılması üçün konsertlər və sənət festivalları həyata keçirmək istərdim.

 

“Ədəbiyyat və incəsənət”

 

(30.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.