Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”
İnsan bəzən ən çox keçmişdə ilişib qalır, illər keçir, zaman dəyişir, həyat başqa istiqamətə gedir, amma içimizdə qalan bəzi anlar sanki heç vaxt qocalmır, bəzi xatirələr köhnəlmir, bəzi insanlar uzaqlaşsa da, səsi hələ də qulağımızda qalır. Çünki keçmiş sadəcə yaşanıb bitmiş bir zaman deyil, keçmiş bəzən insanın içində yaşayan bir kölgəyə çevrilir, addımlarını izləyir, yolunu kəsir, səni daim geri çağırır, sanki hər dəfə irəli getmək istəyəndə səni qolundan tutub saxlayır...
Bəzən bir söz, bəzən bir baxış, bəzən yarımçıq qalmış bir vida insanın yaddaşında yox, ruhunda yaşayır, çünki bəzi xatirələr beynin deyil, qəlbin içində yazılır və insan unutmaq istəsə də, unutmaq hər zaman mümkün olmur. Keçmişi buraxmaq isə sadəcə unutmaq deyil, keçmişi buraxmaq onun səni idarə etməsinə icazə verməməkdir, keçmişi buraxmaq o xatirənin səni hər gün yenidən yaralamasına yox deməkdir, çünki sən irəli getmək istəyirsən, amma içindəki o kölgə səni daim geriyə çəkir, elə bil bir tərəfin yol gedir, digər tərəfin isə dayanmadan geri baxır.
Bəzən mən də düşünürəm, keçmişdə buraxmalı olduğum insanları, anları, dostları, düşmənləri necə tərk edim, necə ayrılım, necə həyatımın bir səhifəsini bağlayım, çünki insan bəzən keçmişdən deyil, keçmişin içində qalan hisslərdən ayrıla bilmir, bəzən bir dostluq bitir, amma insanın içində bitmir, bəzən bir xəyanət keçir, amma izləri qalır, bəzən bir uşaq vaxtı yaşadığın an səni böyüyəndə də izləyir. Buna görə də özümdən uydurduğum bir “buraxmaq səhnəsi” var, evə gedərkən sürət qatarına minirəm, qatarın qapısına söykənirəm və elə bir istiqamətdə dayanıram ki, sanki mən və qatar birlikdə gedirik, sanki həyat məni aparır, zaman məni aparır, amma keçmişdə yaxamı buraxmayanlara isə dönüb baxmıram. Sadəcə onları gözümün önündə canlandırıram, bir hadisə əl edir, bir insan əl edir, keçmişdəki mən əl edir, bir vaxtlar dost dediyim biri dayanıb uzaqdan baxır və mən içimdən “sağ ol” deyirəm, “əlvida” deyirəm, çünki bəzən vida demək ayrılmaq yox, azad olmaqdır.
Bəzən belə anlarda gözlərim dolur, çünki kin bəsləmək istədiyim yerdə belə yaxşı xatirələr gözümün önünə gəlir, insan bəzən qırıldığı adamı belə tam silə bilmir, çünki hər qırılmanın içində bir vaxtlar gözəl olan nəsə də yatır. Qatar hələ Keşlə stansiyasındadır, yola çıxır, mən xatirələri canlandırarkən yanağımdan bir damcı yaş axır, amma sadəcə bir damcı, çünki insan hər dəfə ağlasa da, hər dəfə bir az daha yüngülləşir. Birinci dayanacaqda sərnişinlər düşür, amma keçmiş hələ də dəmir yolundadır, qaçır, dayanmadan qaçır, sanki xatirələr qatarın içindən çıxmaq istəmir, sanki “məni buraxma” deyir, sanki “geri dön” deyir. Stansiyalar keçir, Koroğlu, Bakıxanov, mən Bakıxanovda düşəcəyəm, amma o yaxamı buraxmayan keçmiş hələ də qatarın arxasınca qaçır, əl edir, qaçaraq əl edir, sanki məni buraxmaq istəmir, sanki həyatımın ən önəmli hissəsi hələ də arxada qalıb.
Amma sonra qəribə bir şey olur, o əl edən insan, o hadisə, o xatirə bir anda dayanır, artıq qaçmır, artıq nəfəsi çatmır, artıq zaman onu geridə qoyur, geri dönür və qatar isə yoluna davam edir. Və sən də qatarla gedirsən, artıq o getdi deyə istiqamətini dəyişirsən, artıq geri baxmırsan, artıq qatarın düz istiqamətində dayanırsan, artıq öz yoluna baxırsan, çünki insan bir gün başa düşür ki, keçmişin arxasınca qaçmaq yox, gələcəyin istiqamətində addımlamaq lazımdır.
Demək istədiyim budur ki, o şey sizin yaxanızı buraxmayana qədər siz onun təsirində olursunuz, irəli getməyə çəkinirsiniz, daim geri baxırsınız, daim geri dönürsünüz, amma bir gün o dayanır və sən gedirsən. Keçmiş geridə qalır, sən isə həyatın içində irəliləyirsən, çünki insan yalnız geriyə baxaraq yaşaya bilməz, insan yalnız xatirələrlə nəfəs ala bilməz, bəzən ayrılmaq lazımdır, bəzən buraxmaq özünə şans verməkdir. Keçmiş artıq bir stansiyadır, sən isə yolçusan. Qatar gedir və sən də gedirsən. Bəzən ən böyük güc unutmaqda deyil, xatırlaya-xatırlaya yoluna davam etməkdədir. Bəzən ən böyük cəsarət geridə qalanlara son dəfə əl edib, göz yaşını içində saxlayıb, yenə də irəli baxmaqdır. Çünki həyat heç kimi gözləmir, zaman dayanmaz, qatar geri qayıtmaz. Sən isə o qatarda sadəcə sərnişin deyilsən, sən öz yolunun sahibisən. Artıq yoluna bax.
“Ədəbiyyat və incəsənət”
(30.01.2026)


