“Yaradıcılıq emalatxanası”nın balaca qonağı Featured

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Salam, Ədəbiyyat və İncəsənət" portalının dəyərli izləyiciləri. Bu dəfə " Yaradıcılıq emalatxanası" adlı rubrikamızla görüşünüzə gəlmişik.

"Emalatxanamızın" gözəl, balaca bir yazar qonağı var. Bu istedadlı qonağımız 192 saylı məktəbin 6-ci sinif şagirdi Miray İbrahimbəylidir.

 

-- Xoş gördük, Miray. Yaxın zamanlarda hekayə yarışmasında üçüncü yer tutdun, təbrik edirik və uğurlar arzulayırıq.

Miray, sənin üçün Ədəbiyyat nədir?

 

-- Salam Ülviyyə xanım, xoş gördük, məni bu rubrikaya dəvət etdiyiniz üçün Sizə minnətdaram.

Ədəbiyyat mənim üçün xəyalları, gördüyüm nə varsa onları kağıza köçürməkdir. Mən kitab oxuyanda başqa dünyalara gedirəm, yazanda isə öz dünyamı qururam. Hərdən düşünürəm ki, görəsən, nağıllarda gördüyüm bəzi qəhrəman obrazlar nə vaxtsa var olublar? Ona görə də müşahidə etdiyim ne varsa, yazdığım kiçik hekayələrdə daha canlı etməyə çalışıram. Sanki onlar bir göz qırpımında mövcud olacaqlar. Hətta fantastikanı çox sevsəm belə...

 

-- Miray bir hekayədə necə obraz olmaq istəyərdi?

 

-- Mən hekayədə Heston olmaq istəyərdim. O, yuxumda gördüyüm sevimli pişiyimdir. Çünki pişiklər mehriban, azad və səssizcə hər şeyi anlayan canlılardır. Mən də Heston kimi dostluq edən, sevgi dolu və hər kəsi qoruyan bir obraz olmaq istərdim.

 

Əziz izləyicilər, gəlin elə Heston kimdir? sualını Mirayın hekayəsində tapaq.

 

„Heston“ və ya mavi gözlü oğlan

 

... Hər tərəf qəribə parlaqlıqda mavi və çəhrayı işıqlarla bəzənmişdi. Orda çoxlu uşaqlar da var idi.  Hamı deyir, gülür, şənlənirdi. Amma mən oynayan uşaqlara qoşulmaq istəmirdim. Kənarda maral buynuzuna bənzəyən skamyada bir oğlan uşağı əyləşmişdi. Həmin skamya da mavi və çəhrayı işıqlarla bəzənmişdi. O oğlan uşağı da uşaqlara qoşulmaq istəmirdi deyəsən. Bayaqdan tamaşa edirdim. Ona yaxınlaşıb oynamaq istəyən uşaqların heç birinə məhəl qoymurdu.  Boynunu çiyninə əyib, məyus-məyus baxırdı. Indi o qız uşağı olsaydı, mən onunla oynayardım, deyə, könlümdən keçirdim. Anam da o parlayan işıqlara baxıb mənə görə sevinirdi. Bəlkə də sevinirdi ki, "mən nə yaxşı onunla bu qəribə aləmdəyəm".

Anamın əlindən tutub, skamyada əyləşən oğlana tərəf getdim. Uşaqların səsi, qəhqəhəsi qulaqlarımda külək kimi uğuldayırdı. O uşağa yaxınlaşanda baxışlarından diksindim. Evdəki pişiyimiz Heston da mənə belə  baxırdı. O niyə Hestona bənzəsin ki? Gözlərinin rəngi də onun kimi eyni idi, buna görəmi? Onunla danışmağa başladım:

-- Salam. Sən Hestona çox bənzəyirsən...

-- Heston kimdi? - sualını verəndə, daha çox təəccübləndim. Mənə elə gəldi ki, sözlər onun dilindən deyil, gözlərindən çıxmağa başladı və ətrafda əks-səda verdi...

-- Heston mənim pişiyimin adıdır.

-- Mən də o pişiyin yerinə olmaq, özümə dönmək istəyirəm indi.

Sözlər yenə də onun gözlərindən çıxırdı.

Yenə də təəccüblü halda ona dedim:

-- Axı, sən uşaqsan. Necə pişiyə dönmək istəyirsən ? Bu mümkün deyil axı.

Yenə də gözlər danışmağa başladı;

-- Mən olduqca xoşbəxt bir pişik idim əslində. Günlərlə ac qalsam da, o həyatım mənə xoş idi. Amma mən bunun qiymətini bilmədim. Bəzi insanların varlı olması gözlərimi qamaşdırdı. Günlərlə özümə düz-əməlli  yemək tapa bilmirdim deyə, bir dəfə çay kənarında suya baxa-baxa dua etdim ki, insana çevrilim.

Mən insana çevrildim. Elə bilirdim ki, bundan sonra bütün işlər yaxşı olacaq. Amma insanların arasında daha çox bədbəxt oldum. Burada hamı mənə "pişikgözlu", "yekəbaş" uşaq deyir.  Insanlar bəzən əlində olanları bölüşməyə paxıllıq edirlər, bir-birini sevmirlər. Mən sevgisi az olan dünyada insan olmaq istəmirəm. Yenidən pişik olmaq istəyirəm.

Heyrət və təəccüb içində idim. Bütün bu dinlədiklərim başını çiyninə söykəyib dayanmış bu uşağın dilindən deyil, gözlərindən çıxırdı...

Istəyirsən dua et, əvvəlki vəziyyətinə qayıt, mən səni aparıb Hestonla birgə saxlayım...

Birdən havada fişənglər partladı sanki, göy üzündə qığılcımlar yarandı. Elə bil ki ulduzlar yerə endilər. Ulduzun biri skamyanın üzərinə düşdü, parçalandı , ətrafa nur parçaları səpələndi. Bir sehrli dünyada idim. Gözlərimi yumdum. Bir az belə dayandım...

Gözlərimi açanda skamyanın üstündə Hestonu gördüm. Aman Allahım, demək ki, Heston insan olmaq istəyib. Bu qədər bənzərlik necə olsun axı?... Çox sevindim ki, yenidən pişiyim insan olmaq halından geri döndü. Onu qucağıma almaq istəyirdim ki, birdən ayağım sürüşdü. Mən büdrədim və yerə yıxıldım.

Güc toplayıb yerdən qalxanda, özümü çarpayımın, Hestonu isə, tumbanın üzərində gördüm. Mən yuxu görmüşdüm. Indi yuxuda deyil, gerçək həyatda Hestonu qucaqlayıb, tumarladım...

--Sən heç vaxt insan olma, həmişə mənim gözəl pişiyim ol, dostum ol, dedim...

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.