Səssizliyin səsi – ESSE Featured

 

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Yuxuya dalıram. Yatacağımı düşünərək. Sakitlikdir. Soyuq bir qış gecəsi. Çöldə aram-aram qar yağır. Hər tərəf getdikcə ağarmağa başlayır. Təbiət öz yeni libasını geyinərək ağ örpəyə bürünür…

 

Otaqda soba yanır. Ocağın səsindən savayı başqa bir səs yoxdur. Mən isti yatağımda uzanıb yatmağa çalışıram. Yalnızam. Nə bir səs eşidilir, nə də pəncərədən bir işıq süzülür. Məni narahat edən heç bir şey yoxdur. Amma yata bilmirəm.

Gözlərimi yumuram. Təkrar cəhd edib yatmağa çalışıram. Heç nə dəyişmir. Sanki bir şey mənə əngəl olur — yarım qalmış sözlərin fəryadı kimi. Daxilimdə pıçıldayan səslərin mənə anlatmaq istədiyi nələrsə olduğunu hiss edirəm. Səssizliyin içində bunları daha aydın duyuram. Ruhum danışmaq istəyir. Mən isə özümü arada hiss edirəm. Nə etmək istədiyimi bilmirəm.

Mən sükutun içində tək olduğumu düşünürdüm. Amma səssizlik təklik yox, daha çoxluq imiş. Başa düşdüm ki, mən qaçdığım, üzləşməkdən qorxduğum öz həqiqətlərimlə üz-üzə qalmalıyam. Bu dəfə yuxuya yox, özümə dalmalıyam.

Və ilk dəfə qorxmadan pıçıldayıram:

—Danış, ruhum… nə demək istəyirsən?

Hər şey bir anlıq daha da dərinləşir və ruhumun səsi astaca içimdən süzülür.

 

“Ədəbiyyat və incəsənət”

(26.01.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.