İnsan varlığının ən böyük sualı qarşısında duran hər kəs üçün bir düşüncə… Featured

Nail Zeyniyev, “Ədəbiyyat və incəsənət”

 

Ölüm haqqında düşünmək – bu, ən qədim və ən dərin fəlsəfi axtarışlardan biridir. Bəşəriyyət tarixində şairlər, filosoflar, mütəfəkkirlər bu sirli qapının arxasında nə olduğunu anlamağa çalışıblar. Kimisi qorxu ilə baxıb bu mövzuya, kimisi isə onu həyatın təbii davamı, hətta bir azadlıq kimi qəbul edib.

 

Aşağıdakı sətirlərdə ölüm nə qorxunc bir son, nə də qaranlıq bir məchul deyil. Əksinə, o, yorğun ruhun dinc limanı, təslimiyyətin gözəlliyidir. Burada ölüm metafizik bir keçid, dünyanın ağırlığından azad olmaq, həqiqəti görmək anıdır.

Bəlkə də biz ölümündən qorxduğumuz şey əslində bizim xilas yolumuzdur? Bəlkə də həyat boyu daşıdığımız yüklər, narahatlıqlar, qorxular məhz o "qəfil rahatlıq" anında arxada qalacaq?

Gəlin, bu sətirlərdə ölümlə mənim baxışımla nəinki son, həm də bir başlanğıc kimi tanış olaq.

 

Ölüm... o qapı, o qəfil, o səssiz dəvət.

Nə qorxu var, nə də şiddət,

sadəcə dinclik, yorğun bir təslimiyyət.

Sanki illərlə gəzdiyin çınqıllı yoldan sonra,

ayağını basdığın ilk yumşaq yataqdır.

Ora çatmamış içində bir hay-küy, bir narahatlıq..

Qəfil bir rahatlıq..

Sənin olmayan nə varsa, qalır arxada;

Dünənin yükü, sabahın qorxusu,

insanların səsləri, sözləri,

sevdiyinin aydan parlaq gözləri.

Ruhun yüngülləşir, qəfəsdən çıxır.

Çıxır buludlardan dünyaya baxır.

Artıq soyuq deyil, qaranlıq da yox.

Yalnız bir bütünlük, bir tamamlanma hissi.

Gözlərin yavaşca yumulur,

amma ilk dəfədir ki, həqiqəti görürsən.

Əslində yaşayanda da hər gün ölürsən.

Biz ora gedənə qədər həyatla mübarizə aparırıq,

əslində isə o, əbədi bir limandır.

Qaçılmaz, mübahisəsiz, sakit.

Ən böyük səyahətin son dayanacağı.

Qayıdırıq başladığımız o sirli nöqtəyə...

 

“Ədəbiyyat və incəsənət”

(26.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.