Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Növbəti ekspress-sorğudayıq. Sualımız belədir: “Ən çox kim olmağı sevirik?”
Həyatımız boyu müxtəlif kimliklərə bürünürük. Kimi üçün valideyn – ata və ya ana, kimi üçün bacı və qardaş, kimi üçün həyat yoldaşı, kimi üçün övlad, kimi üçün dost, kimi üçün isə tanış oluruq. Bir çox kimliyimiz olur: yazıçı, müəllim (peşə kimliyi), oxucu, rəhbər, işçi, tələbə. Amma bəs özümüz ən çox kim olmağı sevirik?
FATİMƏ MƏMMƏDOVA
Həyatımız boyu müxtəlif kimliklərə bürünürük. Bəzən birinin övladı, bəzən birinin bacısı, bəzən dost, bəzən tələbə, bəzən də sadəcə susan bir insan oluruq. Bəzən birinin gözündə kinli, bəzən ən mehriban insan olmuşam, bəzən küsəyən, bəzən tez barışan olmuşam. Bu həyatda hər biriniz kimi mən də hərənin gözündə başqa biri olmuşam. Hər gün üzərimizə başqa-başqa rollar geyindirilir, pis halda olduqda yaxşı görünməyə çalışırıq və zamanla o rollar bizi tanıdır. İnsanlar bizi bu kimliklərlə çağırır, bu adlarla xatırlayır. Bayaq deyib- güldüyümüz Fatimə indi hara getdi? , bax onda cavab tapa bilməyəcəklər. Hər zaman özümə doğma bildiyim xatirəli yerə getdim. Fatimə çox kinlidir... Bax bunda da səhv deyəcəklər. Fatimə, həssasın. həssasıdır. Fatimə çox tənbəldir deyəcəklər. Amma mən bilirəm ki, dayanmadan işləməyi sevən insanam. Amma bütün bu kimliklərin arasında bir sual var ki, onu hər kəs öz-özünə verməyə cəsarət etmir. Düzünü desəm, mən də bu zamana qədər bu sualı özümə verməmişəm : biz ən çox kim olmağı sevirik???
Mənim üçün bu sualın cavabı bəlkədə tək deyil, çoxdur. Çünki uzun müddət başqalarının məndən gözlədiyi kim olmağa çalışmışam. Yaxşı övlad olmağa, incitməyən bacı olmağa, sakit, uyğunlaşan, kiminsə xətrinı dəyməkdən qorxan biri olmağa, “olmalı olduğu kimi” davranan biri olmağa…
Bəzən bu rolların altında öz səsimi itirmişəm. Danışmaq istədiyim halda susmuşam. Susmuşam, amma bu susqunluq gücdən yox, yorğunluqdan olub. Bəzən məni başa düşməyən insanları başa düşməyə çalışmışam. Manipulyasiya olunduğumu sonradan anlamışam. Dəyərsiz dostluqlar üçün çox vaxt itirmişəm, məni həqiqətən sevənlərlə məni sadəcə istifadə edənləri ayırd edə bilmədiyim vaxtlar olub.
Bəzən bir “qal” sözünə qalmışam, bəzən bir “getmə” demədilər deyə ağlımdan qalmışam. Ən çox da dəyərimi görmədiyim yerlərdə qalmaq məni incidib. Amma bütün bunlara baxmayaraq, mən ən çox vicdanlı insan olmağı sevdiyimi anladım. Hər nə qədər pislik görsəm də, bağışlamağı seçən biri olmağı sevdim. Kin saxlamaq mənlik olmayıb. Sadiq olmağı sevdim, bir zamanlar ən sevdiyim müəllimin ən sevdiyi tələbəsi olmağı sevmişəm. Bəlkə də buna görə çox incimişəm, amma yenə də bu xüsusiyyətimdən geri dönməmişəm, dönmək də istəməmişəm.
Mən ən çox yazan insan olmağı sevirəm. Məndə yazmağa həvəs gətirən universitet müəllimim, iş yoldaşım Kənan müəllimim olub. Bəzən həvəssiz olmuşam, o məni ruhlandırıb. Hətta ilk dəfə redaksiyada məni görəndə dedi " Fatimə, sən jurnalist olmağı istəmisən , yoxsa bura sadəcə balın çatıb? Və ilk dəfə həvəslə onun yanında yazmışam. Müsahibə yazmışam, açıqlama yazmışam, xəbər yazmışam. Mən ən çox istəyimə çatmağı sevmişəm. Çünki yazı məni gizlətmir, əksinə açır. Hər boş olduğum vaxtda yazmışam , dəftərə , telefona...Orada nə rol var, nə maska. Özüm özümlə danışmışam çünki. Mən jurnalist olmağı sevmişəm, çünki insanları dinləməyi, onlara məlumat çatdırmağı sevmişəm. Həqiqəti sadə dillə deməyi, görünməyənləri görünən etməyi sevmişəm.
Mən ən çox anlayan insan olmağı sevirəm. Hiss edən, empatiya quran, bəzən həddindən artıq düşünən və sonda qənaətə gələ bilən. Həssas olmağın zəiflik sayıldığı bir dünyada, bu həssaslığımı qorumağı seçmişəm. Və bəlkə də ən saf kimliyim olan 4 ildir ən sadiq dostumun- itimin sahibi olmağımı sevməyimdir. Sözsüz sədaqəti, qarşılıqsız sevgini, məni olduğum kimi qəbul edən bir canı sevmək…
Ən çox kim olmağı sevirik? Bütün bu fikirlərin arxasında yatan cavabım budur:
Özünü itirməyən insan olmağı. İncinsə də vicdanını itirməyən, ağlasa da daşlaşmayan, özünü çox tərifləməyən, hər nə olursa olsun yaxşı qalmağa çalışan insan olmağı. Çünki insan ən çox özü olanda həqiqidir.
Və həqiqət ən rahat kimlikdir. Mən ən çox bunu sevmişəm.
“Ədəbiyyat və incəsənət”
(19.01.2026)


