Bu gün “Ədəbiyyat və incəsənət” portalının Tələbə yaradıcılığı rubrikasında sizlərə Ağdam Dövlət Sosial-İqtisad Kollecinin tələbəsi Gültəkin Məmmədovanın “Xaraba xəyallar” adlı hekayəsi təqdim edilir. Mistik bir hekayədir.
Salam, mənim adım Ayladı, 20 yaşım var və universitetdə oxuyuram. Sizə öz hekayəmi danışmaq istəyirəm. Hər şey universitet illərindən başlamışdı. Kənddə böyümüşdüm, birdən-birə şəhərə gəlmiş, orada yeni insanlar, yeni mühitə düşmüşdüm. Oraya adaptasiya olmaq mənim üçün bir az çətin idi, ancaq etməli idik, öyrəşəcəkdik.
Bir gün dərs çıxışı bizim və universitetdəki başqa fakültənin uşaqları bir yerə gedib əylənmək istədilər. İçlərindən bir oğlan mənə: — Ayla, sən də gəl, bir az əylənək, — dedi.
Mən onu tanımırdım, o isə məni adımla səsləyirdi. Digər qızlar isə:— Boşuna ağzınızı yormayın, o gələn deyil, — dedilər.
Sanki içimdən bir şey mənim əvəzimə “yox” demədi, “gəlirəm” dedi. Hamısı “o nə yaxşı, əla” dedilər. Getdik, əyləndik. İlk dəfə idi belə bir ortamda idim.
Mənə gəlməyimi təklif edən həmin oğlan mənə yaxınlaşaraq adının Murad olduğunu dedi və:— Ayla, bura gəlməyinə sevindim, — söylədi.
“Hə, çox qəribə olsa da, çox sağ ol” dedim.
— Ayla sənə demək istəyib də çəkindiyim bir mövzu var, — söylədi.— Buyur, Murad, — dedim.
Məndən xoşu gəldiyini, amma bunu eiraf etməyə indiyədək cəsarət duymadığını bildirdi, əslində universitetdə və universitetdən kənar çox rastlaşdığımızı, kitabxanada, mənim ən sevdiyim balaca, amma sakit bir kafedə də məni gördüyünü dedi. Ən əsası isə, mənim kirayədə qaldığım binanın yanındakı binada qaldığını, lakin mənim ona əsla fikir vermədiyimi söylədi.
Çox qəribə idi. Yəni bu qədər rastlaşmışdıq, ancaq heç fikir verməmişdim deyə bu qədər şeyi bilməsi çox qəribə idi. Heç nə demədim. Gün bitdi, onunla evə bir getdik. Mənə qaldığı binanı göstərdi. O binada qalan bəzi tələbələri tanıyırdım, çünki bəzən bir avtobusla gedib-gəlirdik. Ancaq Muradı ilk dəfə idi görürdüm.
Sağollaşdıq, sabah bir də gedərik deyə danışdıq. Beləcə 1 ay keçdi və artıq məndən bir cavab istədiyini dedi. Mən isə “hə” dedim. Belə-belə daha da yaxınlaşdıq. Bir gedir, bir gəlirdik. Sevdiyim kafedə oturur, mən kitab oxuyur, o isə saatlarla mənə baxırdı.
Amma anlam verə bilmədiyim dərəcədə onun yanında həm xoşbəxt idim, həm də çox qəribə bir hiss var idi içimdə. Xeyir, sevgi deyil, tedirginlik, həyəcan, qorxu hissi kimi… Bəzən elə danışırdı, danışdıqları bütün bədənimə qorxu salırdı. Elə davranırdı, sanki robotdur. Elə baxırdı ki, baxışlarında dərinliyə batırdım, ucu-bucağısız bir bataqlığa.
Ancaq günü-gündən sevgim də çoxalırdı. Artıq onsuz yemək belə yemir, su içmir vəziyyətə gəlmişdim. Hər kəslə bağımı kəsmişdim, valideynlərimlə belə. Sanki hər an hər kəs bizi ayıra, zərər verə bilər deyə.
Tam-tamına 6 ay idi birlikdə idik, amma o 6 ay mənə 6 il kimi gəlirdi…
…Bir gün Murad məni yığıb ailəsi ilə tanış etmək istədiyini dedi. Çox sevinmişdi, razılaşdıq. Səhər məni də götürüb evlərinə getdi.
Şəhəri çıxmışdıq, balaca bir kənd idi. Yollar ala-toranlıq olduğu üçün yolları tam görə bilmirdim. Ancaq yol kənarında yıxılmış bir-iki ağac və köhnəlmiş yol nişanı var idi. Evə çatdıq. Çox gözəl qarşıladılar. Anası, atası, bir də balaca bacısı var idi. Çox gözəl süfrə açmışdılar. Evdən qəribə qoxu gəlirdi, amma “hər evin öz qoxusu olur” deyib yola verdim.
Tanış olduq ailəsi ilə, şən idilər. Bacısı isə qəribə idi, çox əcaib baxırdı mənə. Murada:— Bacın məni xoşlamadı, — dedim.
— Yox, o sadəcə tanımadığı insanlara elə davranır, — dedi.
Məntiqli idi, razılaşdım. Artıq gec idi, qalxdıq. Qapı ağzında ayaqqabımı geyərkən anasının ona “az qalıb hər şeyi həll et” dediyini eşitdim.
Gəldi, “gəl, gedək” dedi. Çıxdıq yola.
— Anan nəyə az qalıb dedi? İstəmədən eşitdim, — dedim.
— Heç, məktəbi bitməyinə az qalıb, onu deyir, — dedi.
“Yaxşı” deyib razılaşdım. Evə çatdıq. Sabah mənimlə bir şey danışacağını dedi. “İndi danışaq” dedim. “Sabaha qalsın, rahat danışaq, indi yorğunuq” dedi. Buna da razılaşdım. Çünki mədəm çox pis ağrıyırdı və ürəkbulanma var idi.
Evə getdim və nə yemişdimsə qaytardım. Yerimə uzandım. Səhərə kimi həyəcanla yata bilmədim. Görəsən valideynləri nəsə dedi, məni bəyənmədilər? deyə düşündüm.
Səhər oldu, hər zamankı kafedə görüşdük. Mənə məni necə sevdiyini dedi və “sadəcə bunu demək istəyirdim” dedi. Çox qəribə davranırdı.
— Danış, valideynlərin qoymur? Hə, bəyənmədilər? — soruşdum.
— Elə bir şey olmadı, əksinə, bəyəndilər, evlilik planları qurduqlarını bildirdilər, — dedi.
Üzüm güldü, sevindim, onu qucaqladım və “mən də səni sevirəm” dedim. Vaxt keçirdik, evə getdik, telefonla danışdıq. Məni yığacağını dedi və sağollaşdıq. Gözləyə-gözləyə yuxuya qaldım.
Səhər durdum, yığdım, açmadı. Yazdım, baxmadı. Kirayə qaldığı mənzilə getdim, orada elə birinin olmadığını dedilər. Donub qaldım. Özümü toparlayıb sağollaşdım. Evə getdim, ürəyim partlayırdı, sıxılırdım. Uşaqlardan soruşdum, inanılmaz bir şey söylədilər, onunla əlaqələri olmadığını, heç tanımadıqlarını, əylənməyə getdiyimiz gün birdən-birə ortaya çıxdığını dedilər.
Şok içində idim. Artıq dözə bilmədim, ala-toran yadımda qalan kəndlərinə getdim. Yenə həmin ağaclar və yol nişanları var idi. Taksi sürücüsü buranın yollarını yaxşı tanıdığını dedi. Əslində biz gələndə yollar yaxşı idi, sanki qazılmışdı indi. Az qaldığın deyib, bir az sürətlə sürməyi xahiş etdim.
— Mən neçə ilin taksisiyəm, burada kənd deyə bir yer yoxdur, qızım, — dedi,— Səhv gəlmisən yəqin.
— Yox, əminəm, əminəm, — dedim.
Bir az da getdikdən sonra həmin yerə çatdıq, ancaq kənd deyə bir şey yox idi. Xarabalıq, uçmuş evlər, dağınıq yol və qarşımda bir həftə bundan qabaq oturub yemək yediyim ev torpaq, toz içində, uçuq vəziyyətdə idi. Dünyam başıma yıxıldı. Nə yaşadığımı anladım. Orada huşumu itirdim.
Gözlərimi xəstəxana açdım. Uşaqlar yanımda idi.
— Zəngdə axırıncı bizi yığdığın üçün bizə zəng etdilər, səni xəstəxanaya gətirdiklərini dedilər. Biz də uşaqlara deyib sənin yanına gəldik, — dedilər.
Zəhra söylədi:
-O gün sən bizdən Murad haqqında soruşanda mən məktəbdən bir neçə uşaqla Muradı maraqlandım, hətta bir neçə müəllimlə də. Məktəbdə Murad adında birinin olmadığını dedilər. “Yəqin ki, çox Murad var, səhvlik olub” dedim. Muradı ilk gördüyümüz gün, əyləndiyimiz gecə çəkdirdiyimiz şəkli göstərmək istədim. Ancaq şəkildə Muradın olduğu hissədə üzü aydın görünmürdü, kölgə düşmüşdü. Yenə də göstərdim ancaq şəkildən belə onu tanıyan olmadı zatən şəkildə üz belə düşmürdü.
Xəstəxanadan çıxdıq. Artıq 3–4 gün idi heyatdan soyumuş halda sadəcə yatırdım. Qapı döyüldü, açmadım, ancaq dayanmadan döyüldüyü üçün məcbur açdım. Zəhragil idi.
— Muraddan xəbər var? — soruşdum.
— Yox, amma başqa məlumatımız var, gəl otur, — dedilər.
Oturduq.
— Sənin dediyin kəndə getdik, ancaq dağıntılı bir ərazidən başqa heç nə olmadığından, yaxınlıqdakı 30–35 dəqiqəlik məsafədə olan kəndə gedib məlumat aldıq. Elə bir kəndin olduğunu, lakin həmin kənddə illər öncə yaşanan qəribə hadisələrdən, problemlərdən, ölümlərdən, itkilərdən sonra çox az sayda qalan insanların da oranı tərk etdiyini öyrəndik, — dedilər.
Susqun oturmuşdum. Mən nə yaşamışdım? Murad kim idi? Bunlar nə idi? Mən hara getmişdim? Görüşdüyüm kimlər idi? O balaca qızın mənə niyə elə baxdığını, evin qəribə qoxusunu, yediyim mədəmə ağır düşən dadsız yeməyi, Muradın yanında xoşbəxt olsam da, yenə bilmədiyim o qorxunu indi anlayırdım.
Mən yoxdan var yaşamışdım. Mən… mən bu neçə ayda heç yaşamamışdım ki. Onun varlığını inkar edə bilmirdim; çünki bunu görən tək mən deyildim. Amma varlığını sübut edəcək heç bir iz də yox idi. Sadəcə susdum, qəbul etdim. Muradla yaşananlar, onunla qurulan xəyallar, gələcək planları, ailəsi ilə etdiyimiz söhbətlər… Hamısı elə onların xarabalıq kəndi kimi xarabaya döndü, viran qaldı
***
Üstündən illər keçib, amma bəzən hələ də onu hiss edirəm. Yanımda olduğunu, gəldiyini…
Necəmi? O evlərində hiss etdiyim qoxu gəlir burnuma — çox ağır, burun sızladan bir qoxu. Qoxu insanın yaddaşında qalan, zamana tabe olmayan yeganə izdir.
“Ədəbiyyat və incəsənət”
(19.01.2026)


