Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Növbəti ekspress-sorğudayıq. Sualımız belədir: “Ən çox kim olmağı sevirik?”
Həyatımız boyu müxtəlif kimliklərə bürünürük. Kimi üçün valideyn – ata və ya ana, kimi üçün bacı və qardaş, kimi üçün həyat yoldaşı, kimi üçün övlad, kimi üçün dost, kimi üçün isə tanış oluruq. Bir çox kimliyimiz olur: yazıçı, müəllim (peşə kimliyi), oxucu, rəhbər, işçi, tələbə. Amma bəs özümüz ən çox kim olmağı sevirik?
Kübra Quliyeva:
Məncə insan ömrü boyu saysız kimliklərə bürünür. Övlad olur, dost olur, tələbə olur, işçi olur, bəzən güclü, bəzən susqun olur. Amma bütün bu adların arasında insanın ən çox sevdiyi bir hal var — adı olmayan, amma yaddaşın ən dərin yerində yaşayan bir hal.
Mən ən çox babamın balaca nəvəsi olduğum halı sevirəm.
Həyatın hələ ağır gəlmədiyi, dünyanın təhlükəli yox, sadəcə maraqlı göründüyü vaxtları. Babamgildə onunla xatirələrin bölüşüldüyü, bir süfrə arxasına geniş ailənin yığışdığı günləri. Divarları səsimi tanıyan, pillələri addımlarımı əzbərləmiş bir uşaqlıq… Orada mən sadəcə nəvə idim, izah etməli olmayan, qorunmalı olan biri.
Səhərlər yuxudan durub ayaqyalın hamama getdiyim, əl-üzümü buz kimi su ilə yuyarkən içimdə “sonra nə olacaq?” sualı olmadan yaranan o saf, ümidli halı sevirəm. O vaxt gələcək qorxulu deyildi, zaman tələsmirdi, həyat məndən nəsə tələb etmirdi. Babamın varlığı dünyanın düzənini təkbaşına saxlayırdı sanki. Mənim borcum sadəcə uşaq olmaq idi.
Avtobusda məktəbli qızların “bacıya bax, çox gözəl olub” dediyi halımı sevirəm.
“Off, necə kökəlmişən” deyib, ardınca “əşi, acam, üçgünlük dünyadı” deyərək gecənin bir aləmində yemək yediyim halımı da. Çünki o anlarda özümə qarşı sərt yox, anlayışlı oluram.
Kitab oxuyanda bir qəhrəmanla birlikdə macəralara atıldığım halımı sevirəm.
Atamı-anamı qınamağın yox, artıq onları olduğu kimi qəbullanmağın vaxtı olduğunu dərk etdiyim halımı. Bu anlayışın içində bir az kədər, bir az da böyümək var.
Ən doğma rəfiqəmin yanında dərd ediləcək şeylərə gözümdən yaş axana qədər güldüyüm halımı sevirəm.
Hər şəfəqdə və hər qürubda bir mənzərə axtardığım, səmanı seyr edərkən özümü sakitcə topladığım halımı.
Mən pişiklərlə oynadığım halımı sevirəm — baxmayaraq ki, onlara allergiyam var.
Balaca, tüklü heyvanlardan qorxduğum halımı da sevirəm, çünki o qorxu hələ uşaq qalmağı bacardığım yerlərdən biridir.
Yaşlı insanlarla dolu-dolu söhbətləşdiyim, onların xatirələrində özümə yer tapdığım halımı sevirəm. Çünki bəlkə də babamı ən çox oralarda, onların səsində, baxışında axtarıram.
Və ən çox da —
özümü bütün bu hallarımla birlikdə qəbullandığım halımı sevirəm.
Çünki insan ən çox mükəmməl olduğu anları yox,
itirmədiyi uşaqlığını daşıya bildiyi halı sevir.
“Ədəbiyyat və incəsənət”
(14.01.2026)


